COREK

Çörək yeyəkmi, yeməyəkmi? – MÜTƏXƏSSİSLƏR DANIŞIR

Baxış sayı: 1. 208

Son illər un məmulatlarından, xüsusən də ağ çörəkdən imtina sağlam həyat tərzi üçün atılan addım kimi dəyərləndirilir. Mütəxəssislər bildirirlər ki, un məmulatlarından imtina ilk növbədə artıq çəkidən azad olmağa, dərinin təravətlənməsinə, enerjinin artmasına, müxtəlif xəstəliklərdən qurtulmağa səbəb olur.

Qeyd olunur ki, çörəyin tərkibində orqanizm üçün faydalı olan maddələr yoxdur və ya həddən artıq azdır. Belə ki, emal olunmuş buğda unu maya ilə birləşərək, bütün faydalı xassələrini itirir. Daim ağ undan hazırlanan çörək və digər un məmulatları yeyən insanda piylənmənin, mədə-bağırsaq sistemi xəstəliklərinin  pozulma riski artır. Təzə yumşaq çörək pis həzm olunur, bir çox hallarda köp yaradır.

Lakin bu iddiaların əleyhinə fikir səsləndirənlər də var. Qeyd olunur ki, normal olaraq hər bir insanın gündəlik qida ehtiyatında karbohidrat, protein və yağlar mütləq olmalıdır ki, bu ehtiyatların da hə biri yeganə olaraq çörəkdə birləşib. Bu səbəbdən bəzi mütəxəssislər çörək qəbul etmədən saxlanılan dietaların təhlükəli olduğunu bildirir. Ötən il yapon dietoloqları da araşdırma sonunda bildirmişdilər ki, çörəyi süfrədən qaldırmaq insan orqanizmi üçün təhlükəlidir. Belə ki, hər bir insan gün ərzində bir dilim çörək yeməlidir. Ancaq bu məqamda söhbət ağ deyil, qara çörəkdən gedir. Ən faydalı çörək emal olunmamış, təmizlənməmiş buğdadan hazırlanan çörək hesab edilir.

Bəs yerli ekspertlər bu barədə nə deyir? Çörəkdən imtina edəkmi? Mövzu ilə bağlı həkim Seyfəddin Əsəd “Yeni Müsavat”a danışıb: “Bu günlərdə Çində səfərdə idim. Təsəvvür edin ki, orada heç bir restoranda çörəyə rast gəlmədim. Eləcə də əti nadir hallarda görmək olur, onu da bir qazan yeməkdə 2-3 tikə ilə. Ümumiyyətlə Çində ətin qiyməti çox bahadır, kilosu 20 dollardır. Onu demək istəyirəm ki, əksər xalqlar çörək yemir, bunun əvəzinə düyüdən istifadə edir. Mən də çörək yemirəm, imtina etmişəm. Çörəyin içərisində olan maya köp verir, həzm sistemini pozur, həmçinin insanı kökəldir. Məlum olduğu kimi indi sağlam buğda tapmaq çox böyük bir problemdir. Buğdanın keyfiyyəti onun qabığındadır. Qabıq da buğdanı üyüdəndə gedir. Beləliklə, unun rəngi nə qədər ağ olduqca bir o qədər zərərlidir. Ona görə də insanları aldatmaq üçün qara çörək adı ilə onun tərkibinə müxtəlif rənglər qatıb, qara çörək adı ilə baha qiymətə satırlar. Bunun da araşdırmağın yolu budur ki, çörəyi suya salırsan, bu zaman əgər çörəkdə rəng olarsa, keçir suya, onun rəngləndiyinin şahidi olursan. Bu baxımdan birmənalı şəkildə buğdadan deyil, çörəkdən imtina etmək lazımdır. Təqribən gündə 100 qram buğda bir günlük çörəyin tələbatını verir və saçdan tutmuş dırnağa qədər xeyirlidir”.

Seyfəddin Əsəd ile ilgili görsel sonucu

Seyfəddin Əsəd: “Çörəyi bir gün saxladıqdan sonra yemək lazımdır, çünki…”

Seyfəddin Əsəd çörəyi isti-isti qəbul etməyin çox ziyanlı olduğunu deyib: “Çörəyi isti şəkildə yemək, sadəcə, cinayətdir. Mütləq çörəyi bir gün saxladıqdan sonra qəbul etmək lazımdır. Çünki bir gündən sonra onun tərkibindəki maya demək olar ki, sıradan çıxır. Çörəyə vurulan maya orqanizm üçün zərərlidir. Bu gün artan qastrit, mədə yarası xəstəliklərinin  yaranmasında çörəyin tərkibinə vurulan mayanın təsiri var. Xatırladım ki, Azərbaycan mədə-bağırsaq, ağız boşluğu xərçənginə görə ön sıranı tutur”.

İlgili resim

Dietoloq Leyla Zülfüqarova isə bildirdi ki,  doğru hazırlanmış çörəyi qəbul etmək lazımdır: “Öncə nəzərə alaq ki, çörək sağlam qida qrupunda karbohidrat qrupuna aiddir. Bu baxımdan çörək qanda şəkəri anında qaldıra bilir. Ziyanlı tərəflərindən biri də budur ki, onu heç cürə neytrallaşdıra bilmirik. Bu, qlutendir. Buna görə də dünyada araşdırırlar ki, qlutendən necə imtina etmək olar. Əgər bunu bacara bilsək, genetik istiqamətdə daha sağlam ola bilərik. Lakin qlutendən imtina üçün 50-100 ili geridə qoymalıyıq. Çünki genetik kodumuz buna imkan vermir. Bu gün qlutendən imtina etməyə çalışsaq, bizdən sonrakı 3-cü nəsil buna nail ola biləcək. Qlutensiz  yaşamaq nə deməkdir? Bu zaman buğda tərkibli heç nədən istifadə edilməməlidir. Bu qrupa əsasən çörək daxildir. Həmçinin çörək tərkibli bulğurun, yulaf yarmalarının da adını qeyd etmək olar. Yeganə olaraq,  düyü və qarabaşağın tərkibində qluten yoxdur. Digər taxıl məhsullarında qluten var. İndi təsəvvür edin, bədənimizdən bu qədər taxılı çıxartmaq o qədər də asan deyil. Qlutensiz yaşam tərzi sürəndə autizm, xərçəng, xəstəlikləri riski xeyli azalır. Bəs qluten nədir? Bu, yapışqanlıq yaradan amin turşusudur. Məsələn, çörəyi yoğuran zaman diqqət etsəz görərsiz ki, bir yapışqanlıq yaranır. Bu, qlutendir. Amma qarğıdalı, düyü unları qlutensizdir. Əgər sual verilsə ki, buğda unu gərəklidirmir? Cavab verərdim ki, bəli, gərəklidir, lakin qlutensiz buğda unu. Ölkəmizdə bu məhsul var, sadəcə bahalı olduğuna görə əksər insanların onu əldə etməyə imkanı olmur”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir