YORGUNLUQ

Daimi yorğunluq nədən xəbər verir?

Baxış sayı: 954

Uzun iş günündən sonra yorğunluq və süstlük normal və təbii haldır. Bundan qurtulmaq üçün sağlam insana yaxşı yatmaq və dincəlmək kifayət edir. Ancaq istirahət yorğunluqdan qurtulmanıza kömək olmursa, həkimə müraciət etməyin vaxtıdır.

Səhərlər yuxudan çətinliklə oyanır, günün sonuna kimi halsızlıq, süstlük hiss edirsiniz? İstirahət günləri evdən çıxmağa həvəsiniz olmur? Bir neçə pilləkən çıxdıqda yıxılacaq qədər taqətsiz olursunuz? Bu əlamətlər sağlamlıqla bağlı ciddi problemlərdən xəbər verə bilər. Bu problemlərin bəzilərini özünüz həll edə biləcəyiniz halda, digərləri mütəxəssis köməyi tələb edir. Amerikalı mütəxəssislər “Bədəninizin siqnalları” (Your Body s Red Light Warning Signals) kitabında daimi yorqunluq halının geniş yayılmış 8 səbəbini açıqlayıblar.

 

1) B12 vitamini çatışmazlığı

B12 vitamini sinir və qırmızı qan hüceyrələrinin fəaliyyətinə kömək olur. Qeyd edək ki, qırmızı qan hüceyrələri toxumalara oksigen daşınmasında iştirak edir. Bunsuz orqanızm qidalı maddələrin çevrilmə prossesi üçün zəruri olan enerji ilə təmin olunmur. B12 vitamininin çatışmazlığı zamanı yaranan zəiflik bundan irəli gəlir. Bu halı digər əlamətlərlə də müəyyən etmək olar, məsələn, B12 vitamininin çatışmazlığı, adətən, diareya, bəzi hallarda isə əl və ayaq barmaqlarının anemiyası və yaddaş problemləri ilə müşayiət olunur.

Nə etməli? Orqanizmdə vitamin çatışmazlığı adi qan analizi ilə müəyyən olunur. Analiz müsbət nəticələndikdə rasionu ət, balıq, süd məhsulları və yumurta ilə zənginləşdirmək tövsiyə olunur. Dərman şəklində istehsal olunan vitaminlər çətin həzm olunduğu üçün, adətən, ən son vasitə kimi təyin edilir.

 

2) D vitamini çatışmazlığı

Bildiyimiz kim, D vitamini orqanizmdə gün şualarının təsiri ilə yaranır. Bunun üçün hər gün 20-30 dəqiqə gün vannası qəbul etmək tövsiyə olunur. Ancaq mütəxəssislər normadan artıq gün vannası qəbul etməyin erkən qocalma, piqment ləkələri və dəri xərçəngi təhlükəsi yaratdığına dair xəbərdarlıq edir. Bununla belə, həddən artıq ehtiyatlı davranmaq da, sağlamlığa zərərli ola bilər.  Belə ki, orqanizmdə D vitamini çatışmazlığının ürək problemləri, təzyiqin yüksəlməsi, sinir pozulmaları və bəzi xənçəng növlərinin yaranması ilə nəticələnmək ehtimalı yüksəkdir.

Nə etməli? D vitamininin səviyyəsi də qan təhlili ilə yoxlanılır. Bu çatışmazlığı balıq pəhrizi, rasionu yumurta və qaraciyərlə zənginləşdirməklə aradan qaldırmaq mümkündür. Bu halda günəş vannaları da zəruridir. Nəzərə alın ki, təmiz havada 10 dəqiqə gəzişmək yorğunluqdan qurtulmanıza kömək olacaq.

 

3) Dərman qəbulu

Qəbul etdiyiniz dərmanların əks-təsirləri arasında yorğunluq, halsızlıq, zəiflik kimi əlamətlər ola biləcəyi üçün preparatın göstəricilərini mütləq oxumalısınız. Ancaq bir çox dərmanların etiketində belə qeydlərə rast gəlinmir. Məsələn, allergiyalar zamanı qəbul edilən antigistamin preparatı orqanizmin enerjisini tükətsə də, bu, etiketdə qeyd olunmur. Bir çox antidepressantlar da oxşar təsirə malikdir.

Nə etməli? Hər bir orqanizm dərmana fərqli reaksiya verir. Nəzərə alın ki, preparatın forması, hətta markası da əhəmiyyət kəsb edə bilər. Özünüzdə dərmanın əks-təsirini hiss etdiyiniz zaman həkimdən onu başqası ilə əvəzlənməsini xahiş edin. Tabletin dəyişməsi vəziyyətinin yaxşılaşmasına kömək ola bilər.

 

4) Qalxanabənzər vəzinin funksiyasının pozulması

Qalxanabənzər vəzinin funksiyasının pozulması çəkinin qısa müddətdə itirilməsi, dəridə quruluq, üşümə və menstruasiya dövriliyinin pozulması ilə özünü büruzə verə bilər. Qeyd olunanlar hipotreiozun (qalxanabənzər vəzinin aktivliyinin azalması) səciyyəvi əlamətləridir. Bu zaman orqanizmdə maddələr mübadiləsini tənzimləyən hormonlar çatışmır. Xəstəlik vaxtında müalicə olunmadığı təqdirdə oynaq, ürək xəstəliklərinə və sonsuzluğa gətirib çıxara bilər. Qeyd edək ki, qalxanabənzər vəzinin funksiyasının pozulması 80 % hallarda qadınlarda rast gəlinir.

Nə etməli? Endokrinoloqa müraciət edib hansı intensiv müalicəyə ehtiyacınız olduğunu öyrənin. Qeyd edək ki, adətən, belə xəstələr ömürləri boyu hormonal müalicə almağa məcbur olurlar.

 

5) Depressiya

Zəiflik depressiyanın əsas əlamətlərindən biridir. Planetin əhalisinin orta hesabla 20 %-i bu problemdən əziyyət çəkir.

Nə etməli? Dərman qəbul etməkdən və psixoloqa müraciət etməkdən çəkinirsinizsə, idmanla məşğul olmağa çalışın. Unutmayın ki, fiziki aktivlik “xoşbəxtlik” hormonu serotoninin yaranmasına kömək olan ən yaxşı təbii antidepressantdır.

 

6) Bağırsaq problemləri

Hər 133 nəfərdən birində bağırsaq problemlərinə rast gəlinir. Bunlardan ən geniş yayılan bağırsaqların taxıl bitkilərinin tərkibindəki zülallı maddəni həzm edə bilməməsidir. Bu problem zamanı xəmir xörəkləri yedikdə köpmə, diareya, oynaq nahiyyələrində narahatlıq və daimi yorğunluq başlayır. Bağırsaqlar mənimsəmə qabiliyyətini itirdiyinə görə, orqanizm qidalı maddələrin çatışmazlığına bu cür reaksiya verir.

Nə etməli? İlk növbədə, problemin bağırsaqlarla bağlı olduğuna əmin olmaq üçün bəzi analizlərdən keçmək lazımdır. Bəzən diaqnozun təsdiq olunması üçün endoskopik müayinə tələb olunur. Nəticə müsbət olduğu təqdirdə ciddi pəhriz saxlamağa ehtiyac yarana bilər.

 

7) Ürək problemləri

İnfarkt keçirən qadınların 70 %-i ürək tutmalarından əvvəl qəfil yaranan zəiflik hallarından və daimi yorğunluqdan şikayət edirlər. Zərif cinsin nümayəndələrində infarkt halları o qədər də ağrılı keçməsə də, qadınlar arasında ölümlə nəticələnmə faizi daim artır.

Nə etməli? Özünüzdə ürək problemlərinin digər əlamətlərini – iştahanın azalması, tənəffüsün çətinləşməsi, sinədə nadir, ancaq kəskin ağrılar – müşahidə etmisinizsə, kardioloqa müraciət edin. Bu halda elektrokardioqramma, exokardioqramma və ya ürəyin ultrasəs müayinəsinə ehtiyacınız ola bilər. Müalicə müayinənin nəticəsindən asılı olaraq dəyişir. Ürək xastəliklərinin profilaktikası kimi az yağlı pəhrizə başlamaq idmanla məşğul olmaq tövsiyə edilə bilər.

 

8) Diabet

Bu ağır xəstəlik iki halda orqanizmi taqətdən salır. Birincisi, xəstənin qanında şəkərin səviyyəsi yüksək olduqda qlukoza (yəni potensial enerji) orqanizmdən faydasız şəkildə itirilir. Bu, çox qida qəbul etdikcə nəticələnir. Qanda şəkərin səviyyəsinin daim yüksək olması potensial diabet adlandırılır. Qeyd olunan hal hələ xəstəlik olmasa da, diabet kimi daimi yorğunluqla müşayiət olunur.

İkinci problem çox susama ilə bağlıdır. Belə ki, çox maye qəbul edən xəstə ehtiyac səbəbilə gecə boyu bir neçə dəfə oyanır ki, bu da yuxunun pozulmasına və gün ərzində yorğunluğa gətirib çıxarır.

Nə etməli? Sidik ifrazının artması, iştahanın yüksəlməsi və çəki itirmək diabetin digər əlamətləridir. Özünüzdə bu əlamətləri müşahidə edirsinizsə qan analizi verməyi təxirə salmayın. Diabet olduğunuz halda pəhriz saxlamaq, müntəzəm olaraq qanda şəkərin səviyyəsini yoxlamaq, dərman qəbul etmək lazımdır.

 

Təqdim etdi: MƏTİN




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir