sehiyye nazirliyi

Dərmanlara milli farmakoloji nəzarət sistemi qurulur

Baxış sayı: 111

“Azərbaycanda dərmanın əlavə təsirləri aşkar edildiyi halda, vətəndaş Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəsmi internet saytındakı (www.pharma.az) “onlayn” məlumat blankını doldura və bu məlumatı sonradan məktub və ya faksla yollaya bilər”. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Verilən məlumata görə, Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurasının dərman vasitələrinin əlavə təsirlərinə nəzarət qaydalarına əsasən, həkimlər və istehsalçılar dərman vasitəsinin istifadəsi zamanı təlimatda göstərilməyən, yaranan bütün əlavə təsirlər haqqında məlumat verməlidirlər. Qeyd edilib ki, hər bir dərman vasitəsi bazara çıxmazdan öncə bir çox klinik sınaqlardan keçir: “Klinik sınaqlardan uğurla keçmiş yüksək terapevtik effekt göstərmiş və əlavə təsirlər baxımından təhlükəsiz dərman vasitələri satış bazarına çıxmağa icazə alır (qeydiyyata alınır). Əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin edilməsi müasir dövrdə ən aktual məsələlərdən biridir. Dərman vasitələrinin təhlükəsizliyi qlobal problemlərdən biridir. Dərmanların əlavə təsiri insan orqanizminə mənfi təsir göstərə, hətta bəzi hallarda ölümlə nəticələnə bilər. Bundan başqa, dərman vasitələrinin əks təsirindən meydana gəlmiş fəsadları aradan qaldırmaq iqtisadi cəhətdən böyük vəsait tələb edir”.

Nazirikdən o də bildirilib ki, müasir dərman vasitələri bir çox xəstəliklərə qarşı effektiv mübarizə imkanları verir: “Lakin hər bir dərman (yunanca “farmakon” – zəhər) eyni zamanda, zəhərdir və hər bir dərmanın müsbət terapevtik təsirləri ilə yanaşı, mənfi əlavə təsirləri də var. Təbii ki, bu təsirlər dərmanların klinik tədqiqat mərhələlərində öyrənilir. Lakin dərman vasitələri satışa çıxdıqdan sonra da yeni əlavə təsirlər meydana çıxır”.

Nazirlikdən qeyd edilib ki, Azərbaycanda dərman vasitələrinin rasional istifadəsi, dərman preparatlarının effektivliyi və əlavə təsirləri haqqında məlumatın sistemləşdirilməsi, səhiyyə işçilərinin dərmanların təsiri haqqında məlumatlandırılması və ümumi mərkəzləşdirilmiş məlumat sisteminin yaradılması məqsədi ilə Mərkəzdə farmakoloji nəzarət sistemi qurulmaqdadır: “Dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə əlavə təsirlərin və fayda/risk nisbətlərinin sistemli bir şəkildə izlənməsi, bu xüsusda məlumat toplaması, qeydiyyata alınması, qiymətləndirilməsi, arxivləşdirilməsi, tərəflər arasında əlaqələrin qurulması və dərmanların səbəb ola biləcəyi zərərlərin minimallaşdırılması üçün zəruri tədbirlərin görülməsi Mərkəzdə aparılan farmakonəzarət fəaliyyətlərinin əsasını təşkil edir”.

Səhiyyə Nazirliyi ölkədə milli farmakoloji nəzarət sisteminin qurulması işlərinə başlanıldığını da bildirir. Qeyd olunub ki, məlumat bazalarının və müvafiq farmakoloji nəzarət proqramlarının yaradılmasına başlanılıb, müvəqqəti farmakoloji nəzarət təlimatı təsdiqlənib. Məlumatda bildirilir ki, hazırda farmakoloji nəzarət üzrə milli qanunvericiliyimizin hazırlanması və Avropa İttifaqının dərman vasitələri ilə əlaqəli 2010/84/EC direktivinə uyğun əsaslandırılması prosesi tamamlanmaq üzrədir. Bu sahədə milli qaydaların hazırlanması, GVP modullarının və və MedDra terminologiyasının tərcüməsi işlərinə başlanılıb.

Bir çox ölkələrin farmakoloji nəzarət üzrə səlahiyyətli təşkilatları ilə əlaqələr qurulub. Hazırda bu sahədə Azərbaycan bir çox nüfuzlu qurum və təşkilatlarla beynəlxalq əməkdaşlıq edir.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir