KORONAVIRUS

COVID-19 ilə mübarizənin epidemioloji aspektləri – MÜTƏXƏSSİS DANIŞIR…

Baxış sayı: 151

“Son yüzilliyin ən geniş yayılmış pandemiyalarından biri özünün hələ tam öyrənilməyən virusoloji, epidemioloji, immunoloji, kliniki, patogenetik və digər aspektləri sayəsində dünya ölkələrini bir sıra sosial-iqtisadi problemlərlə üzləşdirib”.

Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev Azərbaycanda COVID-19 ilə mübarizənin epidemioloji aspektlərindən danışarkən deyib.

Vaqif Abdullayev bildirib ki, hazırda ölkəmizdə COVID-19 infeksiyası ilə əlaqədar epidemik prosesin idarə olunması müasir üsulların tətbiqi və kompleks əksepidemik tədbirlərin təşkili vasitəsi ilə həyata keçirilir. Belə ki, xəstəlik hadisələrinin ilkin qeydiyyata alınması, onlar barədə bütün idarəetmə səviyyələrində məlumatların ötürülməsi, məlumatların toplanması ÜST-ün tövsiyələrinə tam uyğun olan elektron sistem vasitəsi ilə həyata keçirilməsi təmin olunub.

Vaqif Abdullayev Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji xidmətinin vahid strukturuna daxil olan qurumlarının COVID-19 infeksiyası ilə mübarizədə digər müvafiq qurumlarla əlaqəli fəaliyyətinin təmin olunmasının ən vacib fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb. Mərkəzin baş direktor müavini bildirib: “Müalicə-profilaktika və təhsil müəssisələrində, xidmət, ictimai-iaşə, mehmanxana və turizm xidməti obyektlərində infeksiyanın yayılmasının qarşısının alınması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Turizm Nazirliyi, yerli icra hakimiyyətləri, Daxili İşlər, Fövqəladə Hallar, Müdafiə, Ədliyyə nazirliklərinin tibb xidmətləri ilə birlikdə həyata keçirilən tədbirlər mühüm rol oynayır”.

Baş direktorun müavini Vaqif Abdullayev hər bir fəaliyyətin qanuni əsaslarını müəyyənləşdirən normativ hüquqi aktların mövcudluğunun olduqca vacib olduğunu qeyd edib. O, Səhiyyə Nazirliyinin karantin rejimi dövründə inzibati xətalar üzrə səlahiyyətlərinin artırılması, sanitariya-epidemioloji və karantin qaydalarına nəzarət üzrə çoxsaylı sənədlərin təsdiq olunmasının da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir