derman

Dərmanların reklam olunması düzgündürmü?

Baxış sayı: 123

Bəzən kimsə televiziyada reklam olunan dərmanın onun da xəstəliyinə çarə ola biləcəyini güman edərək, həkim məsləhəti olmadan həmin dərmanı alır. Həkim resepti olmadan verilən dərmanların düzgün təyin edilmədən, doğru dozada müəyyən edilmədən qəbulu isə sonra ciddi fəsadlara gətirib çıxarır.

Milli Məclisin Səhiyyə komitəsinin dünənki iclasında da bu məsələ müzakirə olunub. Komitə sədri Əhliman Əmiraslanov ölkədə həkim resepti olmadan dərmanların geniş reklam olunmasının tərəfdarı olmadığını deyib: “Bəzən kimsə reklamda dərmana baxır deyir ki, bu patoloji əlamətdən məndə də var. Bu dərmanı alıb qəbul edir. Amma sonra məlum olur ki, həmin dərman ona uyğun deyil və daha sonra xəstənin müalicəsi daha da çətinləşir”.

Əmiraslanov əlavə edib ki, Azərbaycanda dərman istehsalı ilə bağlı ciddi işlər aparılır: “Dövlət başçısının dərman vasitələrinin təchizatı ilə bağlı ciddi tapşırıqları var və ölkədə dərman istehsalı zavodlarının yaradılması istiqamətində mühüm işlər aparılır”.

Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədovanın sözlərinə görə, telekanallar dərmanları müəyyən şərtlərə əməl edərək reklam edirlər. Nazirliyin TV-lərdə dərmanların reklamı üçün icazə verilməsi ilə məşğul olmadığını deyən S.Əhmədov bunun qanunda nəzərdə tutulmadığını bildirib. “Əvvəllər nazirlik tərəfindən buna rəy verilirdi. İndi isə nazirlik bu işlə məşğul olmur” deyən nazirliyin təmsilçisi bildirib ki, televiziya kanalları ancaq reseptsiz satılan dərmanları reklam edə bilərlər. “Reseptlə satılan dərmanlar reklam olunmur”.

Dərmanların reklam edilməsi “Dərman vasitələri haqqında” qanunda da əksini tapıb. Telekanallar da dərmanları reklam edərkən qanunvericiliyin tələblərinə əməl etməlidirlər: “Bütün dərman reklamlarında alt hissədə “dərman preparatlarının istifadəsi əks reaksiyalara səbəb ola bilər. İstifadə etməmişdən öncə həkimlə məsləhətləşin”  xəbərdarlığı yazılmalıdır. Bu şərtə əməl edilmədən dərmanlar reklam edilməməlidir”.

Hüquq müadiəçisi Fərid Həmidlinin sözlərinə görə, həkim resepti olmadan buraxılan dərman vasitələri haqqında informasiya KİV-də, ixtisaslaşdırılmış və ümumi nəşrlərdə, dərman vasitələrinin tətbiqi haqqında təlimatlarda yayımlana bilər. Həkim resepti əsasında buraxılan dərman vasitələri və yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində tətbiq edilən tibb vasitələri haqqında informasiya tibb işçiləri və əczaçılar üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış nəşrlərdə yayımlana bilər.

Həmsöhbətimizin bildirir ki, “Dərman vasitələri haqqında” qanuna görə, dərman vasitələrinin istehsalçıları tibb işçilərini dərman vasitələrinin bütün tətbiqi xassələri barədə tam məlumatla təmin etməyə borcludurlar. “Qanunun 17-ci maddəsində bildirirlir ki, dərman vasitələrinin tətbiqi və dövriyyəsi ilə məşğul olan fiziki və hüquqi şəxslərin qanunazidd hərəkətləri nəticəsində insan sağlamlığına vurulmuş zərər qanunvericilikdə müəyyən olunmuş qaydada həmin şəxslər tərəfindən ödənilir. Dərman vasitələrinin tətbiqi nəticəsində insanın sağlamlığına vurulmuş zərər  dərman vasitəsi təyinatı üzrə, istifadə təlimatına müvafiq surətdə tətbiq edilib və onun insan sağlamlığına zərərli təsiri istehsal zamanı yol verilmiş səhvlərin nəticəsində baş verərsə, dərman vasitəsinin insan sağlamlığına zərərli təsiri istehsalçı tərəfindən dərc edilmiş istifadə təlimatında yol verilmiş səhvlərin nəticəsində baş verdiyi sübut olunarsa, dəyən zərər istehsalçı tərəfindən ödənilməlidir”.

Həmidlinin sözlərinə görə, dərman vasitəsinin insan sağlamlığına zərərli təsiri dərman vasitəsinin topdansatış əczaçılıq müəssisələrində və ya aptek təşkilatlarında saxlanma qaydalarının pozulması səbəbindən yararsız hala düşməsi nəticəsində baş verərsə, vurulmuş zərər həmin topdansatış əczaçılıq müəssisələri və ya aptek təşkilatları tərəfindən ödənilməlidir.

Radioloq Aynur Ariflinin sözlərinə görə, reseptsiz satılan dərmanlar çox nadir halda insan sağlamlığı üçün zərərli ola bilər. Dediyinə görə, psixotrop dərmanlar reseptsiz satıla  bilməz. Bu dərmanlar reseptlə yazılsa belə, reklam edilə bilməz: “Həmin dərmanlar xəstələrə yazılan zaman həkimin və xəstəxananın möhürü mütləq olmalıdır. Çünki bu dərmanlardan   narkomanlar başqa məqsədlərlə istifadə edə bilər. Bunların reklamına da icazə yoxdur”.
Reseptsiz satılan dərmanların isə orqanizmə heç bir mənfi təsiri ola bilməz. Bu səbəbdən də onun fikrincə, belə dərmanlar reklam oluna bilər.

Həkim Məlahət Abbasova isə qeyd edir ki, reseptsiz satılan dərmanlar sağlamlıq üçün təhlükəli olmasa da, hər bir şəxs xəstə olduğuna əmin olduqdan sonra dərman qəbul etməlidir. “Amma bu gün insanlar televiziyalardan, internet resurslarından faydalanaraq özlərinə diaqnoz qoyub dərman  qəbul edirlər. Bu isə sağlamlıq üçün təhlükəli ola bilər. Dərman sağaltmaq üçün olan bir vasitədir. Onu sağlam insanın içməsinə gərək yoxdur. Şəxs xəstəliyinə diaqnoz qoyulandan sonra dərmanlardan istifadə edə bilər. “Ürəyim ağrıyır”, “mədəm ağrıyır”, “öd kisəm ağrıyır”, “qaraciyərimdə problem var” deyə, diaqnoz qoyub dərman içmək sağlamlıq üçün təhlükəli ola bilər. Bəlkə sizin heç dərmana ehtiyacınız yoxdur”,- deyən həmsöhbətimiz məsələyə bu baxımdan yanaşaraq, reseptsiz dərmanların reklam olunub-olunmamasının da sual altında qaldığını bildirir.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir