aile

Çox yaşamaq üçün nələrə diqqət etməliyik?

Baxış sayı: 1. 348

İllərdir ki, uzun ömürlülüyün, ölümsüzlüyün sirri axtarılır. Hətta, nağıllarımızda da qəhrəmanlar ölümsüzlük iksiri axtarışındadır. Illərdir ki, həkimlər, mütəxəssislər fərqli açıqlamalar verir. Kimisi insanları ölümsüz edəcəyini iddia edir. Kimisi də müxtəlif qidalarla ömrü uzatmağın mümkünlüyündən danışır.

Bəs, çox yaşamaq üçün nələrə diqqət etməliyik? Stress həyatımızı qısaldırmı?

Məsələyə münasibət bildirən psixoloq Vəfa Rəşidova bildirir ki, son illərdə insanlar adi, xırda məsələdən əsəbləşib, özündən  çıxırlar: “İllər öncə fərqli idi. O zaman qidalar da sağlam idi, insanlar düzgün qidalanırdı. İndi elə yeyirlər ki, sanki dünyanın sonudur. Qarşındakı insanın çörəyi dişləməsindən nə qədər əsəbi olduğunu bilmək olur. Hər kəs özünü rəndələməyi, sakitləşdirməyi bilməlidir. İllər dəyişir, dəyişim varsa, insanlar da dəyişir. Keyfiyyətsiz qidalar da insanın ömrünü qısaldır. Amma insanlar ölüm halına gəlməmək üçün yeyib-içdiyinə diqqət etməlidir”.

 

Yuxusuzluq da ömrü qısaldır

Psixoloq bildirir ki, insan gün ərzində 8 saat yatmalıdır: “İnsan kasıb yaşaya, dərd, fikir çəkə, gözünə yuxu getməyə bilər. Lakin hər kəs öz sağlamlığının qayğısına qalmalıdır. Heç nəyi şişirtməməlidir. Hər şey insanın əlindədir. Orqanizm söz verməyib ki, 200 insana dözəcək. Uzun ömürlü olmaq çox zaman insanın öz əlindədir. Aylarla havaya çıxmayan insanlar var. Onlar özünü ölümə məhkum edir. İnsanlar stress içində ola-ola, keyfiyyətsiz qidalarla qidalanaraq çox yaşamaq istəyir. Bu, mümkün deyil. Dərinin qırışması, gözaltının şişməsi bir SOS-dur. İnsan o zaman ayılmalıdır, həyat tərzinə diqqət etməlidir”.

 

Susmaq sizi ölümə aparır

Rəşidova qeyd edir ki, insanlar dərdlərini bölüşməlidir: “Danışmamaq, susmaq ölüm hallarını artırır. insanlar dərdini bölüşməli, içini boşaltmalıdır. Kompleksə girib, cəmiyyətdən özünü təcrid etməməlidir. Danışdıqca insan rahatlayır. Deyirlər ki, danışaram, mənə gülərlər. Bu düzgün deyil. Dərdi olan insan elə bilir ki, dərd bir ondadır. Hər kəsin dərdi var. Biz bölüşdükcə həll yolunu asan taparıq”.

 

Mükəmməllik axtarışı sonunuz ola bilər

Rəşidova deyir ki, insan aza qane olmağı bacarmalıdır: “İnsanlar aza qane olmayıb, mükəmməllik axtarırlar. Mal-mülk üçün canlarını fəda edirlər. Özlərini başqaları ilə müqayisə edir. İnsan əlində olanlarla qane olmalıdır. başqaları ilə yarışmaq insanı yorur. İllər öncə yaşlı insanlar deyərdi ki, canını sıxma, düzələr. Bugünkü gənclər hər şeyin bu dəqiqə olmasını istəyirlər. Bu mümkün deyil. Valideynlər uşaqlarının hər istədiyini aldıqları üçün onlar böyüyəndə həyatdan hər şeyi istəyirlər. İnsanlar elə bilir ki, ömür yetmir. İnsanlar rahat yaşamaqdansa, narahat yaşamağa can atırlar. Daim nə isə əldə etmək istəyirlər. Valideynlər uşağa hər istədiyini almaq üçün saatlarla çalışır, övladına isə vaxt ayıra bilmir. Bütün günü fikir çəkir. Bu da infarkta, insulta gətirib çıxarır. Bu xəstəliklər daha çox kişilərdə rast gəlinir. Ona görə insan özü-özünü tərbiyələndirməli, aza qane olub, insanlarla ünsiyyət qurmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir