cizgi filmi

Cizgi filmlərinin uşaqlarda aqressivlik yaratmaması üçün nə etməli?

Baxış sayı: 1. 722
Rusiyada uşaqlar üçün göstərilən cizgi filmlərindən ən zərərlilərinin adları açıqlanıb. Keçirilən sorğular zamanı valideynlər övladlarının animasiya personajlarına oxşamaq istəklərindən gileyləniblər. Onlar uşaqlarının “Şrek”, “Maşa və ayı”, “Süngər Bob”, “Qulyabanı Hay” animasiya filmlərinin təsirindən daha çox aqressivləşdiyini bildiriblər. Hətta iki il bundan əvvəl  Dövlət Duması Rusiyada “Şrek” və “Süngər Bob” filmərinin motivləri əsasında hazırlanan oyuncaqların satışına qadağa qoymağa cəhd edib. Qeyd edilən animasiya filmlərindəki primitiv zarafatlar, yersiz səslər, bəzən qəddarlıq səhnələri, uşaq psixologiyasına uyğun olmayan fikirlər valideynləri narazı salıb: “Bu cür filmləri uşaqlara onlar həmin yumorları başa düşəndə göstərmək lazımdır. Yoxsa ki, indi onların psixikasını müalicə etdirmək lazım gəlir”.
ABŞ-da keçirilən eksperimentlər də məktəbəqədər yaşlı uşaqlarda bəzi animasiya filmlərindən sonra aqressivlik və hiperaktivlik müşahidə olunduğunu aşkara çıxarıb. Həmçinin eksperimentlərin nəticələri elmi ədəbiyyatda da yer alıb. Təbii ki, hər bir animasiya filminin müsbət tərəfləri də qeyd olunub. Məsələn, uşağı animasiya filmini izləyən valideyn həmin müddətdə rahat şəkildə öz işi ilə məşğul ola bilir. Bununla belə, valideyn ekrandaki filmin övladını qıcıqlandırmamasını və ona mənfi təsir etməməsini istəyir. Ruslar bu mənada “Telepuzik”in daha ekranlarda görünməməsindən təəssüflərini gizlətmirlər. Həmçinin rus valideynlər uşaqları üçün faydalı olan “Pin-kod”, “Bembi”, “Luntik”, «Daşa-səyahətçi» filmlərini müsbət mənada qeyd edirlər: “Təəssüf ki, aqressivlik doğuran cizgi filmlərinin əksəriyyəti əcnəbi şirkətlərin istehsalı olduğundan, bu tip filmlərin bir çoxunda şiddət, qorxu və etikadan kənar səhnələrə yer verilir. Həmçinin personajların dilindən bayağı ifadələr səslənir”.
“Zəif filmlər çəkilir”
Mütəxəssislər sovet dövründə çəkilən animasiya filmlərindən həsrətlə söz açaraq, “SSRİ dövründə animasiya filmlərinə nəzarət vardı. Heç vaxt filmlərdə qəddarlıq, qorxu, şiddət təbliğ edən kadrlar yer almırdı. Amma indi bəzi animasiya filmləri var ki, onlar uşaqlara pis təsir edir”-deyirlər.
Nəzərə alsaq ki bizim azyaşlı uşaqlar daha çox Rusiya və xarici ölkələrin animasiya filmlərini izləyirlər, onda eyni vəziyyəti təsəvvür etmək çətin deyil. “Azanfilm”də çəkilən filmlərin bəzisi texniki, bəzisi bədii cəhətdən zəif, ssenariləri bəsit olduğundan, təbii ki, tamaşaçıları qane etmir. Mütəxəssislər uşaqların və valideynlərin razı qala biləcəyi, zövq alacağı animasiyaların çəkilişi üçün maliyyə problemindən savayı, yeni ssenaristlərin, rejissorların olmasını da vurğulayır və “əfsus ki, bunların heç biri yoxdur. Əvvəlki kadrlarla da zəif filmlər çəkilir”- deyə bildirirlər.
İndi xarici cizgi filmlərinin həddindən artıq çox və bizdə geniş təbliğ olunduğunu qeyd edən animasiya rejissoru Elçin Hami Axundov kommersiya məqsədilə çəkilən filmlərdə uşaqların psixikasının nəzərə alınmadığını bildirir: “Sovet dövründə bu məqamlara ciddi fikir verilirdi. İndi isə hansı xarici animasiya filmi oldu, ekrana çıxarırlar”. Rejissor hesab edir ki, filmlərin düzgün seçimini etmək üçün hər bir teleşirkətdə psixoloq olmalıdır: “Filmlər mentala uyğun seçilməlidir. Ancaq bu qaydaya riayət edilmədiyindən kim, hansı filmi istəyirsə, seçib təqdim edir. Nəticədə bizim uşaqlar xarici cizgi filmləri əsasında tərbiyə alırlar və bütün bunlar onların tərbiyəsində özünü büruzə verir”.
Rejissor böyüməkdə olan uşaqların Azərbaycançılıq ruhunda tərbiyəsi üçün cizgi filmlərinin çəkilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin animasiya sahəsində işləyənlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edir: “Təəssüf ki, bu məsələyə dırnaqarası baxılır. Bu işə ciddi yanaşmırlar. Azərbaycanda mövzu tapılmırmış kimi, məsələn, indi Antuan de Ekzuperinin hekayələrindən birinə müraciət ediblər. Əvvəllər istehsal olunan animasiyaları ilk öncə uşaqlara nümayiş etdirərdik. İndi uşaqların “Məlikməmməd”, “Cırtdan”, “Təpəgöz”, “Cavanşir”, “Qızıl”, “Qarğa balası və özgə yuvası”, “Güzgü” kimi nağıllar əsasında çəkilən filmlərimizdən xəbərləri yoxdur. Axı niyə onlar bu filmlərə baxmasınlar? Uşaqlarımız öncə milli cizgi filmlərinə baxmalıdırlar. Biz bununla öz milli vətəndaşlarımızı yetişdirməliyik. Animasiya filmləri uşaqlar üçün daha güclü tərbiyəvi əhəmiyyətə malikdir. Müasir uşaqların zövqünü oxşamaqdan çox, onlara yeni estetik zövq aşılamaq lazımdır”. Rejissorun sözlərinə görə, cizgi filmləri çəkilərkən uşaqların yaş həddi nəzərə alınmalıdır. Belə ki, 3-6 yaş və daha yuxarı yaş hədləri nəzərə alınmalıdır: “Amma indi bu məsələyə də başdansovdu yanaşırlar. Cizgi filmlərində uşaqlar üçün əsasən tərbiyəvi mövzular seçilməlidir. Çünki uşaqları ailədən çox animasiya filmləri tərbiyə edir”.
Animatorun fikrincə, «Şrek», «Maşa və ayı» kimi cizgi filmlərində uşaqların tərbiyəsinə mənfi təsir edən nüanslar çoxdur. Bizim ölkəmizdə animasiya filmləri sahəsində vəziyyətin bərbad olduğunu qeyd edən Elçin Hami Axundov problemi, həmçinin mütəxəssislərin yoxluğu ilə əlaqələndirir: “Düzdür, müəyyən proqramlarda işləyən aktyorlar olsa da, onlar animator yox, hərəkətə gətirənlərdir. Animator isə canlandırandır. Məhz animator rəssamların yoxluğu üzündən bizdə animasiya da yoxdur”. E.H.Axundov Mədəniyyət və Turizm Nazirliyinin bu sahədə müəyyən addımlar atmağa çalışdığını qeyd etsə də, ortada heç bir nəticənin olmadığını deyir: «Ona görə də teleşirkətlər xarici cizgi filmlərini göstərməyə məcburdurlar. Onda da seçim etmirlər”.
Elçin Hami hesab edir ki, Əgər biz Azərbaycanda animasiya filmlərinin çəkilməsini və bu sahənin inkişaf etməsini istəyiriksə, mütləq animasiya kursları açılmalıdır: “Ancaq kurslar təşkil etməklə biz bu sahəni inkişaf etdirə bilərik. Nəticədə kadrlar çoxalacaq, bu sahə inkişaf edəcək, onlar da sonra animasiya studiyaları açacaqlar. Bütün bunlar da maliyyə istəyir. Mən uzun illər əvvəl Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycanda milli animasiyanın inkişafına dair layihə təqdim etmişdim. Layihə üçün 150-160 min manat maliyyə vəsaiti lazım idi. Amma layihə həyata keçmədi”.
Yaxşı mənada senzura
Uşaq teatrı olaraq repertuarlarına «Şrek», «Maşa və ayı»nı daxil edən Bakı Uşaq Teatrının direktoru və rejissoru İntiqam Soltan həmin animasiyaları olduğu kimi səhnəyə gətirmədiklərini deyir. Belə ki, tamaşalarda personaj olaraq Şrek və ya Maşadan istifadə olunsa da, qəhrəmanlar fərqli situasiyada təqdim olunurlar: “Şrek» zahirən kobud, daxili aləmi isə gözəl olan bir qəhrəman kimi təqdim olunur. «Şrek» həyatdan götürülən personajdır. Uşaqlara onun simasında müharibəsiz qəhrəman aşılamaq istəyirlər. Bu mənada həmin filmdə zərərli nüans yoxdur”. Rejissor animasiya filmlərinin təkcə uşaqlar üçün deyil, həm də valideynlər üçün nəzərdə tutulduğunu qeyd edir: “Maşa və ayı”da Maşa nə qədər hiperaktiv və dəcəl olsa da, ayı onun bütün dəcəlliklərinə dözür və sonda ram edir. Düzdür, bir az ifrata varmaq var”.
İ.Soltanın fikrincə, cizgi filmləri haqqında tənqidə əslində özümüzdən başlamaq lazımdır: “Üstündən 50 il keçəndən sonra «Tıq-tıq xanım» dönüb «Pıspısa xanım» oldu. Evdən çölə çıxan Pıspısa xanım «Ərə gedirəm, ərə getməsəm, gora gedirəm» – deyir. Birinci sinifdə oxuyan qız uşağı bu sözlərin mənasını necə dərk etsin? Üstəlik, bu nağıl uşaqların birinci sinif dərsliyinə salınıb. Və yaxud «Çoban»ın yerinə «Səni balta ilə doğrayaram» deyən bir odunçunu daxil ediblər. Bununla uşaqlara qəddarlığımı öyrədirik?» Rejissor hesab edir ki, cizgi filmlərinin tərbiyəvi ruhda çəkilməsi üçün mərkəzdən intellektual idarəetmə sistemi olmalıdır: «Məsələn, heç bir teatrın repertuarında üçüncü sinif şagirdinə “nəyi demək olar, nəyi yox”- deyə bir anlayış yoxdur. Mədəniyyət və incəsənət nümunələri uşaqlar üçün yaxşı mənada senzuradan keçməlidir. Uşaq teatrının repertuarı nəzarətdə olmalıdır. Hər bir teatr uşaqlara fərdi yanaşır. Bununla biz çərçivəyə salınmış olsaq da, uşaqlar düzgün tərbiyə olunacaqlar. Bu fikirlər, həmçinin animasiya filmlərinə aiddir».
Psixoloqlar da düzgün seçilməyən animasiya filmlərinin azyaşlılara mənfi təsirinı qeyd edirlər. “Woman’s day” jurnalı problemə münasibət bildirən psixoloqların rəylərinə yer ayıraraq: “Animasiya filmləri uşaqları zorakılığa təhrik edə, onlarda dalaşqanlıq, üsyankarlıq xüsusiyyətlərini formalaşdıra bilər. Belə uşaqlar ətraflarına zərər vermək haqda düşünə bilər, aqressivliklərindən zövq alarlar. Onlar baxdıqları filmin təsirinə düşərək özlərini həmin qəhrəmana oxşatmağa çalışır və real olmayan dünyada yaşayırlar”- yazıb.
Övladlarımızn real dünyada yaşamaları və düzgün mənəvi tərbiyələri üçün təkcə valideynlərin nəzarəti yetərli deyil. Əlaqədar qurumların da üzərinə böyük məsuliyyət düşür. Axı, özümüzün potensialımız ola-ola, milli ruhda tərbiyəni qoyub, niyə özgələrin mətbəxinə boylanaq?
 
Təranə Məhərrəmova



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir