ter

Çox tərləyənlərin DİQQƏTinə: qarşısını almaq üçün…

Baxış sayı: 1. 558

Havalar isindikcə tərləmə ilə bağlı problemlər artmaqdadır. Bunun qarşısını almaq mümkündür. Artıq tərləməyə son vermək sizin əlinizdədir!

 

“Gencaile.az” plastik-estetik cərrah Günel Bayramlının bu haqda məqaləsini tqdim edir.

 

Tərləmə bədən hərarətinin tənzimlənməsində vacib rol oynayan fizioloji prosesdir. Havanın temperaturu qalxdıqda xəstəliklər və ya fiziki aktivlik zamanı bədənin temperaturu artdığından tərləyərək istilik itiririk. Bədənin özünü soyutmaq məqsədi ilə gün ərzində 4-5 dəfə tərləməsi normaldır. Bu zaman tərləmə bütün bədən səthindən olmaqla bərabər daha çox bel və sinə kimi geniş səthlərdən olur. Cinsi inkişaf dövründə fərqli tip tər vəziləri qoltuq altında və qasıq nahiyəsində fəaliyyətə başlayır. Bu bölgələrdə daha kəskin qoxulu və artıq miqdarda tərləmə olur. Bu bölgədəki tərləmənin məqsədi bədən hərarətinin tənzimlənməsindən çox feromon deyilən iyli molekulları yaymaqdır. Heyvanlarda xüsusilə cütləşmə dövründə daha çox ifraz olunan feromonlar əks cinsi cəlb edirlər. Ancaq insanlar arasındakı münasibətlərdə bu qoxular xoş sayılmır və əksinə, insanları uzaqlaşdırır. Xüsusilə də stres və fiziki aktivliklə artan tərləmə və onun yol açdığı qoxulardan qurtulmaq üçün tez-tez yuyunmaq və tər əleyhinə vasitələrdən, ətirlərdən istifadə etmək lazımdır.

Artıq tərləmə və ya tibbi dildə hiperhidroz insanın bədən hərarətini saxlamaq üçün lazım olandan artıq tərləməsinə deyilir. İsti havalarda artır, soyuq havalarda azalır. Bütün bədəndə olmaqla yanaşı daha çox qoltuq altlarında, ovuc içlərində və ayaq altında olur. İnsan həyacanlandıqda və ya stres altında olarkən tərləmə artır. Hiperhidroz insan üçün olduqca rahatsız edicidir. Tərləyən insan bu vəziyyətdən rahatsız olduğunda daima tərləyəcəyini düşünərək, bu narahatlıq altında daha çox tərləyir. Qoltuq altlarında olduqda pis qoxulu tərləmə paltarların islanmasına və ləkələnməsinə səbəb olur. Əlləri tərləyən insanlar üçün salamlaşmaq böyük problemdir. Salamlaşmaqdan əvvəl əlinin tərini silmə ehtiyacı hiss edir. Ayaq tərləmələri həm sağlamlıqda problemlər yaradır, həm də pis qoxuya səbəb olur. Hiperhidroz insanda psixoloji və sosial problemlər, peşəsində və gündəlik həyatında çətinliklər yaradır.

Artıq tərləmə zamanı həm tər vəzilərində, həm də bu vəziləri innervasiya edən sinirlərdə bir problem olduğu düşünülür. Hiperhidrozun müalicəsində ilk əvvəl bu problemə yol açan sistem bir xəstəliyin olub-olmadığı araşdırılmalıdır. Müxtəlif hormonal pozğunluqlar, xüsusilə qalxanabənzər vəzin xəstəlikləri tərləməni artırır. Eyni zamanda psixi xəstəliklər, menopauza, obezite (köklük), şəkərli diabet, böyrəküstü vəz xəstəlikləri də özünü artıq tərləmə ilə göstərir. Tərləməni azaldan bəzi yerli və sistem dərmanlar var, amma bunların həm təsiri qısadır, həm də yan təsirləri mövcuddur. Eyni zamanda iyontoforez deyilən müalicə növü var. Bu, kiçik bir su vannasında xəstənin əl və ayaqlarına az dozada elektrik axınının verilməsidir. Birinci dəfədən fayda görülmür, bir neçə dəfə təkrarlamaq lazımdır və həftədə ən az 2 dəfə olunmalıdır. Təsiri qısa müddətlidir.

Artıq tərləməni azaltmaq məqsədilə cərrahi əməliyyatlar da mövcuddur. Bu yolla qola və qoltuq altına gedən simpatik sinirlər kəsilir. Əməliyyat həm açıq, həm endoskopik yolla aparılır. Tərləməni xeyli azaltmağına baxmayaraq, yan təsirləri çoxdur. Bir başqa əməliyyat növü isə qoltuq altındakı dərinin tər vəziləri ilə bilikdə çıxarılmasıdır. Əməliyyatdan sonra yara izi buraxdığı üçün çox istifadə olunmur.

Artıq tərləmələrin müalicəsində istifadə olunan ən yeni metod Botoksdur. Qoltuq altına, ovuc içinə və ayaq altına botoks iynələri vurulmaqla 9 ay ərzində tərləmənin qarşısı alınır. Asan həyata keçirilməsi və yan təsirlərinin çox olmaması botoksu tərləmənin müalicəsində ən çox istifadə olunan müalicə növünə çevirmişdir.

 

Botoks müalicəsi necə həyata keçirilir ?

Botoks otaq şəraitində vurulur və vurulması təxminən 20 dəqiqə çəkir. İynə vurulacaq nahiyə yerli anestetik kremlə ağrısızlaşdırılır. Botoks son dərəcə incə iynələrlə vurulur. Ən çox qoltuq altına, əl və ayaq altına vurulur. Bel və sinə kimi geniş sahələrə vurulmur. Vurulandan dərhal sonra xəstə gündəlik həyatına geri dönə bilər. Ev istirahətinə ehtiyac yoxdur.

 

Botoksun təsiri nə qədər davam edir?

Botoksun tər vəziləri üzərindəki təsiri mimik əzələlərə görə daha uzun çəkir. Təsiri 9 aya qədər qalır. Çox insanlar üçün ildə bir dəfə yay qabağı Botoksun vurulması kifayət edir. Amma tərləməsi çox olan insanlar bu proseduranı ildə 2 dəfə etməlidirlər.

 

Botoksun vurulması ağrılıdırmı?

Xəstənin hiss etdiyi sadəcə iynənin dəriyə keçərkən verdiyi ağrıdır. Son dərəcə incə iynələr istifadə olunduğu üçün ağrı hissi minimumdur. Botoks vurulmadan əvvəl həmin nahiyəyə yerli anestetik krem çəkilir.

 

Tərləmənin dayandırılmasının insan sağlamlığına zərərli təsiri varmı?

Tərləmənin əsas məqsədi bədən hərarətinin tənzimlənməsidir. Ancaq qoltuq altı tərləməsi bu məqsədə xidmət etmir. Bu bölgədəki tər vəzilərinin məqsədi qoxu və feromon yaymaqdır. Ona görə də qoltuq altındakı tərləmənin dayandırılması qoxunun və paltarların islanmasının qarşısını alır, ancaq bədən hərarətinin tənzimlənməsini pozmur. Sağlamlıq baxımından heç bir problem yaratmır.

 

Yan təsirləri varmı?

Daha çox tərləyənlərdə təsiri 9 ay deyil, 6 ay çəkə bilər. İynə yerində 10% hallarda keçici olaraq qaşıntı, ağrı, göyərmə ola bilər. Bunlardan başqa yan təsiri yoxdur.

 

Botoks kimlərə vurulmamalıdır?

Hamilələrə, süd verən analara, botoksa qarşı allergiyası olanlara, sinir əzələ xəstəlikləri olanlara botoks vurulmamalıdır.

İldə bir dəfə yay qabağı botoks vurdurmaqla tərləmənin verdiyi narahatlıqlardan qurtulmaq mümkündür.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir