Usaq

Cizgi filmlərinə baxmaq uşaqların psixikasına necə təsir göstərir? – ARAŞDIRMA

Baxış sayı: 1. 528

Uşaqlar demək olar ki, əksər saatlarını televiziya qarşısında cizgi filmlərini izləməklə keçirirlər. Ancaq təəssüfləndirici məqam ondadır ki, həmin cizgi filmlərinin bir çoxunda şiddət səhnələrinə yer verilir. Bu isə zamanla balacaların həyat haqqında fikirlərinə təsir edir.

Cizgi filmlərinə baxmaq uşaqların psixikasına necə təsir göstərir?

Məlumdur ki, telekommunikasiya vasitəsi birtərəfli ünsiyyətdir. Uşaqlar vaxtlarının çox hissəsini televizor qarşısında keçirirsə, bu, ilk növbədə onun əqli inkişafına öz mənfi təsirini göstərəcək. “Narınc” uşaq psixologiya mərkəzinin icraçı direktoru və baş psixoloqu Aydan Talıbovanın sözlərinə görə, cizgi filmlərinə baxma müddəti uşaqların yaşlarına uyğun olmalıdır: “3 yaşına qədər uşaq maksimum 11-12 dəqiqə cizgi filmi izləməlidir. Amma bəzi uşaqlar televiziya qarşısında 15-30 dəqiqə otururlar. Biz bunu normativ saymırıq. Bu yaşlarda uşaqda alıcı nitq inkişaf edir, verici nitq isə inkişafdan qalır, nəticədə o, sosiallaşa bilmir. Başqa sözlə desək, məlumatı alır, amma onu ötürə bilmir. Normal halda biz uşaqla oturub söhbət edir, rəsm çəkir, nağıl oxuyuruqsa, biz onunla ünsiyyətə giririk. Ancaq televiziya və planşet qarşısında cizgi filmi izləyərkən, o, həmin personajları özünə obraz olaraq götürür və onların hərəkətlərini təkrarlamağa başlayır. Məsələn, “Ben 10″ cizgi filmi 10 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Bu yaşdan aşağı olan körpələrin təxəyyülü onu anlamaq üçün inkişaf etməyib. 10 yaşdan aşağı uşaqlar fantastik cizgi filmləri izləməməlidirlər. İcazə verməyin ki, uşaq həmin personaja aludə olsun. Onların öz real dünyası olmalıdır. Fantastik filmlər hər zaman xəyal qırıqlığına gətirib çıxarır, təfəkkürlərində geriləmə ortaya çıxır, özlərindən yalanlar uydurmağa başlayırlar, qorxuları olur, həyəcan keçirirlər, stressə davamsız olurlar”.

Aydan Talıbova qeyd edir ki, valideynlərin uşaqlarla birgə cizgi filmlərini izləməsi şərtdir: “Valideyn cizgi filmlərini uşağı üçün izah etməlidir. Əks halda, gələcəkdə uşaqlarda qorxular, fobiyalar, həyəcan təşvişləri yarana bilər. Əgər uşaq 2-3 yaş dövrünü televiziya qarşısında keçirirsə, onun nitqində geriləmələr olur. Nitq geriləyirsə, təfəkkürdə də problemlər yaranacaq. Bəzi valideynlər deyirlər ki, biz də uşaq vaxtı cizgi filmi izləmişik, ancaq heç bir problemimiz yaranmayıb. Ancaq qeyd etmək lazımdır ki, hər uşağın qavraması, təxəyyülü və təfəkkürü müxtəlifdir. Əgər uşağın genində geriləməyə meyl varsa, onu xüsusi olaraq nəzarətdə saxlamaq lazımdır və valideyn vaxtında müdaxilə etməlidir”.

Psixoloqun sözlərinə görə, qida qəbulu zamanı uşağa cizgi filmi izlətdirmək ona müsbət təsir göstərmir: “Valideyn çalışmalıdır ki, uşaq qida qəbul edərkən o, cizgi filmi izləməsin. Bizim artikulyasiyamızın və görməmizin ötürdüyü siqnallar var. Beynimizə ilkin olaraq ikincinin ötürdüyü siqnal çatır. Məsələn, cizgi filminə baxa-baxa yemək yeyən uşaq əslində “doyma” siqnalını hiss etmir. Nəticədə uşağın artikulyasiya sistemi pozulur, nitqində qüsurlar yaranır”.

Hesablamalara görə, gündə orta hesabla 4-5 saat cizgi filminə baxan uşaqlarda diqqət əskikliyi müşahidə edilir. Onlarda aktivlik yaşıdlarına nisbətən, 30-40% az olur.

Azərbaycanda cizgi film istehsalı ilə məşğul olan “Azanfilm” studiyasının direktoru Müşviq Hətəmov bildirir ki, uşaqlar körpəlikdə izlədikləri cizgi filminin məzmununa deyil, daha çox rəngli kadrlarına və maraqlı səslərinə diqqət edirlər: “Uşaqların formalaşmasında, onların fantaziyalarının inkişafında, şəxsiyyət kimi formalaşmasında təkcə cizgi filmi yox, ümumi bədii informasiyanın rolu əvəzsizdir. Bu baxımdan televiziyalar uşaqlara çatdırılacaq filmləri düzgün seçməlidirlər. Ona görə ki, 1-5 yaş, 5-12 yaş dövrü uşağın zövqünün formalaşan dövrüdür. Hər bir əlvan rəng qeyri-ixtiyari olaraq uşaqların diqqətini cəlb edə bilir. İnformasiyanı da məhz bu şəkildə verəndə onların əqli düzgün inkişaf edir. Məsələn, keçmiş Çexoslovakiya Respublikasında rəsmi və qeyri-rəsmi olaraq 2500-ə yaxın kukla teatrı var idi. Bəzi mövzular uşaqlara məhz kuklaların oyunu vasitəsilə çatdırılırdı. Bunun da böyük bir tərbiyəvi əhəmiyyəti olurdu. Bu gün məhz teatrlar və cizgi filmləri vasitəsilə biz uşaqlara televiziyadan ötürülən mənfi informasiyaları neytrallaşdıra bilərik. Uşaqlar üçün əyləncəli verilişlər olmalı və bu, kompleks şəkildə həyata keçirilməlidir”.

Mədəniyyət və Turizm Nazirliyinin Kino Yaradıcılığı sektorunun müdiri Yusif Şeyxov hesab edir ki, Qərb animasiya filmlərinin bizim uşaqların psixologiyasına mənfi təsiri qaçılmazdır. “Nazirlik bu istiqamətdə müəyyən addımlar atır, lakin mütəxəssis çatışmazlığı əngəl yaradır. Bizdə daha çox azyaşlı uşaqlar üçün sayı, əlifbanı, rəngləri, ailə münasibətlərini göstərən cizgi filmləri çəkilir. Bu il “Cırtdan” və “Sehrli xalat” haqqında maraqlı bir film çəkilib. Filmin qəhrəmanları orta əsrlərdən 21-ci əsrə gəlib çıxacaqlar. Bu, yeni forma axtarışları istiqamətində maraqlı bir addım ola biləcək. Yeni cizgi obrazları üçün gənc və istedadlı animatorların simasında yeni baxış lazımdır. Hazırda “Azanfilm” studiyasında çalışan bir qrup cavan animatorlar tərəfindən yeni forma axtarışları aparılır və ümid edirik ki bu, bəhrəsini verəcək”.

Animator Elçin Hami Axundovun sözlərinə görə, cizgi filmlərinin üzərində dövlət nəzarəti olmalıdır. “Uşaqlar 3-4 yaşlarından etibarən cizgi filmlərinə baxırlar, davranışlarının çoxunu oradan mənimsəyirlər. Sovet dövrü və indiki animasiya filmlərini müqayisə etsək, həmin illərdə müəyyən senzura qoyulmuşdu. Filmlərin mövzusu, onların uşaqlara təsirinə böyük diqqətlə yanaşılırdı. Hazırda isə senzura olmadığı üçün cizgi filmlərinin üzərinə böyük yük düşür. Ona görə də bizə milli cizgi filmləri lazımdır. Animatorlar üçün kurslar olmalıdır. Sovet vaxtı bir cizgi filmini 45-ə qədər rəssam ərsəyə gətirirdisə, indi 1-2 nəfər çalışır. İndiki uşaqların başını nənələrin nağılları ilə, Cırtdanla aldatmaq olmaz. Onun təsviri obrazını yeniləmək, uşaqları müasir mövzulardan agah etmək lazımdır”, – deyə qocaman animator əlavə etdi.

Mütəxəssislərin fikirlərinə əsasən belə bir nəticəyə gələ bilərik: Azərbaycanda uşaq filmlərinə ehtiyac var. Bunun üçün isə sistemli siyasət, maliyyə vəsaiti, kadrlar, dəyərli ssenarilər və vətənpərvərlik ruhu lazımdır. Lakin uşaqlarımızın gələcəyinin itirilməməsi üçün bu istiqamətdə ciddi şəkildə iş aparılmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir