aile

Çoxuşaqlı ailələr niyə azalır?

Baxış sayı: 1. 577

Əvəllər 9-10 uşağa sahib olmaq qürurverici idisə, indi buna gülünc bir hadisə kimi yanaşırlar. Əksər müasir valideynlər bir qız və bir oğlan övladının olmasını planlaşdırır. “Beş uşaq? Çox uşaq nəyə lazımdır?” deyən ana və ataların sayı indi daha çoxdur. Səbəb nədir? Niyə valideynlər çox uşaq istəmirlər?

Psixoloq Vəfa Rəşidova bildirdiyinə görə, bu gün Azərbaycanda ailə dəyərləri, ailə institutu zəifləyib: “İllər öncə ailədə bir uşaq olardısa, o ailəyə kəm baxardılar. İndi isə biruşaqlı ailələrə daha çox müasir, böyük dünyagörüşü olan ailə kimi baxırlar”.

V.Rəşidova hesab edir ki, nümayiş etdirilən tele-serialların da ailə institutları, ailə modelləri, ailə strukturunun dəyişməsində rolu var: “Seriallar insanlara həddindən artıq təsir edir, onların həyata baxış bucaqlarını dəyişir. Bizim üçün ailə dəyərləri çox önəmli olduğu halda seriallar insanların sanki emosiyalarını soyudur”.

Onun fikrincə, ailədə tək uşağın olmasının kökü hiper qoruyan analardadır. Onlar “bir uşağım olsun, onun üçün hər şey edim” düşünənlərdir. “Müasir ailə obrazının daxilinə girsək, bir çox problemlərin olduğunu görərik. Terapiya zamanı ailə modellərini öyrənmək üçün sual verirəm ki, bəs ailə üzvləriniz kimdir? Sual verərkən “Bizim ailə çox müasir ailədir” deyir. Sual verirəm ki, müasir ailə sizin üçün nə deməkdir? Cavab verir: “Həyat yoldaşım, mən və bir uşaq. Başqa heç kim yoxdu”. Amma illər öncə biz bunu görmürdük. Biz deyirdik ki, “Biz çox böyük və mehriban ailəyik. Bizim ailəmizdə nənə, baba, iki – üç uşaq var”.

Həmsöhbətimizə görə, bir-uşaqlı ailələrdə daha çox davranış pozuntusu müşahidə olunur. “Ona görə ki, onun nazı ilə həddindən artıq çox oynayırlar, onun hər istədiyini yerinə yetirirlər, nə varsa, onun üçün edirlər. Bu da təbii ki, bir şəxsiyyətin tam köklü formalaşmasında çox ciddi ziyanlar verir”.
V.Rzayevanın dediyinə görə, çoxuşaqlı ailələrin müsbət tərəfi birinci növbədə uşaqların məğlubiyyəti qəbul etməyi bacarmasıdır: “Nümunə olaraq sonbeşik uşaq böyük qardaş-bacıdan gözəl nümunələr, gözəl davranışlar götürə bilir. Və yaxud, onlarda qısqanclıq problemləri də olur. Çoxuşaqlı ailələrdə böyüyən uşaqlar cəmiyyətə də gözəl şəkildə adpatasiya ola bilirlər. Cəmiyyətdə ünsiyyət problemləri olmur. Ailədə tək uşağın isə hər zaman ünsiyyət problemi olur”.

Psixoloq Orxan Orucun dediyinə görə, çoxuşaqlı ailələrin sayının azalmasının çox təbii bir neçə səbəbi var: “İlk növbədə yaxın keçmişə baxsaq görərik ki, çoxuşaqlı ailələr şəhər əhalisinə nisbətən, bölgələrdə daha çox olub. Müasir dövrdə sürətlə şəhərləşmənin inkişafı çoxuşaqlı ailələrin azalmasının əsas səbəblərindən biri ola bilər. Çünki müasir dövrdə şəhər mühitində uşaq böyütmək valideynlər üçün yalnız qida və geyim qayğılarından ibarət olmur. Kənar xərclərin, əyləncənin təşkili üçün uşağa xərclənən məbləğ ailədəki uşaqların sayının ailənin büdcə potensialına uyğunlaşmasını tələb edir”.
O.Oruc bildirir ki, keçmişdə bölgələrdə yaşayan ailələr daha çox kənd təsərüfatı ilə məşğul olduqları üçün ilk növbədə doğulan hər bir uşağa köməkçi iş qüvvəsi kimi yanaşılırdı: “Eyni zamanda bölgələrdə uşaqların geyim, əyləncə, təhsil xərcləri xüsusi qayğı tələb etmirdi. Bir geyimi bəzən 4-5 uşaq bir-birinə ötürərək istifadə edirdi. Onların müasir şəhər uşaqlarından fərqli olaraq yeməklə bağlı xüsusi tələbləri olmurdu, cürbəcür rəngli və müxtəlif funksiyalı oyuncaqlara ehtiyac olmurdu. Hər şey təbii və qaneedici idi. Uşaqlar kollektiv oyunlarla öz əyləncələrini təşkil edirdilər. Əmək prosesinin içərisində oynaya-oynaya böyüyürdülər. Bəzən valideynlər heç uşaqların tərbiyəsi üçün də xüsusi vaxt ayırmırdılar. Ailələr və uşaqlar daha sosial mühitdə, birgə əmək şəraitində olduqları üçün mühit özü hər kəsi tərbiyələndirirdi. Ancaq müasir dövrdə hətta regionlarda belə şəhərləşmənin və şəhər dəyərlərinin artması ailələrin öz uşaqları ilə bağlı qayğılarını da çoxaltmış olur. Bu isə sözsüz ki, ilk növbədə ailələrin uşaq planlamasında onların sayının azalmasına gətirib çıxarır”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir