masin

Çoxmərtəbəli dayanacaqlar tıxac probleminin həllidirmi?

Baxış sayı: 1. 434

Bakının yollarında tıxacların aradan götürülməsi üçün müxtəlif təkliflər irəli sürülsə və tətbiq olunsa da, bu problem hələ də qalmaqdadır. Belə təkliflərdən biri də çoxmərtəbəli dayanacaqların tikilməsidir. Lakin ekspertlər hesab edirlər ki, qanunsuz parklanmanın tıxac yaratdığı yerlərdə belə dayanacaqların tikilməsi üçün yer də yoxdur. Çoxmərtəbəli dayanacaqların tıxac probleminin həllinə köməklik göstərməyəcəyini söyləyənlər də var.

Bakıda tıxacların aradan qaldırılması ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə təklif irəli sürüb.Trend-2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman A.Mirzəzadə bildirib ki, tıxacların həll edilməsi üçün dövlət tərəfindən xeyli işlər görülür, yollar genişləndirilir, körpülər, tunellər tikilir: “Ancaq bir problem həll olunmasa, tıxacların aradan qaldırılması mümkün olmayacaq. Yolların bir hissəsi avtomobil dayanacağı kimi istifadə olunur ki, bu da tıxacların yaranmasına səbəb olur. Sahibkarlara deyəndə ki, niyə çoxmərtəbəli avtomobil dayanacağı tikmirsiniz, deyirlər ki, ora qoyulan vəsaiti götürmək olmur. Təklif edirəm ki, çoxmərtəbəli avtomobil dayanacağı tikən sahibkarları vergidən azad edək, onlara dəstək göstərək ki, dayanacaqlar tiksinlər. Xaricdə də belədir”.

Yol hərəkətləri qaydaları üzrə ekspert Ərşad Hüseynovun dediyinə görə, elə yollarımız var ki, orada qanunsuz parklanmalar tıxaclar yaradır və bu yollarda çoxmərtəbəli yeraltı dayanacaqların tikilməsinə ehtiyac var: “Amma Bakıda çoxmərtəbəli dayanacaqların tıxac problemini tam həll etməsi məsələsi yanlışdır. Çoxmərtəbəli dayanacaqların olmaması Bakıda tıxacların yaranmasının səbəblərindən biridir, amma əsas səbəb deyil. Dayancaqlara gələn avtomobil yol ilə ora gəlir və sonra ordan yola çıxmalıdır. Düzdür, şəhərin ənənəvi, qədim küçələrində, mərkəzi yollarında əsas tıxacı yaradan səbəb qanunsuz parklanmalardır. Lakin Ziya Bünyadov prospektində və yaxud Sumqayıt yolunda yaranan tıxaca parklanmanın heç bir aidiyyatı yoxdur. Burada əsas səbəb yolun konstruksiyasıdır”.

Həmsöhbətimiz deyir ki, şəhərin mərkəzi küçələrinin hamısında parklanma tıxaca səbəb olur. “Məsələn, Həzi Aslanov küçəsi, Xaqani küçəsi, “28 May” küçəsində və s. Lakin belə yerlərdə yerüstü dayancaqq tikmək üçün yer də yoxdur. Elə yerlərdə də çıxış yolu üçün yeraltı çoxmərtəbəli dayancaqlar tikilməlidir. Belə dayanacaqlar da ən bahalısıdır. Sahibkarlar belə dayanacaqlara pul qoymaqda maraqlı deyillər. Bizdə çoxmərtəbəli dayancaqların əksəriyyətini dövlət tikib”.

Hüseynov qeyd edir ki, Azərbaycan prospektinin başlanğıcına Mərkəzi Univermamsy yanında yerüstü çoxmərtəbəli dayanacaq var: “Çoxmərtəbəli yeraltı dayanacaqlarsa, Füzuli meydanının, “Qış bulvarı”nın altında tikilib. Eləcə də, xeyli iş və ticarət mərkəzlərinin altında çoxmərtəbəli dayanacaqlar var. Məsələn, “Park Bulvar”da, “Kaspian Plaza”nın qarşısında belə dayanacaqlar fəaliyyət göstərir”.

Onun dediyinə görə, parklanma ilə bağlı kreativ yanaşmalar var: “O yanaşmalardan da biri kiçik məkanlarda çoxlu avtomobil yerləşdirməkdir. Çoxmərtəbəli dayanacaqların da funksiyası budur. Lakin çoxmərtəbəli dayanacaqlarda maşının hərəkət etməsini təmin etmək o qədər də asan deyil. Avtomobil ayaqqabı deyil ki, götürüb qoyasan yuxarı. Avtomobili ya sürərək yuxarı mərtəbələrə qədər sürmək lazımdır, ya da çoxmərtəbəli dayanacaqlarda xüsusi liftlər vasitəsilə avtomobil qaldırılmalıdır. Çoxmərtəbəli dayanacaqların elə böyük hissəsini də avtomobillərin belə dayanacaqlara gəlib-getməsi üçün ayrılan yol tutur. Hardasa məkanın 30 faiz hissəsinə qədər yer bunun üçün ayırılır. Bu səbəbdən də müxtəlif xarakterli liftlərin tətbiqi ilə belə dayanacaqlar tikilməlidir. Belə liftlərdən biri binalarda gördüyümüz liftlərə oxşar liftdir, biri də su quyusundan çarxla fırlayıb su çıxaran qurğunu xatırladan fırlanan mexanizmi olan liftdir. Maşın gəlib liftdə yerləşir. Lift fırlanaraq maşını mərtəbəyə qaldırır və onun yeri o biri maşın üçün boşalır. Belə texnologiyalar var. Liftli çoxmərtəbəli dayanacaqlar liftsizlərlə müqayisədə daha az yer tutur. Onlarda 40-50 kvadratlıq yerlərdə 20-yə yaxın maşın yerləşdirmək olar. Adi liftsizlərdə isə həmin sahədə 4-5 maşın yerləşdirmək olur”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir