USAQ

Dayə seçimində nəyə diqqət etməli? – PSIXOLOQ RƏYİ

Baxış sayı: 1. 440

Dayələrin uşaqların başına oyun açdığını, qəddarlıqla döyüb işgəncə verməsi haqqında tez-tez xəbərlər yayılır. Dəyələrin uşaqları döyüb öldürməsi faktları da kifayət qədərdir. Psixoloqlar bildirirlər ki, uşaqlara ən azı bir il öz doğma anası baxmalıdır. Bəs məcburiyyət qarşısında qalan valideyn övladına dayə seçərkən nəyə diqqət verməlidir?

Psixoloq Mehriban Mütəllimovanın bildirdiyinə görə, dayənin qayğıkeş, mehriban, uşağın ehtiyaclarını doğru qarşılaya bilən olması, gigiyena qaydalarına riayət etməsi çox vacibdir. Bununla bərabər səbrli olmaq uşaqla olan münasibətdə böyük rol oynayır. Ağlayan, altını isladan, yemək yeməyən, daim hərəkətdə olan uşaqlara yaxşı baxa bilmək üçün səbrli olmaq vacibdir. “Əsəbi insanın dayə işləməsi məsləhətli deyil. Günün böyük vaxtını dayə ilə keçirən uşaq, onun hal və hərəkətlərindən nümunə götürür. Dayənin duyğu və davranışlarının hamısının uşağın formalaşmasında təsiri var. Ata-ana uşağa nə qədər maraq göstərsə də, dayənin davranışları uşağın inkişafında əks olunur. Bu duyğu və davranışlar uşağın həm fiziki, həm də psixoloji inkişafına təsir edir”.

M.Mütəllimova qeyd edib ki, analar uşaq doğulandan heç kimin körpəsinə onun qədər yaxşı baxa bilməyəcəyini, hətta başqasının uşağına zərər gətirə biləcəyini fikirləşə bilərlər: “Buna görə də anaların övladlarını dayələrə etibar edərkən qarışıq yaşaması normaldır. Ana bu zaman qorxu keçirə, beyninə müxtəlif şübhələr gələ bilər. Eləcə də, uşaq da anası üçün darıxa, başqa bir adamın ona baxdığından narahat olar”,-deyən müsahibimiz valideynləri bunları nəzərə alaraq, uşaq üçün dayə tutmazdan əvvəl ən azı iki həftə bu prosesə hazırlıq görməyə çağırır. Dediyinə görə, valideynlər övladlarına ehtiyacı olan güvəni və heç vaxt tərk edilməyəcək hissi verməyi unutmamalıdırlar.

Onun dediyinə görə, dayənin necə bir xarakterə sahib olması, keçmiş təcrübələri, ana olub-olmaması, təhsili, işini, uşaqları sevib-sevməməsi, maaşından razı qalıb-qalmaması, şəxsi həyatında xoşbəxt olub-olmaması kimi faktorlar uşaqla münasibətin qurulmasında böyük rol oynayır. Hər münasibətdə olduğu kimi uşaqla dayə arasında adaptasiya üçün müəyyən bir zaman lazımdır. Bəzən olur ki, körpə ilk andan etibarən uyğunlaşır, bəzi körpələrin isə uyğunlaşması vaxt aparır.

Mütəllimova dayə tutarkən diqqətli olmağın vacibliyini vurğulayıb: “Hər kəsi dayə kimi evə salmaq, uşaqları ona əmanət etmək olmaz. Dayə ilə uşaq arasında münasibətdə bir sıra məqamlar da gözlənilməlidir. Dayənin körpənin bütün ehtiyaclarını qarşılaması yoxlanılmalıdır. Kənardan fikir vermək lazımdır ki, dayə qışqırmaq, əsəbiləşmək kimi reaksiyalar verirmi? Səbr göstərməkdə çətinlik çəkirmi? Uşağa zərər verən hərəkətlər edirmi? Dayənin davranışında bu xüsusiyyətlər özünü göstərirsə, onu uşaqlardan bacardıqca tez uzaqlaşdırın. Çünki bütün bu faktorlar uşağın dayə ilə münasibətinə mənfi təsir göstərir”.

Həmsöhbətimiz qeyd edib ki, körpə ilə ona baxan arasında formalaşan və körpədə güvən duyğusunu inkişaf etdirən bir bağ var: “Ən az 1 yaşına qədər, mümkünsə 2 yaşına qədər ananın özünün övladına baxması yaxşıdır. Əgər alınmırsa, dayə tutmaq yeganə seçim olursa, dayənin ananı əvəz edəcəyini, onun vəzifələrinə yerinə yetirməli olduğunu nəzərə almalıdır”.

Psixoloq bildirib ki, dayə seçərkən onun şəxsiyyət vəsiqəsinə baxmaq, ünvanını  öyrənmək, yaşadığı yerə gedib baxmaq, onunla uşağa baxım qaydaları ilə bağlı söhbət etmək önəmlidir.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir