Qaz

Dəm qazı can almaqda davam edir – səhlənkarlıq, yoxsa…?

Baxış sayı: 223

Havalar soyuduqca dəm qazından zəhərlənmə halları da çoxalır. Yayda dənizdə boğulma halları çox olursa, qışda da dəm qazı can alır, faciələr yaşanır. Son dəhşətli  hadisə dekabrın 12-də baş verib. Belə ki,  Hacıqabulda  33 yaşlı Ləman Əliyeva yaşadığı evin hamamında 3 yaşlı qızı və 2 yaşlı oğlu ilə birgə dəm qazından boğularaq ölüblər.

Ötən illərdə də vəziyyət eyni idi. Hər dəfə müvafiq qurumlar, ekspertlər SOS təbili çalsa da, dəm qazı faciəsinin qarşısını almaq mümkün olmur. Vətəndaşlar bir çox hallarda verilən qazın tərkibindən şikayətlənirlər. Ancaq “Azəriqaz” İstehsalat Birliyi bu fikirləri doğru saymır. Belə ki, qurumun mətbuat xidmətindən bildirilir ki, verilən təbii qazın tərkibi stantartlara uyğundur.

Ekspertlərə görə, zəhərlənmələrin qarşısını almaq üçün insanlar arasında maariflənmə işinin aparılması da olduqca vacibdir. “Azəriqaz” və Fövqəladə Hallar Nazirliyi tərəfindən bu kimi işlər aparılır. Ümumilikdə isə dəm qazından zəhərlənmənin bir sıra səbəbləri var ki, onlardan bəzilərini qeyd edək:

– suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir);

– soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması;

– standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;

– sobanın qapağının vaxtında bağlanmaması;

– yanacağa yanma üçün lazımı miqdarda havanın daxil olmaması;

– tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;

– sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;

– sobada və borularda çatların və nasazlıqların olması;

– insanların yanğın ocaqlarında olmaları;

– qarajda avtomobilin işlək vəziyyətdə olması.

Image result for Nüsrət Qasımov

Ekspert Nüsrət Qasımov bildirdi ki, maarifləndirməyə rəğmən bu kimi hadisələrin sayı kifayət qədər çoxdur: “Bədbəxt hadisələrin 99 faizi hamamda baş verir. Bunun da əsas səbəbi odur ki, kim harada və necə gəldi qaz cihazı quraşdırır. Eyni zamanda 30-40 ildir ki, tüstü bacalarını təmizlətməyənlər var. Əvvəllər Yanğından Mühafizə idarəsində könüllü cəmiyyət vardı ki, onlar tüstü bacalarını dəyişib, ildə də iki dəfə yoxlayırdılar. Əslində su qızdırıcılarının ildə 2 dəfə tüstü bacası yoxlanmalıdır. Qızdırıcı cihazlarında isə qış mövsümündən öncə olmaqla ildə bir dəfə yoxlama aparılmalıdır. Bu tüstü bacalarında arı da pətək qura bilər, siçovul, quş da ölüb qala bilər. Ona görə də tüstü bacasının yoxlanması əsas şərtdir. Ancaq məsələ bundadır ki, ev sahibinin də üz tutası qurum yoxdur. Cəmi bir qurum var ki, onlar da tüstü bacasını 800 manata təmizləyirlər. 1 kubmetr metan qazı yanan zaman 9 kubmetr hava lazım olur. Bu hava çatmayanda və ya çox olanda yanma prosesi pozulur. Bu zaman da karbon 4 oksid əvəzinə, karbon 2 oksid ayrılır və 7 dəqiqə ilə 30 dəqiqə arasında o mühitdə nəfəs alan insan zəhərlənir. Ona görə də tüstü, boru ilə xaricə ötürülməli və bu boru da damdan 50 sm hündürə qalxmalıdır. Çox təəssüf ki, heç bunu da bilən yoxdur. Kim necə bacardısa, elə də düzəldir və fərqli diametrlərdə boru qoyurlar. Onda da tüstünün yarısı içəri vurur”.

Ekspert bildirdi ki, hamamxananın da ölçüləri standarta uyğun olmalıdır: “Hamamın həcmi 7.5 kubmetr olmalıdır. Hündürlüyü 2.20 sm, qapısı da bayıra açılmalı və aşağısında deşiklər olmalıdır. Səbəb də xaricdən havanın daxil olaraq, yanma prosesinə kömək etməsidir. Havalandırma elə işləməlidir ki, 1 saatda 3 dəfə içərinin havası dəyişsin. Heç kim bu normativlərə fikir vermir. Özbaşınalıq, səhlənkarlıq isə ölümlərə səbəb olur. Bəziləri deyir ki, qazımız zəhərlidir. Yaxşı bu qaza zəhəri kim qatıb? Bütün dünya üzrə qəbul olunub ki, ən təmiz qaz Azərbaycanda çıxarılır. Bu qaz zəhərli olsa Avropa ölkələri niyə bunu alır? Qazın tərkibində problem yoxdur. Bunlar cəfəngiyatdır. Qazla məşğul olan ustaların da lisenziyası olmalıdır ki, bu da yoxdur. İnsanlar elə tanış, qohum kim əlində açar tuta bilirsə, çağırıb qaz cihazlarını quraşdırırlar. Gecə yatan zaman da qızdırıcını mütləq söndürmək lazımdır. Soyuğun qorxusundan qaz cihazını yanılı qoymaq qəti şəkildə qadağandır. Qazı yandırma qaydasına diqqət etmək lazımdır. Öncə odu gətirmək lazımdır, sonra qazı açmaq gərəkdir. Elementar qayda-qanuna fikir vermək lazımdır. Rezin, plastik borularla qaz çəkmək olmaz. Havalandırma sisteminə də diqqət etmək lazımdır. Dəm qazının iyi var. Bu, sarımsaq iyinə oxşayır. Həmçinin, dəm qazı gözü də acışdırır. Bunlara diqqət etmək lazımdır ki, həyatda qalasınız”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir