Fexri Agayev

Davamlı uğurlu karyera üçün 7 tövsiyə

Baxış sayı: 1. 414

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın inkişafının sürəti, iş dünyasında baş verən proseslərlə bağlı olaraq əmək bazarı formalaşır.

Əmək bazarında olan tendensiyaları, dəyişiklikləri və gedişatı bilmək çox vacibdir. Çünki insan buna uyğun olaraq peşəkar bacarıq, vərdiş və xüsusiyyətlərini inkişaf etdirməlidir ki, formada qalsın və bir anda iş həyatından kənara atıldığını görməsin. Hamımızın tanıdığımız insanlar var ki, yaxşı karyera qurduğu halda, bir anda 30-40 yaşlarında iş həyatından çıxaraq, iş tapmaqda çətinlik çəkməyə başlayırlar.

 

Bunun bir neçə səbəbi var:

İnsan işlədiyi dövr ərzində rahatlayır, komfort zonasına daxil olur və “artıq işləyirəm, problemim yoxdur” havasına girir. Əslində bu sözləri dediyi andan etibarən insanın problemləri başlayır;

İşlədiyi dövr ərzində insan seçdiyi peşədə bacarıqlarını, vərdiş və biliklərini gücləndirmir, inkişaf etdirmir və eyni işləri görərək, sürətlə dəyişən və irəli gedən iş həyatından geri qalır. Amma fərqində olmur, çünki rahatdır;

İş dünyasında, əmək bazarında baş verən dəyişiklikləri, trendləri izləmir və geridə qalmış olur.

Əmək bazarı isə daim dəyişir. Bunu sadə bir misalla göstərmək istəyirəm. Əgər 1990-cı illərdə orta səviyyədə ingiliscə bilmək artıq işin tapılması üçün kifayət edirdisə, bu gün ingiliscəni xarici dil olaraq yaxşı bilmək vacib olsa da, yenə də bir aksessuar kimi qəbul edilir.

Günümüzdən misal: dəfələrlə taksi xidmətindən istifadə edərkən, sürücüyə daha öncəki işi haqqında sual verirəm. Bir neçəsi 3-5-7 il bankda işlədiyini qeyd edib. Bu da o deməkdir ki, insan 5 il bir yerdə işləyib və eyni işləri icra edib, rahat olub və özünü inkişaf etdirməyə ehtiyac görməyib. İcra etdiyi işə tələbat azaldığı anda və onun kimi rahat şəraitdə işləməyə alışmış minlərlə insan olduğuna görə, işdən azad edilib.

Bu gün ölkədə baş verən iqtisadi prosesləri, iş dünyasında olan dəyişiklikləri və gedişatı nəzərə alaraq, bir neçə əsas tövsiyələrim bunlardır:

 

  1. Aktivlik və dinamiklik

Əmək bazarında artıq çox dinamik və aktiv insanlara ehtiyac var. Aktivliklə bərabər əməkdaşlardan təşəbbüskarlıq və daimi inkişafa meyilli olmaları da gözlənilir, çünki şirkətlər hər zaman müştəriləri üçün yenilikləri tətbiq edə bilməlidirlər. Hər şirkətin aktivliyi, onun əməkdaşlarının aktivliyinin toplamıdır. Satış, marketinq, HR, idarəçilik, müştərilərlə ünsiyyət kimi biznesin bütün sahələrində fəaliyyət aktiv və dinamik olmalıdır.

 

  1. Effektivlik

Aktivlik və dinamika vacibdir, amma bununla bərabər effektivlik də olmalıdır. Bu günə olar şərtlərdə effektivlik ön plana çıxır. Daha az sayda işçilərlə daha da çox iş icra etmək və daha geniş sahədə fəaliyyət göstərmək vacib olur. Yeni situasiya işəgötürəndən tələb edir ki, işə götürdüyü insanların peşə sahəsində nəzəri biliklərinə və praktikasına əlavə olaraq, həm də komandada işləmə bacarığı olsun.

 

  1. Daimi inkişaf 

Hər zaman qeyd etdiyim bir məsələ: dünya yerində durmur və sürətlə inkişaf edir. İş həyatında vacib yeniliklərdən geri qalmamaq üçün isə insan daim inkişaf etməlidir. Bu gün peşəmizdə tətbiq etdiyimiz alətlər, texnika və yanaşmalar 2-5 il sonra artıq keçmişdə qalacaq və biz artıq yeni və müasirlərinə sahib olmalıyıq. Bunun üçün isə insan mütəmadi olaraq öz bilik və bacarıqlarını gözdən keçirməli, zəif tərəflərini analiz etməli və dünyada və regional bazarlarda baş verən dəyişiklikləri izləməlidir. İnkişaf, ancaq peşəkar və ya sahəvi biliklər anlamına gəlmir. İnsanlarla ünsiyyət qurma, effektivlik, idarəçilik, müştəri psixologiyası, sağlam həyat tərzi kimi vacib mövzularda da inkişaf etmək lazımdır.

 

  1. Xarici dil

Xarici dil bilmək bir insanın peşəkar olaraq artımı üçün çox mühüm məsələdir. Elm, iqtisadiyyat, İT, biznesin bütün sahələri, idarəçilik, tibb böyük sürətlə irəli gedir. Ölkəmiz müstəqilliyini nisbətən yeni əldə edib və buna görə də dünyada baş verən yenilikləri eyni sürətdə tərcümə etmək olmur. Buna görə də peşəkar inkişaf etmək istəyən insan xarici dil bilməlidir.

 

  1. Geniş sahədə biliklər

İnsan, müxtəlif sahələrdə biliklərə malik olmalıdır. Karyeranın irəliləməsi ancaq peşə biliklərinə görə baş vermir. Bir insan həm psixologiyanı bilməli, həm idarəçiliyin əsaslarına hakim olmalıdır.

 

  1. Əlaqələr

İş dünyasında uğurlu insanların ən böyük sərmayəsi onların əlaqələridir. Əlaqələrinizi genişləndirin, bunun üçün daim konfranslar, forumlar, tədbirlərdə aktiv iştirak edin.

Əlaqələr sərmayədir, amma bu sərmayəni qorumaq və böyütmək lazımdır.

 

  1. Şəxsi keyfiyyətlər

Peşəkar həyatda müvəffəqiyyətli olmaq üçün peşəkar biliklərlə bərabər, şəxsi keyfiyyətlər də vacibdir: səbirli olmaq, əzmkarlıq, iradə gücü və intizam və ən əsası da dürüstlük.

Hər kəsə peşəkar həyatında uğurlar arzulayıram!

 

Fəxri Ağayev,

AAAF Holdingin vitse-prezidenti




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir