COREK

Çörək yeyək, yoxsa yeməyək? – FAYDALARI VƏ ZƏRƏRLƏRİ

Baxış sayı: 173

“Payız günü pendir-çörək qarpız ilə, yaz günü qatıq-çörək yarpız ilə…” Elə tək bu aforizm bizim üçün çörəyin necə dəyərli, süfrələrimizin ən vacib qidası olduğunu göstərir. Lakin Nizami Gəncəvinin də dediyi kimi, artıq içiləndə dərd verir su da… Biz çox çörək yeyən xalqıq. Süfrəmizdə neçə növ xörək olmasına baxmayaraq, çörəyimiz əskik olmaz. Çünki bir çoxlarımıza görə, çörəksiz yesək, doymarıq… Bəs görək, süfrələrimizin olmazsa olmazı olan bu nemətin zərərləri və faydası nədir?

 

Çörəyin tərkibindən normal faydalanmaq istəyiriksə..

Dietoloq Tutu Zeynalova deyir ki, biz, gündəlik enerjimizi ən çox çörəkdən alırıq: “Balanslı qidalanmadan danışırıqsa, gündəlik rasionumuzun 50-55 faizini karbohidratlar təşkil etməlidir. Karbohidratlar deyiləndə, ən çox çörək qrupuna aid olan qidalar nəzərdə tutulur, yəni biz enerjimizi daha çox bu məhsullardan alırıq. Bu isə çörək istehlakının artması ilə nəticələnir. Lakin xüsusi ilə artıq çəkimiz və yaxud xroniki xəstəliyimiz varsa, çörəyi daha az istifadə edib, onu çörək qrupunda yer alan digər məhsullarla əvəz etmək daha yaxşı olardı”.

Bəzi insanlar, xüsusilə, dieta saxlayanlar, çətin olsa da, çörəyi qida rasionlarından tamamilə çıxarırlar. Dietoloq deyir ki, çörəkdən tam olaraq imtina etməyə ehtiyac yoxdur: “Çörəyin tərkibindən normal faydalanmaq istəyiriksə, bu qidadan daha çox səhər yeməyində istifadə edilməlidir.  Əsasən, kəpəkli, çovdar unundan hazırlanmış çörəyə, əgər xroniki xəstəliyiniz varsa, qlütensiz çörəyə üstünlük verilməlidir. Əlbəttə ki, hər şeydən əvvəl həkim məsləhəti almaq zəruridir”.

 

“Bu qidalar bir dilim çörəyə bərabərdir”

Dietoloq makaron və düyü ilə çörək yeməyin zərərlərindən də danışdı: “Bəzi insanlar hətta makaron və düyü ilə belə çörək yeyirlər. Lakin bu cür insanlar bilməlidir ki, həm makaron, həm düyü çörək qrupuna aid qidalardır. Yəni biz 3 qaşıq makaron, düyü, vermişel və ya qarabaşaq, yaxud 1 ədəd kartof yediyimiz zaman, bir dilim çörək yemiş oluruq. Bu qidalar bir dilim çörəyə bərabərdir. Qarğıdalı və şabalıdı sevirsinizsə, yadda saxlayın ki, bir qarğıdalının yarısı, 1 stəkan popkorn və yaxud 4 ədəd şabalıd da bir dilim çörəyə bərabərdir. Bütün bunları bilib çörək qrupuna aid qidalardan istifadə edərək bədənimizin karbohidrat ehtiyacını ödəyə bilərik. Yay mövsümündə isə karbohidrat ehtiyacımızın bir qismini meyvə-tərəvəzdən ala bilərik. Buna görə, “çörəyi rasionumuzdan çıxaraqmı” sualına cavabımız “xeyir” olacaq. Daha faydalı çörəkdən istifadə edilməsi və çörək qrupuna aid digər qidaları tanımaqla, onların istehlakının artırılması tövsiyə olunur”.

 

Pandemiya dövrünün qidaları…

Həmsöhbətimiz pandemiya dövründə immun sistemimizi möhkəmləndirəcək qidalar haqqında da məlumat verdi. Onun sözlərinə görə, bu qidalardan çox istifadə etsək, koronavirus bəlasından da qoruna bilərik: “Həmçinin, boşqabınızın tərkibini daha rəngli edin, çünki boşqabımızda nə qədər rəng çoxdursa, (təbii ki, yeməklərin rəngindən söhbət gedir) bu qidalar o qədər də orqanizmimiz üçün faydalıdır. Mövsümə uyğun meyvələr, tərəvəzlər mütləq şəkildə gündəlik rasionumuzda olmalıdır və bu çox vacib bir məsələdir. Hətta ipucu da verim ki, gündə 3 porsiya yaşıl rəngdə meyvə-tərəvəz, məsələn xiyar, alça, kahı, 3 ədəd rəngli, məsələn badımcan, pomidor və kök (və yaxud qırmızı gilas) 3 ədəd da kükürdlü meyvə-tərəvəzdən istifadə edərək, immun sistemimizi inkişaf etdirə bilərik. Bu qidalar bağırsaq floramız üçün faydalıdır. Bağırsaq isə bizim ikinci beynimizdir, immun sistemimizin də 80 faizi bağırsaqdadır.  Pandemiya dövründə də buna xüsusi diqqət yetirilməlidir. Kükürdlü tərəvəzlər deyəndə kələm növləri, göbələk, brokkoli, soğan, sarımsaq nəzərdə tutulub. Bunlardan da gündə 3 porsion istifadə etsək, o zaman həm sağlam olacağıq, həm immun sistemimiz güclü olacaq, həm də artıq çəki problemi ilə üzləşmək riski daha aşağı olacaq”.

 

Lif tərkibi, duz miqdarı, boğulma riski…

Bildiyimiz kimi, uşaqlara da “çörəklə yeməsə doymaz” prinsipi ilə yanaşaraq, valideynlər onlara da daha çox çörək yedirtməyə çalışırlar. Mərkəzi Gömrük Hospitalının həkim pediatrı Nigar Mirzəyeva deyir ki, uşaqların çörəklə bəslənməsində 3 əsas ünsürə diqqət yetirilməlidir: “Lif tərkibi, duz miqdarı, boğulma riski. Hazırda marketlərdə müxtəlif çeşidli çörəklərə rast gəlinir: tam buğda çörəyi, tam taxıllı çörək, aşağı duz tərkibli çörək, kəpəkli çörək, qəhvə rəngli çörək və s. Ümumiyyətlə, 6 ayından etibarən körpələrin taxıllarla qidalanmaya ehtiyacı var və bu ehtiyacı ödəmək üçün çox vaxt çörəkdən istifadə olunur. Buğdadan hazırlanmış çörəklərin tərkibində potensial bir allergen olan qlüten olduğundan, 6 aylıqdan tez başlanması məsləhət deyil. Bu aydan etibarən körpələrə ağ və yumşaq çörək verilə bilər”.

Həkim deyir ki, 6-12 ay arası 20 qr 1 incə dilim, 1-3 yaş arası 50 qr 2 incə dilim, 4-6 yaş arası 100 qr 4 incə dilim, 7-9 yaş arası 200 qr 8 incə dilim, 10-12 yaş 250 qr 9 incə dilim, 13-15 yaşlı uşaqlara isə 350 qramdan artıq çörək verilməməlidir.

Həkimin sözlərinə görə, böyük yaş qrupu uşaqlar arasında piylənmənin ən əsas səbəbi çörək olduğundan, çörəkdən daha iz istifadəyə, xüsusilə diqqət edilməlidir: “Qəhvəyi rəngli çörəklər lif miqdarı yüksək olduğundan, uşaqlara 1 yaşından əvvəl verilməsi məsləhət deyil. Həmçinin kəpəkli çörəklərin də 1 yaşına kimi verilməsi məsləhət deyil. Kəpəkli çörəklərin tərkibində, normal ağ çörəyə görə daha çox zülal olduğundan, körpələrin böyrəklərinin süzmə fəaliyyətini çətinləşdirəcək. Körpəyə veriləcək çörəyin tərkibində duz miqdarının da aşağı olması önəmlidir. 100 qrama 0.3 qram duz düşən çörəklər daha faydalı olduğundan, uşaqlar üçün istifadədə fayda var”.

Həkim vurğulayır ki, çörəklə qidalanan uşaqlarda ən narahat olunacaq vəziyyət isə boğulma riskidir. Bu səbəbdən, nəzarətsiz halda və dişi çıxmayan uşaqlara çörəyin verilməsi qadağandır.

 

“İsti çörək zərərlidir”

Qeyd edək ki,  mütəxəssislər boyat çörəyin yumşaq, təzə çörəkdən daha faydalı olduğunu vurğulayırlar. Boyat çörək daha yaxşı mənimsənilir və köp, ağırlıq kimi xoşagəlməz hisslərə səbəb olmur. Həmçinin çörəyi isti-isti, təndirdən çıxan kimi yeməyi sevsək də, mütəxəssislərə görə, bu, çox zərərlidir. Vaxtaşırı isti çörək yemək həzm prosesinin ləngiməsinə, piylənməyə gətirib çıxarır. İsti çörəyin mədədə parçalanması, orqanizm tərəfindən sorulması çox çətindir. Bəzən orqanizm onu tam həzm edə bilmir. Bu da şlakların yaranmasına gətirib çıxarır. İsti çörəklə qidalanmaq kökəlmə ilə yanaşı, gələcəkdə mədə xəstəliklərinin yaranmasına da səbəb olur. Çörəyi bişirildiyi andan 4-6 saat keçəndən sonra yemək daha məsləhətlidir.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir