emzik

Dekor əmziklər nə qədər təhlükəlidir?

Baxış sayı: 1. 755

Müxtəlif daş-qaş, bəzəklərlə işlənmiş əmzik və iri qida şüşələri gənc valideynlərin diqqətini çəkir. Övladına hər şeyin ən yaxşısını layiq görən valideynlər məhz bu cür əmzikləri almağa meylli olurlar. İlk baxışdan olduqca məsum və gözəl görünən əmziklər isə əslində uşaqlar üçün ölüm təhlükəsi yaradacaq qədər qorxuludur. Bu cür əmziklərin orijinalları çox baha olduğundan məhz daha asan yolla hazırlanan əmziklər valideynlərə təqdim olunur. Dünyanın bir çox ölkələrində artıq dəb halını almış əmzik dekoru Azərbaycanda da var və qiyməti əl yandıracaq qədər baha olduğundan kustar üsulla hazırlanan əmziklər daha çox diqqət çəkən olur.

Gənc ana Esmira Əhmədova deyir ki, ilk dəfə internetdə bu cür əmziklərə rast gələndə qiymət baxımından təəccüblənib və ilk sifarişi də o zaman olub. Əmzik və qida şüşəsi qısa bir zamanda hazırlanaraq təqdim olunduqdan sonra təhlükə özünü göstərməyə başlayıb. Əmzik dekor məqsədli alınsa da qısa müddət ərzində körpənin diqqətini çəkib və əmziyin əslində tərif olunduğundan da zəif hazırlandığı üzə çıxıb.

“1 əmzik, 1 qida şüşəsi üçün məndən 42 manat pul istənildi. Qaşların əmzik üzərinə möhkəm bərkidildiyi və əsla qopmayacağı, eyni zamanda əmziyin də keyfiyyətli olacağına inandırıldım. Hərçənd ki, əmzikdən qızım istifadə etməyəcəkdi, amma düşündüm ki, 42 manat müqabilində alınan əmzik elə də pis olmaz. Qablaşdırılmış formada mənə təqdim olunan əmziklər o qədər gözəl görünürdü ki, onları açıb baxmaq hissinə düşmədim. Qızım əmziklərə maraq göstərib istədikdə oynaması üçün əmziyi uşağa verdim və az keçmədi ki, əmzikdə olan daş-qaşın körpənin əlinə, burnuna yapışdığını gördüm”, – deyən həmsöhbətimiz valideynləri aldanmamaq üçün daha diqqətli olmağa çağırır.

Esmira Əhmədovanın əmziyi sifariş etdiyi qrupa biz də müraciət edirik. İnternet üzərindən endirilən müxtəlif şəkillər göstərilərək əmzik seçimi etməyimiz istənildi. Öyrəndik ki, əmziklərin birinin qiyməti ən ucuzu 6 manat, ən bahalısı 18 manat, ikili dəst olaraq hazırlanan əmzik və qida şüşəsinin ən ucuzu 14, ən bahalısı 50 manatdır. Üçlü dəst olan əmzik, qida şüşəsi və səs çıxaran şəffaf oyuncağın ən ucuzu 19 manat, ən bahalısı 52 manata hazırlanır. Çatdırılma istənilən metroyadır və ilkin ödəniş olaraq məbləğin yarısı əvvəlcədən alınır. Alınan malın geri qaytarılması isə mümkün deyil.

İlkin təcili tibbi yardım həkimi Mirpaşa Qasımov deyir ki, uşaqlar əksər hallarda əllərinə keçən hər xırda əşyanı buruna salmağa meyllidirlər. Eyni zamanda udularaq, nəfəsə çəkilərək uşaqların boğulmasına səbəb olan yad cisimlər əksər hallarda qırtlağa və traxeyaya ilişir ki, bu hal da körpənin ani ölümünə səbəb ola bilər. Ona görə də, uşaqları yad cismin tənəffüs yollarına düşməsi nəticəsində yarana biləcək təhlükələrdən xilas etmək üçün sadəcə olaraq 3-4 yaşınadək olan uşaqlara çox kiçik oyuncaqlar, əşyalar və qida maddələri verilməməli və daimi olaraq iməklədiyi ərazilər nəzarətdə saxlanılmalıdır: “Dediyiniz əmziklərdə olan kiçik qaş parçalarının alt hissəsinə böyük ehtimalla yapışan və sürüşməni əngəlləyən maddələr çəkilir və bu qaşlar nəfəs yollarına düşdükdə edilən müdaxilə də nəticəsiz ola bilər. Yad cisim uşağın tənəffüs yoluna düşdükdə, o boğulmağa başlayır, qışqıra bilmir, nəfəsi fışıltılı olur, öskürməyə çalışır, sifəti göyərməyə başlayır. Barmaqlarınızla uşağın boğazında qalan əşyanı çıxarmağa çalışmayın, siz onu daha da dərinə itələyə bilərsiniz. Uşağı cəld hərəkətlə başı aşağı olmaqla çevirin və topuqlarından tutaraq yüngülcə silkələyin. Əksər hallarda bu zaman ilişmiş yad cisim tənəffüs yolundan xaricə çıxır. İlk olaraq isə təcili tibbi yardım çağırmaq lazımdır. Çünki çox hallarda valideynlərin həyəcanlı və qorxulu anlar keçirməsi səbəbindən müdaxiləsi də düzgün olmur və bu hal xoşagəlməz nəticələr də verə bilər”.  /”Ekspres” qəzeti/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir