derman

Dərman içliyi problemi həllini niyə tapmır?

Baxış sayı: 1. 862

2012-ci ildən etibarən Səhiyyə Nazirliyi qadağa qoysa da, satışda içliyi öz dilimizdə olmayan dərmanlar hələ də satılır. Bu, qanuna zidd olsa da, uşaqlar üçün nəzərdə tutulan dərmanlar arasında belə, içliyi əcnəbi dildə olan xeyli dərman satışdadır.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəmizə idxalı tam dayandırılmayıb.

Verilən məlumata görə, içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəmizə idxalının tam dayandırılması prosesi tədricən tənzimlənir: “Lakin dərman bazarında idxaldan asılılığımızın çox olması, ölkədə bəzi dərman vasitələrinə olan tələbat və dərman vasitələrinin çatışmazlığı hallarının qarşısının alınması məqsədilə bəzi içlik vərəqələri Azərbaycan dilində olmayan dərman vasitələrinin ölkəmizə idxalına və satışına icazə verilir. Lakin distribyuterlər həmin dərman vasitələrinin Azərbaycan dilində olan içlik vərəqələri ilə təmin olunmasına təminat verirlər. Əsasən bu cür dərman vasitələri bir neçə xarici ölkə üçün istehsal olunduğundan və ölkədə o dərman vasitələri çox az istifadə olunduğundan, onların içlik vərəqələri beynəlxalq dillərdən rus və ya ingilis dilində olur. İdxaldan sonra bu dərman vasitələri distribyuterlər tərəfindən Azərbaycan dilində olan içlik vərəqələri ilə təmin olunur”.

Tibb sahəsi üzrə ekspert Şəmsiyyə Namazlının bildirdiyinə görə, xaricdən gətirilən dərmanlarda içlik istehsal olunduğu ölkənin dilində yazılır: “İngilis dilində və ya hansısa beynəlxalq dildə verilən içliklər də olur. Ölkəyə gətirilən dərmanların içliyi Azərbaycan dilinə tərcümə olunur. Molekul tərkibi, təsir mexanizmi tərcümə edilir. İçlik vərəqəsi dərmanın içərisində saxlanılır. Lakin elə dərmanlar var ki, onların içliyi tərcümə olunmur”,-deyən müsahibimizə görə, içliyin tərcümə olunmaması dəmanın tərkibinin keyfiyyətsiz, keyfiyyətli olmasına dəlalət eləmir. Onun sözlərinə görə, bunu öyrənməyin ən dəqiq yolu dərman vasitələrinin laboratoriyalarda yoxlanılmasıdır.

Namazlı qeyd edib ki, aptekə girərkən birinci növbədə dərmanların saxlanıldığı şəraitə, üzərinə gün şüalarının düşüb-düşməməsinə fikir vermək lazımdır: “Dəfələrlə vurğulamışıq ki, günün altında saxlanılan dərmanları almaq olmaz. Hər kəs bu sadə amilə fikir verə bilər. İkincisi, dərman alarkən onun istifadəyə yararlılıq müddətinə baxmaq lazımdır. Üçüncüsü, dərmanların, ampulaların sayının içliyində göstərilən miqdarla uyğun olub-olmaması yoxlanılmalıdır”.

Tibb sahəsi üzrə ekspert bildirib ki, dərmanlarla bağlı xeyli problemlər mövcuddur: “Bir çox dərmanlar haloqramsız satılır. Amma haloqramın mövcudluğu da dərmanın keyfiyyətli və ya keyfiyyətsiz olduğunu təsdiq etmir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun qəzetimizə dediyinə görə, “Dövlət dili haqqında” qanunda, “İstehlakçıların hüquqlarının qorunması haqqında” qanunda və digər qanunvericilik sənədlərində, o cümlədən Nazirlər Kabinetinin 95 saylı qərarında birmənalı şəkildə yazılır ki, Azərbaycanın əmtəə dövriyyəsində olan bütün mallar, o cümlədən mürəkkəb texniki mallar, avtomobilin sənədləri, telefon sənədləri, dərmanların içlikləri Azərbaycan dilində olmalıdır: “Bir sıra zəif ölkələr öz qanunlarına riayət edərək, çoxdandır, buna əməl edirlər. Lakin Azərbaycanda istehlakçıların milli dildə informasiya almaq hüquqları pis vəziyyətdədir. Elə marketlər var ki, orada malların 60 faizi Azərbaycan dilində markalanmayıb. Dərmanların da təxminən 30 faizinin içlikləri markalanmadan satışa buraxılır. Buna mütləq nəzarət olunmalıdır. İnsanların milli dildə informasiya almaq hüquqları var.
Ölkədə itehlakçıların hüquqlarının müdafiəsinin düzgün formalaşmadığını deyən AİB sədri hesab edir ki, istehlakçıların hüquqlarını qoruyan dövlət qurumu düzgün fəaliyyət göstərmir.

Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyi hələ 2012-ci ildə içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalını dayandırmışdır.

2012-ci il 1 iyun tarixində Səhiyyə Nazirliyindən bildirilmişdir ki, ölkəyə gətirilən dərmanların içlik vərəqələri Azərbaycan dilində də olmalıdır. Bununla əlaqədar artıq 2012-ci il iyunun 1-dən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının Azərbaycana idxalına icazə verilməyəcək.
Nazirlik bununla bağlı dərman şirkətlərinə bir neçə dəfə rəsmi xəbərdarlıq da edib.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir