fidan

Çində təhsil alan həmyerlimiz: “Burda alış-veriş mərkəzlərinə gecə geyimində gələn adamlara rast gəlmək mümkündür”

Baxış sayı: 3. 125

“Gencaile.az” saytının ölkə xaricində təhsil alan azərbaycanlıları tanıtdığı “Tələbə bileti” rubrikasının budəfəki qonağı Çin Xalq Respublikasının  Soochow universitetində Çin dili ixtisası üzrə təhsil alan Fidan Qasımovadır.

 

– Necə oldu xaricdə təhsil almaq qərarına gəldiniz və ən əsası niyə Çini seçdiniz?

Azərbaycan  Respublikası Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasında təhsilimin  2-ci ilində akademiyada  Çinli müəllimə tərəfindən Çin dili kursunun keçirildiyini öyrəndim və dostumla Çin dilini öyrənmək qərarına gəldik. Əvəllərdə sadəcə hobbi kimi,y əni sadəcə əlavə bir dil öyrənmək məqsədiylə başlasaq da, öyrəndikcə bu dilə və Çin mədəniyyətinə marağım çox artdı. Daha sonra isə müəlliməmiz beynəlxalq Çin dili səviyyə imtahanı verib sertifikat əldə etsək, Çində təhsil almaq şansımız olacağını. dedi. Bundan sonra dərsələrimizə və imtahana ciddi şəkildə hazırlaşdıq və sözügedən sertifikatı əldə etdik. Artıq 5 aydır ki, Çindəyik.

 

– Adətən azərbaycanlı ailələr qızlarının evdən çox uzaqlaşmasını istəmir. Sizin ailənizin xaricdə təhsil almağınıza münasibəti necə idi?

Mən ailəmə bu haqda dediyim ilk vaxtdan onlar buna çox sevindilər və axıradək mənə dəstək oldular, Hətta onu da deyə bilərəm ki, anam mənim Çində təhsilimi məndən daha çox istəyirdi.

 

– Maraqlıdır, Çinə yollanmazdan öncə hansı təəssüratlarınız var idi və orda olduğunuz müddətdə bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

Bu dili öyrənməzdən əvvəl çinlilərin bu qədər səmimi, mehriban və ən əsası da belə qayğıkeş millət olduğunu bilmirdim. Hansı ki,müəlliməm də elə idi. Amma çinə gələndən sonra bunun əyani şahidi oldum. Həmişə insanlara, ən əsas da xaricilərə qarşılıq gözləmədən kömək etməyə çalışırlar və bunu edirlər. İndi Çini ikinci vətənim kimi sevirəm.

 

–  Təhsilin keyfiyyəti necədir? “Hörmət” edib qiymət almaq təcrübəsi var?

Təhsilin keyfiyyəti ç ox yaxşıdır.  Bunu öz təcrübəmdən deyirəm. Hazırda burda təhsil aldığım 5 aydır və dil biliyimdə çox inkişaf  var. “Hörmət” – bu hal ilə heç vaxt qarşılaşmamışam və olmadığını düşünürəm.

 

–  Ümumiyyətlə, təhsil aldığınız ölkədə tələbə-müəllim münasibətləri hansı səviyyədədir?

Müəllimlərimiz  bizə qarşı çox mehriban və sözün əsl mənasında qayğıkeşdirlər. Dili yaxşı öyrətməyə çalışırlar , bunun üçün kifayət qədər zəhmət çəkirlər- hər gün ev tapşırıqları verir, onları yoxlayıb qiymətləndirilər.

fidan 4

– İlk baxışdan Çin ilə Azərbaycan arasında xeyli fərqlər var. Onlarla hansı dəyərləriniz ortaqdır, hansıları isə hələ ki, qəbul edə bilmirsiniz?

Mən də əvvəllər fərqlərin çox olduğunu düşünürdüm, amma  bu fərq çox da böyük deyilmiş. Fərqlər  yeməklərdə və  adətlərdədir. Oxşar cəhətlərə gəlincə, Azərbaycan xalqı kimi mehriban,  qayğıkeş,  qonaqpərvər olmaları, övladlarına çox bağlı olmalarını və s kimi göstərmək olar.

 

– Bizim mətbəxlə Çin mətbəxi arasında ciddi fərq var. Məsələn, it əti, pişik əti, müxtəlif  həşəratlar yeyilir. Yemək məsələsi sizin üçün nə qədər çətindir?

Bəli,  bir az çətin olan məsələ yeməkdir. İt əti,pişik əti çox az bölgələrdə yeyilir, amma həşəratı çox yeyirlər. Ancaq mən onları heç yeməmişəm, cəhd belə edə bilmərəm. Amma digər bizim yediyimiz ətlərdən olan yeməkləri yeyirəm. Onu da deyim ki, Çində çox yeyilən ətlərdən biri də donuz ətidir. Hər getdiyimiz restoranda donuz əti yemədiyimizi onlara deyirik.

 

– Azərbaycanlı və çinli gənclərin həyat tərzi çox fərqlidirmi?

Çinli gənclərin əksəriyəti ailələrindən uzaqda, Çinin başqa şəhərlərində oxuyurlar və nəticədə gənc yaşlarında öz ayaqları üstündə durmağı bacırırlar.  Düzdür, yenə də valideynlərin də köməyi olur təbii ki. Valideynlərdən uzaq yaşarkən çox çətinliklərə öyrəşirsən, hər çətinlikdən tək başına çıxırsan və bu səni daha möhkəm edir.

 

– Çinliləri bir-birinə çox bənzəyirlər. Bununla bağlı problem yaşayırsınızmı?

– Bəli, çətinliklər olur bəzən. Əsas da o qədər də yaxından tanımadığın şəxs olduğu zaman. Bəzi çinlilərlə qarşılaşanda hansı tanışım olduğunu müəyyənləşdirə bilmirəm.  Amma yaxından tanıdığım olanda ayırmaq elə də çətin olmur.

fidan 6

– Çinin bəzi əyalətində bakirə qız uşaqlarının sidiyində qaynadılan yumurtanın ləzzətli yemək sayılması, polis itlərinin yerini sürətlə ördəklərin tutması, “Playstation” sahibi olmağın Çində qeyri-qanuni hal sayılması, ordusundakı əsgərlərin başlarını daim dik tutmaq üçün mundirlərində boğazlarının altına iynə yerləşdirilməsi kimi ağlasığmaz faktların olduğu ölkədə sizi hansı məqamlar təəccübləndirib?

– Ağlıma  insanları çox təəccübləndirici bir şey gəlmir, amma yenə də nələrisə deyə bilərəm. Sizə nə dərəcədə maraqlı gələcəyini isə bilmirəm (gülür-T.M.) Burda alış-veriş mərkəzlərinə gecə geyimində gələn adamlara rast gəlmək mümkündür. Hətta bir neçə dəfə ailəlikcə gecə geyimində alış-veriş mərkəzinə gələnlərlə də rastlaşmışam. Balaca uşaqların əksəriyyətinin şalvarının arxası açıq olur. Uşaq bezini rahat dəyişmək üçün belə edirlər. Günorta və ya axşam  gəzintiyə çıxarkən, çox vaxt yaşlı nənə və babaların rəqsini görmək mümkündür. Demək olar yaxşı havada   hər gün onlar birlikdə rəqs edirlər.

 

-Çində də bizim kimi analar oğullarına qız seçməyə çalışır, yoxsa başqa dəyərlər hakimdir? Ümumiyyətlə, bizə bir qədər çinlilərin sevgi, nikah, evlilik ənənələri barədə danışa bilərsinizmi?

Elə olduğunu düşünmürəm.  Bu qərarı özləri verirlər. Çində sevgi barədə maraqlı cəhətlərdən biri çinli oğlanların sevdiyi qızların çantalarını götürməsidir. Məsələ çantanın ağır olmasında deyil, çanların əksəriyyəti çox kiçik, yüngül olur.  Bu onların sevgisini, diqqətini göstərir. Bura gəldiyim 5 aydır  deyə nikah və evlilik haqda isə hələ ki, geniş məlumatım yoxdur.

 

– Yeri gəlmişkən, çinliləri mehriban, qayğıkeş insanlar kimi xarakterizə edirsiniz. Maraqlıdır, çinli oğlanlar sizə evlilik təklif edirmi və ümumiyyətlə, belə bir təklif edilsəydi, necə reaksiya verərdiniz?

– Yox, evlənmək təklifi almamışam, ancaq tanış olmaq istəyənlər olur. Çinli oğlanla ailə qurmaq məsələsinə gəlincə, onu deyə bilərəm ki,  həm vətənimdən və ailəmdən uzaqda qala bilmərəm, həm də dinimiz və mədəniyyətimiz arasında xeyli fərqlər var deyə bu ölkədə ailə qurmağım real deyil.

 

– Ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, şübhəsiz ki, xaricdə təhsil alan tələbələrimizin də rolu əhəmiyyətlidir. Təbii ki, ən əsas məsələ Qarabağ problemidir. Bu istiqamətdə hansısa işlər görə bilmisinizmi?

Bəli, əlimdən gəldikcə ölkəmizi yaxşı şəkildə təmsil etməyə çalışıram, hətta burada 3 dəfə ölkələrin təqdimatında iştirak edərək Azərbaycan, Qarabağ haqqında məlumatların çatdırılması da daxildir.

 

– Ümumiyyətlə, Çin əhalisi ölkəmiz haqqında nə dərəcədə məlumatlıdırlar?

Təəssüf  ki, çoxunun hazırda Azərbaycan haqqında çox da məlumatları yoxdur.  Bəziləri sadəcə adını bilir. Ona görə də biz ölkəmizi yaxşı şəkildə təmsil etməyə çalışırıq.

fidan 5

fidan 2

fidan 7




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir