cimerlik

Çimərliyə gedərkən çantanızda nələr olmalıdır?

Baxış sayı: 654

Qanınızın qaralmaması üçün dənizə getməzdən əvvəl mütləq hazırlıq görülməlidir. Bu yazıda sizə təqdim etdiyi siyahıda dənizdə sakit istirahət etmək üçün mümkün olan əşyaların adı var.

Dənizə gedərkən yanınızda mütləq götürməli olduğunuz ləvazimatlar

Çimərlik paltarı. Hər yaşa və hər kəsin zövqünə uyğun, özünüzü rahat hiss edə biləcəyiniz dəniz paltarlarını çantanızdan əskik etməyin. Günəş kremi, gen şort, tərlik, getdiyiniz yer çınqıllısa dəniz ayaqqabısı, palet (ayaqaltlığı), hovuz üçün dəst (papaq və gözlük), dəsmal, nəmləndirici krem və dəniz yatağı.

İndi isə ləvazimatlara aydınlıq gətirək:

 

Dəriyə qulluq vasitələri

Dərini günəşin zərərli şüalarından qorumaq, erkən yaşlanma əlamətlərinin və günəş ləkələrinin qarşısını almaq üçün çimərliyə gedərkən mütləq üz və bədən üçün qoruyucu faktorlu günəş kremi almaq lazımdır. İstifadə edəcəyiniz krem ən azı 15 SPF, uşaqlar üçün 30 SPF olmalıdır. Bundan əlavə, mütəxəssislər günəşin ultrabənövşəyi şüalarının yer səthinə daha çox yayıldığı  10.00 – 16.00 arası günəşə çıxmamağı məsləhət görürlər. Dodaqların çatlamaması və qurumaması üçün isə ən azı 15 SPF və ya daha yüksək qoruma faktorlu dodaq boyasından  istifadə etmək məsləhət görülür.

Günün sonunda isə dərinin aşınmaması və qabıq qoymaması üçün tərkibində Aloe-Vera olan losyonlardan çəkmək lazımdır.

Orqanizmi günəşin zərərli təsirindən qorumaq üçün günəş çətirlərindən də istifadə etmək mümkündür.

Gözləri günəşdən qorumaq üçün günəş gözlüyü, üzü qorumaq üçün isə geniş kənarlı şlyapa almağı da unutmamaq lazımdır.

Bundan başqa hər ehtimala qarşı yanınıza mütləq sarğı bezi, antibiotik krem və digər lazımlı ləvazimatlardan ibarət olan tibb çantasının da olması faydalı ola bilər.

Çimərlik üçün asan daşınan və qatlanan oturacaq getdiyiniz yerdə istirahətinizin daha yaxşı və sakit keçməsi üçün vacib ləvazimatlardan biridir.  Beləliklə getdiyiniz yerdə sıxlıq olarsa, asanlıqla sakit bir yerdə istirahətinizi davam etdirə bilərsiniz. Oturacaqda qaralmaq, günəşlənmək istəməyənlər özlərilə həsir də götürə bilərlər.

Uşaqlarla birgə dənizə gedənlər

Uşaqlar üçün qum oyuncaqları dəsti, qum ləvazimatları sizin rahat istirahət etməyiniz üçün mütləq şərtdir. Beləcə həm uşaqlar, həm də böyüklər dənizdən həzz ala biləcəklər. Həm də uşaqlar yanınızdan ayrılmayacaq.

Uşaqlar üçün də qoruyucu papaqlardan, şlyapalardan, gözlüklərdən, dəniz  üçün jiletlərdən istifadə etmək lazımdır. Xovlu dəsmallara gəldikdə  isə 2-3 dəst  götürmək lazımdır. Çünki dəcəl uşaqların hər an üst-başlarını islatma təhlükəsi daha çoxdur.

Bütün günü açıq havada dəniz kənarında əyləncəli vaxt keçirən uşaqların sağlamlığını da düşünmək lazımdır. İçməli su, uşaqlar üçün təhlükəsiz qidaları da götürməyi  unutmamaq lazımdır.
Dəniz qırağında axşamlar havalar bir az sərin olur. Bunun üçün ailənin bütün üzvlərinə uyğun dəyişəcək paltarları da yanlarında götürməyi unutmamalıdırlar.

Dənizdə keçirdiyi hər anı əbədiləşdirmək istəyənlər isə fotoaparatı da çantalarından əskik etməməlidirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir