qadin

Çox gözəl ətrin var: İş yerində qadınlara qarşı zorakılıq

Baxış sayı: 171

İnternetdə iş elanı vardı. CV göndərdim və məni iş görüşməsinə çağırdılar. Müdir iş haqqında qısa məlumat verdikdən sonra mənə komplimentlər deməyə başladı. İş görüşməsi bitdi və mən sağolaşdım. Bu zaman əlini uzatdı. Mən də əlimi uzatdım, məni özünə tərəf çəkdi və saçımı qoxlayıb “çox gözəl ətrin var” dedi.

Kişini itələyib oranı tərk etdim. O qədər qorxdum ki, bütün bədənim əsirdi. Çox utanırdım. İnsan belə olanda qadın olmaqdan utanır. Bir müddət özümə gələ bilmədim. Çünki özümü təhqir olunmuş hiss etdim.

Bu sözləri bizə iş görüşməsinə gedərkən seksual xarakterli hərəkətə məruz qalan Zemfira Muradova (ad şərtidir) bildirir.

 Qadina zorakiliq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə deyir ki, qadınlara qarşı iş yerlərində cinsi zorakılıq anlayışı Gender bərabərliyi təminatları haqqında Azərbaycan Respublikasının qanununda seksual qısnama kimi nəzərdə tutulub:

“Yəni, seksual qısnama – əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici xahişlərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış deməkdir.

Bununla bağlı Cinayət Məcəlləsində hər hansı cəza tədbirləri nəzərdə tutulmayıb. Amma İnzibatı Xətalar Məcəlləsində seksual qısnamaya məruz qalmış işçiyə təzyiq göstərilməsinə görə vəzifəli şəxslərin 1500 manatdan 2500 manata kimi məbləğdə cərimələnməsi nəzərdə tutulub.

Eyni zamanda, qanunda seksual qısnamaya məruz qalan işçilərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işə götürən tərəfdən zərər ödənilir. Komitənin apardığı araşdırmaya görə, seksual qısnama xüsusilə özəl sektorlarda baş verir. Dövlət müəssisələrində bu cür halların baş verməsi, adətən, müşahidə edilmir”.

Rahil Süleymanzadə bildirib ki, qadınların iş yerində seksual xarakterli hərəkətlərə məruz qalması barədə iki müraciət daxil olub:

“Daha sonra həmin şəxslər bizə müraciət etdi və bildirdilər ki, ailəmizdə bu problemin daha da qabardılmaması üçün şikayətlərimizi geri götürürük. Bu elə bir faktdır ki, şəxslər özləri ailədə problemlərin yarana biləcəyindən, ictimai nüfuzuna görə bu cür hərəkətləri qabartmırlar. Əhali arasında maarifləndirmə işi aparılmalıdır.

İddia qaldırıb dəymiş mənəvi zərərlə bağlı kompensasiya ödənməlidir. Bu işdə qadınlar aktiv olmalıdır. Yaxşı olar ki, insanlar bu sahədə mövcud qanunvericilik barədə bilsinlər və hüquqlarını qorusunlar”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, qadınlar seksual xarakterli hallarla qarşılaşarkən hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər:

“Bunu etmək üçün də sübutları olmalıdır. İşə götürən şəxs qadından sui-istifadə etməməlidir. Bəzən elə qadınlar olur ki, bu cür hallarla qarşılaşan zaman bunu səs yazıları şəklində qeydə alırlar. Bəzi hallarda o səs yazısı nəzərə alınmır. Çünki qanunsuzdur. Vəziyyətdən çıxış üçün yeni meyarlar işlənməlidir. O zaman bu cür hərəkətlərin qarşısı alına bilər”.

Mehriban Zeynalova qeyd edir ki, çox qadın iş yerini itirməmək üçün bu barədə müraciət etmirlər:

“Əksər vaxt stereotiplərə görə də bu cür addımlar atılmır. Bəzən qadını ittiham edirlər ki, sən hansısa hərəkət etmisən ki, belə olub. Çox vaxt qadınların özləri bu cür hallara görə bir-birini ittiham edirlər. Qınağa məruz qalmamaq üçün seksual xarakterli hərəkətlə qarşılaşan qadınlar bu cür addımlar atmırlar. Nəticədə, bu cür cinayətlərin üstü açılmır”.

 

Psixoloq Vəfa Rəşidova bildirir ki, iş yerində seksual xarakterli hərəkətlərlə qarşılaşan qadınlar çoxdur:

“Onlar düşünür ki, bu barədə danışsalar, biabır olacaqlar. Digər tərəfdən, insanlar qanunları da bilmirlər. Onun üçün bu cür hallarla qarşılaşanda gizlədirlər. Təəssüflər olsun ki, burada qorxu, el qınağı, özgüvənsizlik dayanır.

Onsuz da bunu edən insan günahını bilir. Belə hallarla rastlaşan zaman daha da travma almasınlar deyə gizlətməyə məcbur olurlar. Bu, düzgün addım deyil. İşçisinə seksual xarakterli hərəkət edən müdir bəzən qadınlara “səni işdən çıxaracam”, “işsiz qalacaqsan” deyir.

Özgüvəni olmayan qadın onun sözlərinə boyun əyir. Amma insanlar düşünməlidir ki, bu ayıbların altında insan hüquqları tapdalanır. İllərlə bu cür halları gizlədən, hətta intiharın bir addımlığında olan xanımlar da var”.

Psixoloq qeyd edir ki, psixoloji problemlərin kökündə güvənsizlik dayanır:

“Cəmiyyətdə psixoloji pozğunluğu olan insanlar çoxdur. Qadınlar iş üçün müraciət edən zaman diqqətli olmalıdırlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir