ders

Dərsliklərdə məzmun dəyişikliyi: ailə dəyərləri, erkən nikahlar

Baxış sayı: 894

“9-11-ci sinif dərsliklərinə erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzuların daxil edilməsi mühüm məsələlərdəndir”. Təhsil nazirinin müavini  Məhəbbət Vəliyevanın “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın müzakirəsi məqsədilə keçirilən videokonfransda qeyd etdiyi bu fikirlər Təhsil Nazirliyinin həyata keçirdiyi maarifləndirmə tədbirlərini, layihələri və qəbul edilmiş yeni sənəddən irəli gələrək görüləcək işləri diqqətə çatdırmaq üçün əlverişli məqam olub.

Nazir müavini bildirib ki, ailə dəyərləri, ailənin qorunması, erkən və qohum nikahları, təhsildən yayınma halları istiqamətində yerli icra hakimiyyətləri, müvafiq dövlət qurumları və QHT-lərlə birgə əməkdaşlıq çərçivəsində həm ailələrlə iş aparılır, həm də məktəblərdə sinif rəhbərlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində tədbirlər görülür. Bu yöndə 2010-cu ildə ümumi təhsilin dövlət standartları sənədi və 2013-cü ildə təhsilin inkişafı üzrə dövlət strategiyası sənədi təsdiq edilib. Həmin sənəddən irəli gələrək bu il Nazirlik tərəfindən ümumi təhsilin dövlət standartları sənədinə dəyişikliklər edilərək hökumətə təqdim edilib və həmin dəyişikliklər arasında yer alan başlıca məqamlardan biri sənədə səriştələrin və dəyərlərin salınmasıdır: “Azərbaycanda təhsilin məzmununda kifayət qədər dəyərlərə, ailə dəyərlərinə yer ayrılmasına baxmayaraq, hazırda strateji sənəd olan dövlət standartları sənədində artıq bu, daha geniş yer tutacaq və növbəti mərhələdə bu sənəd əsasında proqramlar yenilənəcək və yeni dərsliklər hazırlanacaqdır”.

Dərsliklərin məzmununda bu istiqamətdə dəyişikliyin ola biləcəyi təhsil ekspertləri tərəfindən birmənalı qarşılanmır.

 

Vətənpərvərliyə söykənmiş hisslər

Əməkdar jurnalist Almaz Həsrət illərdir bu məsələni efir, mətbuat vasitəsilə qaldırdıqlarını deyir: “Natamam ailələrimiz var. Uşaq evlərində olan uşaqlarımız var. Bu amilləri nəzərə alaraq daha çox ailə dəyərləri, ailə bərabərliyi, uşaqların insan kimi, şəxsiyyət, humanist bir vətəndaş kimi yetişdirilməsi üçün məktəblərin üzərinə böyük vəzifə düşür. Bu proseslərin reallaşdırılması üçün şagirdlərin qarşısına bütün bu müsbət meyarları özündə cəmləşdirən alnıaçıq, üzüağ, söz demək iqtidarında olan müəllim çıxmalıdır. O, vicdanlı, dürüst, məsuliyyətli, vətənpərvər, torpağına, dövlətinə, prezidentinə sadiq olan insan olmalıdır. Müəllimdən əlavə, dərsliklərdə milli-mənəvi dəyələrə söykənən mövzu və mətnlərə daha çox diqqətin yetirilməsi lazımdır. Biz illərlədir ki, bunun reallaşdırılması üçün çalışmışıq. Sevindirici haldır ki, hazırkı durumda artıq bunların maddə və bənd kimi salınmasını nəzərə alıblar. Buna çox ehtiyacımız var”.

Ekspert hesab edir ki, Tovuz istiqamətindəki hadisələrlə bağlı Bakıda baş verən küçə yürüşü müharibə şəraitində yaşayan bir dövlət kimi cəmiyyətimiz üçün duyarlılıq hissinin itmədiyini sübut etdi: “Düşmən üzərinə yerimək üçün Azərbaycan Prezidentinin bir sözü kifayət idi. Bunlar orta məktəbdən deyil, ailələrimizin içindən olan duyarlılıq hissləridir ki, gəlib indiki zamana çatıb”. Ekspert hesab edir ki, orta məktəblərdə hərbi hazırlıq dərslərinə daha çox diqqət yetirilsəydi, tarix dərslikləri ilə bağlı testləri əzbərləməklə deyil, hisslə dərk etməklə fəaliyyətimizi gücləndirsəydik, o yürüşə 5 qat artıq insan qatılmış olardı: “Sonradan yürüşə qatılan15-20 nəfər beynipozuğu çıxmaq şərtilə bu, gözəl nəticə idi”.

A.Həsrət bildirir ki, bu tip dərslikləri yazanların özlərində güclü, vətənpərvərliyə söykənmiş hisslər olmalıdır. Belə ki, yalnız xarici ölkələrdəki dərsliklərdəki cümlələri tərcümə edib ölkəmizdə tətbiq olunan dərsliyə salırlarsa, o vəsait dərslik deyil: “Mənim Azərbaycanımın sırf özünün mətn mövzusu, dəyərlərinə söykənmiş olan mövzuları var ki, biz onları dərslikdə yerləşdirməliyik. Bax, bu olaylarda müəllimlər də arxa cəbhə deyilən informasiya müharibəsində fəal iştirakları ilə seçilirlər. Diqqət etsəniz, adi fənn müəllimləridir, tarix müəllimləridir. Ancaq tarix dərsliklərini yazanları biz bu informasiya müharibəsində görmürük. Həmin müəlliflər sabah şagird qarşısına çıxıb nə deyəcəklər?” Ekspert hesab edir ki, milli-mənəvi dəyərlərə söykənən məzmunu praktik olaraq tələbələrimizə, şagirdlərimizə, övladlarımıza öz əməlimizlə göstərməliyik: “Mən öz əməlimlə bayrağıma sadiqliyimi göstərə bilirəmsə, onu qarşımdakı da görüb götürəcək. İllər öncə orta məktəblərdə dərsdənkənar mövzu kimi keçilən “Ailə” dərsliyinin bu dəyərləri aşılamaq baxımından müsbət rolu vardı. Həmin dərsliyin müəllifləri hələ də yaşayır. Sağ olsunlar ki, o kitabın yeni versiyasını hazırlayıblar. Biz o dərsliklərlə böyümüşük. O dərslik əsasında dərs keçən müəllimin üzündə bütün yüksək dəyər sahibi olan meyarlar birləşmişdi. Sonra görürdük ki, həmən müəllifin öz xüsusiyyətləri də kitabda yazılanlarla eynidir. Məktəb öncə sırf vətənpərvər şagird kontingenti yetişdirilməlidir. Müəllimin  dediyi ilə əməli, hazırladığı dərsliyin məzmunu eyni olmalı – bunlar üçlük təşkil etməlidir”.

A.Həsrət hesab edir ki, həmin “Ailə” dərsini bərpa etmək kifayətdir. Belə ki, yeni müəllif heyətinin yığılmasına ehtiyac yoxdur: “Bu, əlavə vaxt və vəsait itkisidir. Ölkənin hər bir manatının daha gərəkli işlərə sərf olunası dövrüdür. Təhsil İnstitutunun professoru Akif Abbasov və Hikmət Əlizadənin birgə hazırladığı dərslik var. Yaxşı olar ki, Təhsil Nazirliyi bu dərsliyi qəbul etsin və orta məktəblərə versin”.

 

Auditoriya düzgün seçilsin

Təhsil eksperti Kamran Əsədovun fikrincə, təhsil sisteminin daxilində şagirdlər o formada hazırlanmalıdır ki, onlar müstəqil həyata, eyni zamanda əmək bazarına bir çox bilik və bacarıqlara yiyələnmiş halda daxil olsunlar: “Təhsilin məzmunu abstrakt deyil. Yəni təhsilin əsas məzmunu və vəzifəsi şagirdi əmək fəaliyyətinə hazırlamaq, onların məzmun məqsədlərini həyata keçirmək üçün bir sıra informasiyaları təhsilalanlara verməkdir. Təəssüf ki, bu gün Azərbaycanda və bölgələrimizdə, eyni zamanda, paytaxtda erkən nikaha cəlb olunma prosesi gedir. Bununla bağlı YUNİSEF-in konkret rəqəmləri vardı. 2013-cü ilə qədər Azərbaycanın paytaxt və bölgələrində 5000-dən çox gənc erkən nikahlara cəlb olunurdu. Amma həmin ildən sonra bu rəqəm dəfələrlə azalaraq Səhiyyə Nazirliyinin də verdiyi rəqəmlər əsasında il ərzində 500 nəfər civarında müəyyənləşib”.

Ekspert təhsilin məzmununun formalaşdırılması zamanı müəyyən informasiyaların verilməsini zəruri hesab edir. Bu informasiyalar birbaşa təhsilin məzmunu ilə üst-üstə düşməlidir: “Elə informasiyalar verilməlidir ki, auditoriya düzgün seçilsin. Yəni əgər Azərbaycanda erkən nikahlarla bağlı informasiyalar dərsliklərdə veriləcəksə, bu, dərslik siyasətinin prinsipləri ilə müəyyən qədər ziddiyyət təşkil edir. Dərsliklərin məzmununa verilən tələblər var. Yəni dərsliklərdə şagird Azərbaycan xalqının milli-mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmalıdır. Dərsliklərdə onların öz ailəsini, vətənini və xalqını sevməsinə, insan haqlarına, bəşəri dəyərlərə hörmət etməsinə yönələn ideyalar əksini tapmalıdır. Eyni zamanda, şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmaqla dərsliklər yazılmalıdır. Dərsliklərdə dünyəvi prinsiplərə riayət edilməlidir. Əgər biz dərsliklərdə qeyd etdiyimiz məzmunları gözləyiriksə, şagirdlərə onların ailəsinə, böyüklərinə hörmət etməyi öyrədiriksə, valideynləri tərəfindən onlara verilən tapşırıqlar, təbii ki, erkən nikaha daxil olmaqla bağlıdırsa, bu, artıq dərsliyin məzmunu ilə, Nazirlik tərəfindən təqdim edilən yeni sənədlə ziddiyyət təşkil edəcək”.

Ekspertin fikrincə, bu gün ölkəmizdə erkən nikahlar varsa, orta məktəb dərsliklərində bu informasiyaların verilməsi onların qarşısını ala bilməz. Çünki auditoriya düzgün deyil. Belə ki, şagirdlərə bu informasiyaları vermək onların yaş xüsusiyyətinə müəyyən hallarda uyğun gəlməyə bilər. Ekspertin sözlərinə görə, təhsilin məzmununun formalaşdırılması, onları şərtləndirən sistemlər içərisində bir sıra məqsədlər var. Məsələn, sosial və şəxsi tələbatlar, elmi fəaliyyətlər, pedaqoji imkanlar vacib məqamlardır: “Sosial və şəxsi tələbatlar sistemi tədrisdən ayrıla bilməz. Bu bir-biri ilə qırılmaz surətdə bağlıdır. Əgər erkən nikahlarla bağlı auditoriyanı seçiriksə, bu zaman xanımları nəzərdə tuturuq. Bilirsiniz ki, orta ümumtəhsil məktəblərində tədris prosesində yalnız bədən tərbiyə, xarici dil kimi fənlərdə şagirdlər bölünürlər. Biz bu mövzularda şagirdləri bölmüş olacağıq. Çünki erkən nikaha cəlbolunma üçün oğlan uşaqlarına bu dərsləri keçməyin effekti olmayacaq. Sizin auditoriya kütləniz isə yalnız qız şagirdlərdir. Amma bu da bütün ölkə üzrə müşahidə olunan hal deyil”.

K.Əsədovun fikrincə, daha çox aidiyyatı dövlət qurumlarının statistik göstəriciləri əsasında bu pozuntulara yol verilən bölgələrdə profilaktik işlər aparmalıyıq: “Yəni birbaşa zəruri addımlar bütün ölkə məktəblərinə şamil edilməməlidir. 4447 orta ümumtəhsil məktəbimizdə 1.6 milyon şagird təhsil alırsa, bu o demək deyil ki, bu dərslər şagirdlərin hamısına tətbiq edilsin. Pedaqoji imkanlar sistemi təhsilin məzmununa məlumatların daxil olmasına yol vermək və yaxud da qadağa qoymaq rolunu tənzimləməlidir. Amma biz deyək ki, bunu tətbiq edək və bu tip bütün informasiyalar bütün ölkə ərazisinə getsin, bunun əks effekti ola bilər. Təhsilin məzmununda gözlənilməli olan ciddi hüquqi baza var. Yəni müəyyən informasiyalar var ki, biz onları verməkdə tərəddüd etməliyik. Bu baxımdan, təhsilin məzmununda iki vacib aspekt gözlənilməlidir. Milli və ümumbəşəri prinsip var ki, bunlar ilk növbədə gözlənilməlidir. Məktəb təhsilinin məzmununu müəyyənləşdirən zaman humanistləşmə, differensiallaşma, şəxsiyyətin formalaşması amillərinə diqqət yetirməlidir. Yəni informasiya texnologiyalarının tətbiqi olmalıdır. Amma bunları  kənarda qoyub, erkən nikahla bağlı informasiyalar verməklə, şagirdləri müəyyən qədər yanlış istiqamətə də yönləndirə bilərik. Ona görə hesab edirəm ki, təhsilin məzmununda bunu etməyə ehtiyac yoxdur”.

Ekspert hesab edir ki, bu cür profilaktik işləri şagirdlərin valideynləri üzərində tətbiq etmək lazımdır: “Məsələn. şadlıq saraylarında iş görməliyik ki, nikah və toy mərasimləri zamanı onların şəxsiyyət vəsiqəsinə baxılsın. Bunun hüquqi məsələsi həll olunmalıdır ki, həmin şəxslər erkən nikahlara cəlb edilməsinlər”.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir