Cingiz İsmayilov

Çingiz İsmayılov: “Qonşumuzda bir qız var idi, ondan xoşum gəlirdi”

Baxış sayı: 183

Ömrünün çox hissəsini futbola həsr edib. Deyir ki, şəxsi həyatı, sağlamlığı həmişə ikinci planda olub. Sənətini o qədər sevib ki, onu futbolsuz təsəvvür etmək mümkün deyil. Elə uşaqlığında, gəncliyində-ömrünün hər anında futbol var. Amma bu dəfə həmsöhbətimizlə futboldan yox, şəxsi həyatından, uşaqlığından, ilk sevgisindən danışdıq. Müsahibimiz AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovdur.

“Yediyimiz soğan bozbaşı, kartof idi”

Həmsöhbətimiz 1935-ci ildə Bakıda anadan olub. Kasıbçılıqla böyüyüb. Müharibə dəhşətləri onun uşaqlığını, şıltaqlığını əlindən alıb. Deyir ki, həyat onu uşaqkən böyüdüb: “Məndən uşaqlığımı soruşanda nə danışacağımı bilmirəm. O zaman vəziyyət elə pis idi ki, boş vaxtımızı necə dəyərləndirəcəyimizi bilmirdik. Tək məşğuliyyətimiz var idi. O da futbol… Uşaqlar futbol oynamaq üçün səhər saat 9-dan axşama qədər növbəyə dururdular. Stadionun yanında hərbi xəstəxana var idi. Yaralananlar, xəstələr pəncərədən oturub bizim oyuna baxardı. Onlar bizim ilk tamaşaçılarımız idi. Müharibənin acısını dadmış adamlardan biriyəm. Uşaqlıq illərim müharibə dövrünə təsadüf edir. 5-6 yaşımdan küçə futbolu ilə məşğul olmuşam. O vaxt başqa əyləncə yox idi. Təsəvvür edin, evin bütün kişiləri müharibəyə getmişdi. Məhəllədə ancaq qadınlar və uşaqlar qalmışdı. Müharibə vaxtı çox çətin dövr idi. 300 qram qara çörək üçün saatlarla növbədə dayanırdıq. Amma bundan heç kim şikayət etmirdi. Yediyimiz soğan bozbaşı, kartof idi. Bu çətinliklərlə yanaşı, hamı mehriban və qayğıkeş idi”.

“Müharibə uşaqlığımızı əlimizdən aldı”
 
Müsahibimiz 8 uşaqlı ailədə böyüsə də, müharibə illərində hələ bacıları dünyaya gəlməyibmiş. 3 qardaş olub və evin mənəvi yükünü çəkiblər: “Ulu babam imkanlı adam olub. O, təxminən 1860-cı ildə Qala kəndindən Bakıya gəlib. Burada üç oğluna mülk tikib. Atam Məmməd İsmayılov “3-cü Beynəlmiləl” nəşriyyatında işləyib. Əvvəlcə mürəttib olub. 1923-cü ildən mətbəənin direktoru kimi çalışıb. Müharibə vaxtında Krımda yerləşən 216-cı diviziyada mətbəə direktoru olub. Sonradan almanların bombardmanı zamanı mətbəə dağılıb və atam Bakıya qayıdıb. 1943-cü ildə Cənubi Azərbaycana gedib. Onunla olan yazıçılardan Manaf Süleymanov “Oxuduqlarım, gördüklərim, eşitdiklərim”, Əli Vəliyev isə “Samovar tustülənir” kitabında atam haqqında xatirələrini yazıb. Müharibədən sonra da o, mətbəə direktoru olub. Ümumiyyətlə, bütün nəslimiz mətbəədə işləyib. Misal üçün, əmim Mirzəni 1947-ci ildə göndəriblər Almaniyaya ki, çap maşınları gətirsin. Qərbi Ukraynada cinayətkarlar onun getdiyi qatarın sonuncu vaqonunu ayırıblar və əmimi öldürüblər. Atam əsgərlikdə olduğu üçün məktəbə bir qədər gec, 10 yaşımda getmişəm. Müharibə səbəbindən biz uşaqlığımızı yaşamamışıq. Bacılarım 1942-ci ildən sonra dünyaya gəldi. Biz üç qardaş idik. Tək xanım üçün üç oğlan uşağı böyütmək asan məsələ deyildi. Amma müharibə bizi tez böyütmüşdü. Uşaq şıltaqlığımızı əlimizdən almışdı. Sözə qulaq asan idik. Başa düşürdük ki, atamız yoxdur, bir-birimizə mehriban olub, sıx bağlanmalıyıq. Anamın ən çox şikayəti futbolla bağlı olurdu. Həmişə deyirdi ki, gedib çəkmələrinizi cırırsınız. Paltarlarınızı kirlədib gəlirsiniz. Onun tənbehləri, danlaqları hələ də qulağımdadır”.

“Ya futbolla məşğul olun, ya da oxuyun”
 
Müsahibimiz deyir ki, atası onun futbolçu olmağını istəməyib. Atasına universiteti də oxuyacağına söz verdikdən sonra futbola davam edib: “Atam futbolçu olmağımın əleyhinə olub. Həmişə deyirdi ki, get oxu. Lakin sonda istəyimə çatdım. Atama söz verdim ki, həm oynayıb, həm oxuyacağam. 1955-ci ildə 199 saylı məktəbi bitirdim. Neft İnstitutunda oxumaq istəyirdim. Amma tale elə gətirdi ki, məni “Neftçi” klubunun təlim-məşq toplantısına dəvət etdilər. “Neftçi” komandasında oynamağımda Tofiq Bəhramovun rolu böyükdür. Tofiq Bəhramov mənim bədən tərbiyə müəllimim idi. Siniflər arasında voleybol, basketbol üzrə yarış keçirilirdi. Həmin yarışda qalib gələndən sonra bu yarışlar Bakı məktəbləri arasında keçirilirdi. Beləliklə, məni kəşf etdilər və komandaya götürdülər. Sənədlərimi indiki Azərbaycan Dövlət Neft Akademiyasına vermişdim. Lakin imtahanlardan qabaq sənədlərimi götürdüm. Həmin vaxt baş məşqçimiz Oleq Timakov idi. O deyirdi ki, ya futbolla məşğul olun, ya da oxuyun. Bəziləri futbolu atdılar. Sonra mənə məsləhət gördülər ki, Bədən Tərbiyəsi İnstitutunda oxuyum. Lakin 3-cü kursda buradakı təhsilimi dayandırdım”.

“Futbol həyatı qısa olur”
 
Futbol karyerası bitikdən sonra müsahibimizin jurnalistika karyerası başlayır. Şərhçilik fəaliyyəti də yalnız futbolla bağlı olur: “Sənədlərimi Bədən Tərbiyəsi İnstitutundan götürüb Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldum. 1956-cı ildə İran komandası ilə oyundan sonra məni radioya dəvət etdilər ki, təəssüratlarımı danışım. O zaman orada Altay Zahidov və Valid Sənani işləyirdi. Sonra sədr Ənvər Əlibəyli mənə dedi ki, Çingiz, yaxşı olar ki, universiteti bitirəndən sonra gəlib burada işləyəsən. Futbol oynaya-oynaya onlarla əməkdaşlıq edirdim. Zəng edib məndən oyunun nəticələrini soruşurdular, oyun haqqında məlumat verirdim. Sonra 1956-cı ildə televiziya yarandı. Ora dəvət etdilər. Müxbir kimi onlarla əməkdaşlıq edirdim. 1967-ci ilin oktyabrında futbol həyatımı başa vurdum. Ertəsi gün isə Dövlət Televiziya və Radio Komitəsində işə qəbul oldum. 19 il orada işlədim. Kiçik redaktor vəzifəsindən baş redaktor müavini vəzifəsinə qədər yüksəldim. Həm çalışır, həm də futbol oyanlarını şərh edirdim. 1986-cı ilin sonunda məni yenidən “Neftçi” komandasına dəvət etdilər. Əslində getmək istəmirdim, çünki mətbəxi yaxşı bilirdim. Bilirdim ki, futbolçunun həyatı qısa olur, məşqçi işləmək asan deyil. Komanda udanda deyirdilər futbolçular udub, uduzanda deyirdilər məşqçi pisdir. O vaxta qədər yeganə adam mənəm ki, “Neftçi” komandasında 8 il məşqçi işləmişəm. Hamı 3 il işləyib gedirdi. Komandanın rəisi kimi işləməyə başladım. 1994-cü ilə qədər “Neftçi”nin rəisi işlədim. 1994-2003-cü illərdə AFFA-da baş katib oldum. O vaxt çox çətin idi. Əgər evə nə qədər, idmana nə qədər vaxt sərf etdiyimi hesablasaq, idman sahəsində qat-qat çox olmuşam. Gün olub ki, həftələrlə evdə qalmamışam. Ömrümün çox hissəsini futbola, idmana sərf etmişəm”.

“Futbolçu tək futbolla əhatələnməməlidir”

Müsahibimiz ömrünü futbola həsr etsə də, dərslərini də yaxşı oxuyub. Deyir ki, futbolçu tək futbolla kifayətlənməməlidir: “Universitetin və ya məktəbin tək qaydası var idi. Hamı oxumalı idi. Oxumaq istəməyəni də məcbur edib oxudurdular. Mənim futbol yoldaşlarımın əksəriyyəti universitet bitirib. Tək futbolla iş bitmirdi. Komanda oyunu elədir ki, orada eyni fikirli adamlar olmalı, hamısı bir nöqtə uğrunda çalışmalıdır. Komanda daxilində yaranan qruplaşmalar bütün idman növləri üçün bəladır. Əgər komanda eyni fikirli adamlardan toplanıbsa, onda uğurlara imza atmaq olur. İndi də belə bir komanda yaratmaq lazımdır. Biz o vaxt təkcə futbolla yox, opera, teatr, mədəniyyətlə də maraqlanırdıq. Teatrda verilən bütün tamaşalara baxırdıq. Məktəbi “4”, “5”lə oxuyurdum. Müəllimlərimi çox sevirdim. Ədəbiyyata, bədii kitablara böyük  marağım var idi. Şeirləri, poemanı sona qədər deyirdim. İndi də tarixi kitablar oxuyuram”.
Müsahibimiz ilk pulunu da futboldan qazanıb. İlk qazancını anasına gətirib: “İlk maaşımı elə futboldan aldım. Yadımdadır, 20 yaşım var idi. İlk qazancımı anama verdim. O çox sevinmişdi. Birinci maaşım köhnə pul ilə 1200 manat idi”.

İlk sevgi
 
Həmsöhbətimizlə ilk sevgisindən də danışdıq. Deyir ki, ilk sevgisi elə həyat yoldaşı olub: “1951-ci ildə atam Bakıxanov qəsəbəsində ev tikdirdi və biz ora köçdük. Qonşumuzda bir qız var idi, ondan xoşum gəlirdi. Amma onu evdən çölə buraxmırdılar. Nə qədər çalışırdım qızı görə bilmirdim. Sonra qız instituta daxil oldu. Hər səhər dərsə gedirdi. Mən də bu fürsətdən yaxşı yararlanırdım. Səhər tezdən ona görə gedib evlərinin yanında gözləyirdim, mindiyi qatara minib söhbət edirdik. Axşam da məşqlərə gedirdim. 1961-ci ildə həmin ilk sevdiyim qızla evləndim”.

Gənclərə məsləhət verən həmsöhbətimiz deyir ki, insan ilk növbədə vicdanını qorumalı və keçmişini danmamalıdır: “Gənclərə demək istəyirəm ki, harada olursan ol, hansı vəzifəni tutursansa tut, heç vaxt səni kimin böyütdüyünü, qazandığın nailiyyətlərdə kimlərin rolunun olduğunu yaddan çıxarma. Təəssüflər olsun ki, dünən səninlə dost olan, vəzifə sahibi olanda səni tanımır. Hansı sənətdə işləyirsənsə işlə, təmiz, vicdanla işlə. Rüşvətdən uzaq ol. Və utunmasınlar ki, öz üzərində çalışsan, iş səni tapacaq. İdman elə sahədir ki, bunda uğur qazanmaq üçün mütləq bacarığın, istedadın olmalıdır. Bəlkə başqa sənətlərin ortababı ola bilərsən, amma idmanda ortabab yoxdur”.

Dünyaya ikinci dəfə gəlsəm…

Müsahibimiz sonda vurğuladı ki, geriyə dönmək şansı olsa, həyatının bəzi anlarını dəyişmək istəyərdi: “Dünyaya ikinci dəfə gəlsəm, özüm haqda çox fikirləşərdim. Mən oynadığım, işlədiyim dövrdə heç vaxt özümü fikirləşməmişəm. Mənim üçün hər vaxt birinci növbədə işim və ətrafım olub. Amma insan gərək vaxtında sağlamlığının, həyatının qədrini bilə”.  (Kaspi.az)