Daye

Dayələrdən vergi tutularsa… – ARAŞDIRMA

Baxış sayı: 1. 492

“11 ildir dayə kimi çalışıram. Ali təhsilim yoxdur, amma orta məktəbi yaxşı oxuduğuma görə uşaqlara Azərbaycan, rus dilində hərfləri, şeir deməyi, rəsm çəkməyi öyrədir, müxtəlif oyunlarla beyinlərini işlədirəm. Adətən uşaqlara 2-3 yaşına kimi baxıram, sonra bağçaya verirlər”.
Bu sözləri bizimlə söhbətində 59 yaşlı Yaqut bildirdi. Qeyd edim ki, dayə axtarışı məqsədilə “Birja” qəzeti aldım və 2 yaşlı övladım üçün dayə axtardığımı bəhanə edib iş axtaran dayələrlə həmsöhbət oldum. Əksəriyyəti rus dillilərdən ibarət olan dayələrdən şərtləri, nə qədər əmək haqqı istədiklərini soruşandan sonra onlardan fiziki şəxs, yaxud fərdi sahibkar kimi Vergilər Nazirliyinə vergi ödəyib ödəmədiklərini xəbər aldım. Maraqlıdır ki, həmsöhbət olduğum 10-a yaxın dayədən heç biri qazandıqları aylıq gəlirə görə vergi ödəmədiklərini bildirdilər. Hətta əksəriyyəti belə bir şeyin olduğuna təəccübləndi də…

“Özümü işə salmaq istəmirəm”

Yaqut xanım deyir, başı bütün günü işinə qarışdığından nə televizora baxır, nə də qəzet, sayt oxuya bilir. Buna görə heç nədən xəbəri yoxdur.
Fəxriyyəisə 17 ildir 2 qızı, 1 oğlunu dayəliklə saxlayır. Görəcəyi işdən asılı olaraq aylıq 400-500 manat müqabilində çalışır. Vergilərə gəlincə, Fəxriyyə xanımın sözlərinə görə, sənəd-sünəd işlərinə ayırmağa vaxtı yoxdur: “Başımı aşağı salıb işimi görürəm”.
Bizə sənədlə işləyən dayə lazım olduğunu dedikdə isə, cavabı belə oldu: “Elə dayəni başqa ünvanda axtarın. Mən özümü işə salmaq istəmirəm”.
Bu, biganəlikdirmi, bilgisizlikdirmi, bilmirik. Amma görünən odur ki, nə qədər böyük dayə ordusu aylıq gəlirlərindən vergi ödəmədən yaşayır. Onların yaşlanandan sonra normal təqaüd almaları mövzusu bir tərəfə dursun, dayələrimizin sənədlə işləməsi özləri ilə yanaşı, dövlət büdcəsi üçün də vacibdir. Hansı ki, o büdcənin sayəsində uşaqlarımız, gənclərimiz təhsil alır, yollar salınır, ölkəmiz abadlaşır…
Maraqlıdır, dayələr niyə vergidən yayınır və onların vergiyə cəlb olunması üçün hansı işlər görülür və görülməlidir? Suallarımıza cavab tapmaq üçün yola çıxdıq…

Vergidən yayınmanın tərəflər üçün mənfi yönləri

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevbildirdi ki, dayələrin vergiyə cəlb olunmamasının həm onların özü, həm də dayəni saxlayan şəxs üçün neqativ tərəfləri var. İşin rəsmi olmaması nəticəsində dayələr üçün aşağıdakı problemlər ortaya çıxa bilər:
1.     Əgər ortada müqavilə yoxdursa, dayə bir müddət işlədikdən sonra pulunu almaya bilər. Bu zaman dayənin əməkhaqqını tələb etmək imkanı məhdud olur.
2.      Peşə fəaliyyətini həyata keçirərkən sağlamlığı ilə bağlı müəyyən zədələr ala bilər. Bu zaman onun sığortasız olması sonrakı həyatını sual altında qoyur.
3.      Əmək müqaviləsinin imzalanmaması dayənin minimum təqaüd almasına gətirib çıxarır. Dövlətin qarşısında götürdüyü öhdəliklər onun özünün gələcək həyatını təmin etməsi üçün qoyulan sərmayədir.
İşəgötürən də bəzi hallarda itirir:
1.      İşçi qarşısında gördüyü işin keyfiyyəti ilə bağlı ortaya tələblər qoya bilmir.
2.      İşçi tərəfindən əmlakın dağıdılması, sındırılması baş verirsə, bunun ziyanını ödəməyi tələb edə bilmir. Hətta bəzən dayələr tərəfindən uşaqlara işgəncə də verilir ki, buna görə valideynlər dayəni məhkəməyə verə bilmirlər. Çünki ortada heç bir fakt yoxdur.

Ə.Nuriyevin sözlərinə görə, ev qulluğu ilə məşğul olanları vergiyə cəlb etmək üçün vergi sistemi sadələşdirilməlidir: “Hesabatlılıq sistemi o qədər sadə olmalıdır ki, bunu istənilən dayə həyata keçirə bilsin”.
Patent üsulu

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının icraiyyə komitəsinin sədri Sahib Məmmədov da təklif edir ki, ev qulluğunda çalışanlarla, eyni zamanda dayələrlə bağlı fərqli vergi sistemi tətbiq edilsin və bu fərqlilik 5-10 il, bu işləri qeyri-formal sektordan formal sektora keçirənə qədər qalsın: “Dayələri vergiyə cəlb etmək üçün vergi qoymanın patent üsuluna keçmək olar. Məsələn, şərti olaraq il ərzində dayə xidməti göstərmək üçün 200 manat patent qiyməti müəyyən oluna və şəxs bunu birdən-birə, yaxud aylar üzrə ödəyə bilər. Bu zaman heç bir hesabat verməyə ehtiyac qalmır. Amma indiki qanunvericiliyə görə, dayə gərək vergi orqanlarında qeydiyyatda durub müvafiq şəhadətnamə  alsın, sonra vergi bəyannaməsini doldurub rüblük və illik hesabat versin. Hesabat gecikdiriləndə isə cərimə sanksiyası tətbiq olunur.  Bu, mühasib səviyyəsində görüləcək işdir və savadsız insan üçün çətinlik yaradır. Nəticədə dayələr vergi orqanlarında uçota durmurlar. Amma patent sistemində məbləğ az, prosedur sadə olduğundan insanları vergiyə cəlb etmək asan olar. Dövlət buradan çox böyük pul qazanmaya bilər, amma insanlarda vergi mədəniyyətini formalaşdıracaq”.

Beynəlxalq təcrübə

Beynəlxalq təcrübəyə baxsaq, görərik ki, xarici ölkələrdə də ev qulluğu ilə məşğul olanlar üçün sadələşdirilmiş vergi sistemləri tətbiq olunur. Onlardan biri də söhbətləşdiyimiz ekspertlərin dediyi kimi, patent sistemidir. Patent alandan sonra heç kim ev qulluğu ilə məşğul olanların işinə qarışmır. Məsələn, Qazaxıstan, Litva, Belarus, Rusiya və Ukrayna sözügedən sistemdən yararlanır.

Nazirlik patent sistemini müzakirə edir

Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən aldığımız məlumata görə, fərdi sahibkarlıqla məşğul olan şəxslərin vergi öhdəliklərinin sadələşdirilməsi və patent sisteminin tətbiqi ilə bağlı vergi qanunvericiliyinə dəyişikliklərin edilməsi istiqamətində təkliflər geniş müzakirə olunur: “Bu təkliflər əsasən fərdi sahibkarlıqla məşğul olan şəxsləri (foto, audio-video xidmətləri, repetitorluq, musiqi fəaliyyəti, bərbər və gözəllik salonları, ev qulluqçusu, xəstələrə, uşaqlara və qocalara qulluq xidməti, fərdi sürücülük, fərdi mühafizə, fərdi peşələr üzrə hazırlıq kursları, tərcümə və s.) və  bu sahədə fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərini əhatə edir. Sözügedən müzakirələrdə belə fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin vergi uçotuna alındıqdan sonra müəyyən edilmiş aylıq sabit vergini qabaqcadan ödəməklə müvafiq sənəd alaraq bu fəaliyyətlə məşğul ola bilməsi, əldə etdikləri gəlirlərə görə vergi orqanına bəyannamə təqdim etməyəcəkləri nəzərdə tutulur”.
Nazirliyin məlumatında o da bildirilir ki, sabit verginin tətbiqi praktikası hazırda qüvvədə olan Vergi Məcəlləsində də mövcuddur. Belə ki, sərnişin və yükdaşıma xidməti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergini sabit vergi şəklində ödəyir və bu zaman istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün “Fərqlənmə nişanı” alırlar: “Belə bir fikir var ki, mövcud praktikanın tətbiqi sahəsi bir qədər genişləndirilə bilər. Lakin bu məsələlər hələlik layihə kimi müzakirə predmetidir və hazırkı halda, fərdi xidmətlər göstərən şəxslər digər sahibkarlıqla məşğul olan və gəlir əldə edən şəxslər kimi vergi ödəyiciləri hesab edilir və ümumi qaydada vergi öhdəliyi daşıyırlar. Vergilər Nazirliyi bildirir ki, lüzumsuz cərimələr və sanksiyalarla üzləşməmək üçün fərdi qaydada xidmətlər göstərən şəxslər vergi uçotuna durmalı və vergi öhdəliklərini yerinə yetirməlidirlər”.

Hazırkı qanunvericilik

Vergi öhdəliklərinə gəlincə, analitik-informasiya şöbəsinin məlumatına görə, hazırda ev qulluğu işləri ilə məşğul olanlar, eyni zamanda dayələr fərdi sahibkarlıqla məşğul olur və buna görə vergi orqanında qeydiyyata alınmaqla bu fəaliyyətdən əldə etdiyi gəlirdən seçdiyi vergitutma metodundan asılı olaraq (sadələşdirilmiş vergi və ya gəlir vergisi) müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidirlər: “Bunun üçün isə onlar hər şeydən əvvəl Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmalıdırlar. Daha sonra onlara vergi orqanında qeydiyyata alınmasını təsdiq edən müvafiq şəhadətnamə verilir. Sadələşdirilmiş vergitutma metodunu seçən fərdi sahibkar göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirin həcmindən (hər hansı xərc çıxılmadan) Bakı şəhərində 4 faiz, respublikanın digər regionlarında 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyir. Gəlir vergisinin ödəyicisi kimi uçota alınan fərdi sahibkarlar isə göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirdən bu gəlirin əldə olunması ilə bağlı xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra qalan fərqdən (gəlirdən) 20 faiz dərəcə ilə gəlir vergisi ödəyir”.

Dayələrin vergi ödəməməsi nəticəsində nə qədər itiririk?

Yeri gəlmişkən, dayələrin vergi ödəməməsi nəticəsində büdcəmizin nə qədər pul itirdiyi maraqlıdır. Obyektiv səbəblərdən əlimizdə statistik məlumat olmadığından qeyri-peşəkar da olsa, kiçicik bir hesablama aparmağa çalışdıq.
2015-ci il iyunun 1-nə olan statistikaya əsasən, fərdi uçot sistemində 1 milyon 260 min 881 nəfər qeydiyyatda olan qadın sığortaolunan var. Təbii ki, bu qadınlar müxtəlif yaş qruplarını əhatə edir. Çox yox, ölkədə sənədlə işləyən qadınların 1 faizi dayə xidmətindən istifadə edirsə, bu, təxminən 13 min nəfər deməkdir. Bunun da üzərinə evdə otura-otura dayə xidmətindən istifadə edən imkanlı xanımlarımızı əlavə etsək, təxminən 14 min nəfər edir. 14 min xanım dayəyə orta hesabla 400 manat aylıq maaş verirsə, hər bir dayə 4 faizlik sadələşdirilmiş vergi ilə 16 manat vergi ödəsə, bu, ümumilikdə 224 min manat deməkdir. 224 min manat Azərbaycan dövlət büdcəsi üçün çox kiçik rəqəm kimi görünsə də, neftdən gələn gəlirlərin azaldığı bir vaxtda bu pula çox ehtiyacımız olduğunu etiraf etməliyik.
Araşdırmamız təkcə dayələrlə bağlıdır, amma ev qulluğu sektorunda ev təmizlikçiləri, ev təmir edənlər, bağlarda işləyənlər, şəxsi sürücülər və b. vergiyə cəlb edilərsə, büdcəmizə milyonlarla manat daxil ola bilər.  Necə deyərlər, “dama, dama göl olar”.

İnsanlarda inam hissi formalaşdırmaq lazımdır

Vətəndaşlarımızın vergidən yayınma səbəblərindən danışan psixoloq Vəfa Əkbərin sözlərinə görə, insanları hansısa sahəyə cəlb etmək üçün ilk növbədə onlarda inam hissini yaratmaq lazımdır: “İnsanları vergiyə cəlb etmək üçün onları inandırmaq lazımdır ki, vergi şəklində toplanan məbləğ hansısa formada yenidən onların özlərinə qayıdacaq, özləri, övladları üçün istifadə olunacaq. İnsanlar verginin nə üçün verildiyini, hara toplandığını, sonradan ondan necə istifadə edildiyini bilmədiyi üçün onlarda güvənsizlik yaranır. Güvənsizlik də vergidən yayınmalara gətirib çıxarır. Digər tərəfdən, bir qrup insan heç vergi ödəməli olduqlarını bilmir. Yəni məlumatsızlıqdan qaynaqlanan vergi yayınmaları da az deyil”.

Hüquqşünas Pərviz Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, vergini ödəməkdən yayınanlar bununla dövlətə və cəmiyyətə necə zərər vurduğunu anlamır: “Bunları izah etmək lazımdır ki, vergidən yayınmaqla, o, övladlarının təhsilindən, sağlamlığından, ordumuzun təchizatından oğurluq etmiş olur”. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir