is gorusmesi

Dərhal nəticə verən netvörkinq necə olmalıdır?

Baxış sayı: 131

Gəlin etiraf edək, hazırda iş bazarı durğundur, çox az adam arzuladığı işi əldə edə bilir və az qala bir ovuc insan karyeralarının zirvəsinə çatır. Yaxşı bəs onda siz bu bəxtəvər azlığın bir hissəsi olmadığınız üçün özünüzə qapanıb depressiyaya düşməlisiniz? Əlbəttdə ki yox! Həyat davam edir və hələ də yararlanmalı çoxlu imkanlar var.

Fransis Beykonun məhşur deyimindəki kimi müdrik insan özünə tapdığından daha çox imkanlar yaradacaq. Yaxşı xəbər də budur ki, bir pulsuz, asan əldə ediləbilən, amma çox vaxt gözardı edilən bir bacarıq vardır ki, ondan düzgün istifadə edildiyində saysız hesabsız imkanlar yarada bilər – çox vaxt netvörkinq kimi də eşitdiyimiz əlaqələr qurma bacarığı.

Netvörkinq əlaqələrin qurulması, sizi dəstəkləyəcək yeni tanışların və dostların qazanılmasıdır. Bəs istənilən yeni bir əlaqə sizə məqsədinizə çatmağa kömək edə bilərmi? Lap “canını da alar!” Netvörkinq dərhal nəticə verən unikal bir vasitədir. Sizə ilk baxışdan faydasız görünən yeni bir tanışınız əlaqələr zəncirinizin həyati əhəmiyyətli bir parçası ola bilər.

Az qala bir əsr yaşı olan “ayrılığın altı dərəcəsi” fəlsəfəsində deyilir ki, yaşayan istənilən iki şəxs və ya əşya bir-birindən altı ya da daha az addım uzaqlıqdadır. Bu anlayışa görə “dostumun dostu” anlayışını ən çox altı addımda əsaslandırmaq olar. Başqa deyimlə istənilən bir adam başqa istənilən bir adamla aralarında olan uzağı altı adam vasitəsilə və ya altı addımda tanış ola bilər. Və hazırki həddən artıq sıx bağlı olan və bu sıxlığın get-gedə daha da artdığı bir dünyada əlaqələr əvvəlki vaxtlardan daha vacibdir.

Sizin potensial işləyəcəyiniz şirkət və ya biznes partnyorunuz bacarıqlarınıza üstünlük versə belə başqa bir köhnə, amma yaxşı deyimdə olduğu kimi “əsas nəyi bacardığınız yox, kimi tanıdığınızdır” fikri hələ də keçərlidir. Hazırki sosial statusunuzun necə olmasından asılı olmayaraq, yaxşı, uyğun tanışınız sizi daha da nüfuzlu adamlarla tanış edə bilər və işlərinizin hərəkətə gəlməsinə kömək edə bilər.

 

Bəs yaxşı dərhal nəticə verən netvörkinq necə olmalıdır?

İnternetdə saysız-hesabsız elmi və araşdırmalara əsaslanan effektli yollar var ki, onlar sizə nüfuzunuzu, özünəinam hissinizi qaldırmağa və həyatınızı dəyişəcək imkanı qazanmağa kömək edə bilər.

Mənim ən sevimli və sınaqdan keçirdiyim metod həvəs-səxavətlilik-etibarlılıq üçbucağı üzərində qurulub. Bu metod aşağıdakı kimi işləyir:

 

Çox həvəsli olun

Əgər potensial yeni əlaqənizdə davamlı təəssürat yaratmaq istəyirsinizsə onda həmin adamla görüşəcəyiniz yerə əmin addımlarla daxil olun və özünüzə təlqin edin ki, siz məhz onun axtardığı adamsınız. Həmin adama necə yaxşı kömək edə biləcəyinizi xüsusi ehtirasla göstərin. Hətta hiss etsəniz ki, o iş sizin üçün bir az böyükdür, o adama çatdırın ki, siz çətinliklərə hazırsınız.

 

Səxavətlilik nümayiş etdirin

Yaxşı əlaqə yaradanlar əvvəl sadəcə öz xeyirlərini güddüklərini deyil töhfələrini verməyə hazır olduqlarını göstərməlidirlər. Bu, xoşagələn insanların ən əsas xüsusiyyətlərindən biridir. Əgər səmimiliklə göstərilsə bu, sizinlə əlaqə yaratmaq istədiyiniz adam arasında daxili bir bağ yaratmağa kömək edəcək və bu sizin xeyrinizə işləyəcək.

 

Etibarlılıq hissi yaradın

Etibarlı insan olmaq əlaqə qurulmasında həyati rol oynayır və sizin ən çox ehtiyacınız olan bir cəhətdir. Bir insanın etibarını qazanmaq bir az vaxt tələb etsə də bəzi kiçik görünən amma olduqca zəruri davranışlar vardır ki, onları göstərmədikdə əlaqə yaratmaq şansınız heçə enə bilir. Buna misal olaraq elə ilk görüşə vaxtında gəlməmək ola bilər. Vədinizə əməl edin ya da ki, yerinə yetirə bilməyəcəyiniz sözü verməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir