menzil

Daşınmaz əmlak bazarında bizi hansı təhlükələr gözləyir?

Baxış sayı: 484

Daşınmaz əmlak almaq bahalı bir zövqdür və mümkün qədər diqqətli olmalısınız. Mənzil fırıldaqçılığı əvvəlkindən daha az yayılsa da, bu hal davam edir. Belə ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş çoxsaylı müraciətlər əsasında araşdırma aparılıb. Məlum olub ki, “Sahil-S İnşaat” mənzil-tikinti kooperativinin (MTK) sədri vəzifəsini tutan Taleh Allahverdiyev ilə “GG Company” MMC-nin direktoru Kərimov Pənah əlbir olublar.

Onlar saxta sənədlərdən istifadə edərək, Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən çoxmərtəbəli binada artıq satılan mənzilləri yenidən satıblar. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Nusret Ibrahimov

“MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyir ki, son vaxtlar daşınmaz əmlak bazarında belə hallara və fırıldaqçılıq faktlarına, xoşbəxtlikdən, son dərəcə nadir hallarda rast gəlinir. Onun sözlərinə görə, fırıldaqçılarla qarşılaşmamaq üçün peşəkarlarla işləmək və şəxsin alacağı əmlakın sənədləri ilə ətraflı tanış olmaq lazımdır.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru, daşınmaz əmlak və tikinti üzrə mütəxəssis Elnur Azadov da, qabaqlara nisbətən, son zamanlar mənzil fırıldağı hallarının azaldığını bildirir: “Bir mənzilin bir neçə şəxsə satılması faktlarının əksəriyyəti 2010-2015-ci illərə təsadüf edirdi. Son bir neçə ildə belə hallar fırıldaqçıların cəzasız qalmadığı üçün xeyli azalıb. Onlar mütləq qeydə alınır, günahkarlar tapılıb məsuliyyətə cəlb edilir. Əsasən bu yola pula ehtiyacı olan müflis şirkətlər gedirdi”.

Elnur Azdov

“Başqa hallar da olub. Məsələn, tikinti şirkəti layihəni götürüb, bir neçə mənzil satıb, sonra isə bütün layihəni başqa şirkətə satıb, hansı ki, sonradan bu faktı aşkarlayıb. Ayrı-ayrı dələduzluq halları baş verir, fırıldaqçılar aldıqları vəsaitlə borclarını, kreditlərini ört-basdır edirlər, lakin dələduzluq faktı gec-tez üzə çıxır”, – deyə həmsöhbətimiz söyləyir.

Onun sözlərinə görə, daşınmaz əmlak bazarı digər xoşagəlməz hallarla da üzləşə bilər: “Məsələn, tikinti şirkəti layihəni uzun müddət gecikdirir, illərlə davam edə bilər və insanlar bütün bu müddət ərzində gözləmə vəziyyətində qalırlar. Müflisləşmə, əmlakın qismən başqa şəxslərə satılması və s. də ola bilir. Bəzən şirkət ümumiyyətlə, tikintini başa çatdıra bilmir. Amma son illər bunun müşahidə olunmadığını söyləmək olar”.

“Digər tərəfdən, belə bir vəziyyət geniş yayılıb: şirkət yaşayış kompleksi tikdi, insanlara mənzillər verdi, onlara köçdülər, lakin onlara çıxarış sənədi verilmədi. Yeni tikililər var ki, insanlar 10-15 ildir çıxarış olmadan yaşayırlar, yəni bu layihə dövlət tərəfindən qəbul edilməyib”, – deyə Azadov vurğulayıb.

Mütəxəssis həmçinin əlavə edir ki, qanun bütün halları, fırıldaqçıların istifadə edə biləcəyi mümkün boşluqları nəzərə ala bilməz: “Ölkədə yeni tikililərdə mənzillərin qeydiyyata alınması proseduru, təəssüf ki, ümumi reyestrə malik deyil və əksər hallarda notarius tərəfindən həyata keçirilmir. Baxmayaraq ki, qanunda bütün hərəkətlərin notarial qaydada təsdiq edilməli olduğu, xüsusən də maliyyə köçürmələri, əməliyyatlar zamanı nağd pul olmamalı və s. qeyd edilsə də, hələ də boşluqlar var. Bəzi hallarda insan aldadıla bilər”.

Qeyd edək ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən, istifadəyə verilməmiş evlərdəki mənzillərə mülkiyyət hüququ verən sənədlərin vahid məlumat bazası yaradılmalıdır. Bu addım, bu sahədə mövcud problemləri həll etməlidir.

 

Elya Belskaya




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir