ders

Dərsdən yayınan qızlar… – Şagirdlərin dərsə getməməsinin ƏSAS SƏBƏBLƏRİ

Baxış sayı: 1. 118

“Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repetitorlara müraciət etməsələr, yaxşı nəticə əldə edə bilmirlər. Əslində təhsildə kütləvi şəkildə repetitorluq modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular”.

Təhsil eksperti Kamran Əsədov bu fikirdədir.

Məlum məsələdir ki, şagirdlərin əlavə müəllimlərin yanına getməsi, onların dərslərdən yayınması hesabına başa gəlir. Bir neçə gün öncə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva açıqlamasında şagirdlərin dərsə davamiyyətinin aktual məsələ olduğunu bildirib: “Bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb və həmin sistemdə bu gün biz, oxuduğu məktəbdən asılı olmayaraq başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük”. Nazir müavini bildirib ki, Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən, məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, məktəblərdə, xüsusən 10-11-ci siniflərə qəbul olunan şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün. Şagirdlər və valideynlərlə bu barədə söhbətlər aparılsın.

Qeyd edək ki, dərsə davamiyyətin səbəbləri fərqlidir. Bir sıra rayon və kəndlərdə qız uşaqlarını oxutmaq istəməyən valideynlər onları yuxarı siniflərdə məktəbə buraxmağı faydasız hesab edir. Amma təhsilini davam etdirmək istəyən bir çox şagirdlər də var ki, onlar repetitor yanına getdikləri üçün gündəlik dərslərinə qatıla bilmirlər. Bu zaman ortaya ictimaiyyəti maraqlandıran sual çıxır. Orta ümumtəhsil məktəblərində verilən təhsil şagirdlərin ali məktəbə qəbul olunmasına imkan verirmi? Ümumiyyətlə, şagirdlərin repetitor yanına getməsi, bir neçə fənn üzrə hazırlaşması yetərlidirmi? Bu hal hansı mənfi nəticələrə səbəb olur?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirir ki, Təhsil Xidmətləri Araşdırma və Təhlil mərkəzi olaraq 2019-cu ilin oktyabr və noyabr aylarında Bakı küçələrində “Ümumtəhsil məktəblərində davamiyyət səviyyəsi haqqında” seçmə statistik monitorinq aparıblar: “Monitorinq zamanı 6-17 yaşlı 309 nəfər uşaq sorğu olunub, onların 55 faizini oğlanlar, 45 faizini qızlar təşkil edib. Orta məktəblərin önündə apardığımız monitorinqlər nəticəsində ümumtəhsil məktəblərində oxuyan və repetitor yanına getmə səbəbindən məktəbdən yayınanlar əsasən 15-17 yaşlı uşaqlardır. Repetitor yanına getmə səbəbindən həmin yaşda məktəbdən yayınan uşaqlar 77,7 faiz təşkil edib və onların əksəriyyəti, 80,5 faizi qızlardır. Məktəbdən yayınma halları əsasən yuxarı yaşlı uşaqlar arasında qeydə alınıb və onların 55,3 faizi 15-17 yaşda, 24,6 faizi 12-14 yaşda olanlardır. Apardığımız monitorinq nəticəsində ortaya çıxdı ki, ümumtəhsil məktəblərində oxuyan uşaqların 49,8 faizi 1 ayadək, 10,4 faizi 1 aydan 3 ayadək, 11 faizi 3 aydan 6 ayadək, 14,7 faizi 6 aydan 1 ilədək, 14,1 faizi isə 1 il və yuxarı müddətdə məktəbə getməyib”.

Ekspert bildirir ki, bu gün nəinki Azərbaycanda, postsovet ölkələrinin əksəriyyətində təhsil sisteminin bugünkü durumu acınacaqlı vəziyyətdədir. O, bunun səbəblərinin kifayət qədər dərin olduğunu deyib: “Fikrimcə, ilk öncə bu vəziyyət siyasi faktorlarla bağlıdır. SSRİ adlanan nəhəng bir imperiyanın müxtəlif müstəqil dövlətlərə parçalanması və nəticədə mövcud vahid sovet təhsil sisteminin də süquta yetməsi ilə izah olunmalıdır. Belə ki, sovet rejiminin bütün digər qüsurlarına baxmayaraq, onun elm-təhsil sisteminin kifayət qədər güclü olmasına, yüksək səviyyəli elm və pedaqoji kadrların mövcudluğuna da şəkk yox idi. Lakin bu da bir həqiqətdir ki, ölkəmizdə təhsil sisteminin bugünkü böhran vəziyyətinin sirlərini cəmiyyətimizin yalnız mövcud zəminində yox, həm də onun dünənki, əsasən keçən əsrin 70-80-ci illərdəki real qüsurlu məqamında axtarmaq lazımdır. Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına, repetitorlara müraciət etməsələr, yaxşı nəticə əldə etmələri inandırıcı olmaz. Əslində təhsildə kütləvi şəkildə repetitorluq modeli son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə daxil olurdular”.

Ekspert bildirir ki, repetitor yanına gedən şagird daha ciddi nəzarətə götürülür. Onun sözlərinə görə, şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsi, müəllimə xüsusi ianə xərclənməsi və bütün bunların valideyn tərəfindən daha ciddi nəzarətə götürülməsi yaxşı nəticə verir: “Orta məktəbə gedən şagirdi isə valideyn güclü nəzarətdə saxlamır. Həmin şagirdlər də hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən “geri qaldıqları” üçün ruhdan düşürlər. Təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında heç bir müəllim yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər. Bu şərtlə ki, şagirdə həm valideyn ciddi nəzarət eləsin, həm məktəb dərsin keyfiyyətinə fikir versin. Son vaxtlar abituriyentlərin repetitorlara az müraciət etməsinin əsas səbəbi onların xidmət haqlarının yüksək olmasıdır. Yəni illərlə bu sahədə məşğul olan təcrübəli repetitorlar daha yüksək qiymətə xidmət haqqı təklif edirlər. Valideynlər isə daha ucuz xidmət haqqına meyl edirlər. Yəni valideyn iki repetitora 200 manat verməkdənsə, 5 fənnə göndərir kursa, tədris mərkəzinə övladını və iki repetitora verdiyi xidmət haqqını ödəyir. Bundan başqa son dövrlədə qəbul imtahanlarında baş verən dəyişiklikləri repetitorlar yaxşı mənimsəmirlər, onlar elektron ərizə qəbulu və bu kimi digər yenilikləri bilmədikləri üçün valideynlər əlavə yerlərə xidmət üçün müraciət etməli olurlar. Şagirdlər seçdiyi qrup üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırır və repetitor yanına da yalnız bu fənlər üzrə gedir. Bunun nəticəsində də şagirdlər elmi biliklərə birtərəfli qaydada yiyələnir. Beləliklə, şagirdlərin dünyagörüşləri zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər”.

Ekspert hesab edir ki, repetitor fəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olar: “Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər. Ona görə də Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi , vergilər və Sosial müdafiə nazirliyinin mövcud olacağı bir komisiya yaradıb orda təhsil xidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsi verilməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir