depressiya

Depressiyadan ölümə aparan səbəblər

Baxış sayı: 756

Günəş şüalarının daha az olduğu payızda infeksion xəstəliklərlə yanaşı, depressiya da baş qaldırır. Təsadüfi deyil ki, payızı “xəstəliklər fəsli” də adlandırırlar. Həm psixoloji, həm də fizioloji baxımdan təzadlı fəsil olan payızda insan orqanizmində bir sıra dəyişikliklər baş verir.

Bol istirahət və günəşli günlərlə zəngin olan yay fəslindən sonra gərgin iş rejiminə və solğun, yağışlı, küləkli payız havasına keçidlə əlaqədar insan bədəni müxtəlif reaksiyalar verir.

Depressiya – xəstəlikdir, psixi pozuntudur. Payız depressiyası – xəstəlik deyil, sadəcə, psixi qərarsızlıq vəziyyətidir, əhval-ruhiyyənin tez-tez dəyişməsi, həvəssizlik, qıcıqlanma, süstlük, məyusluq, dilxorluq kimi vəziyyətlərlə xarakterizə olunan psixi emosionallıq fonudur.

Depressiyanın səbəbi bu fəsildə gündüzlərin qısalması, yağışlı tutqun hava, tünd rəngli geyimlər və yeknəsəq iş günləridir və bunların insanın əhvalına təsiri böyükdür.

Adil Qeybulla ile ilgili görsel sonucu

Məsələ ilə bağlı danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, depressiya yalnız payız fəsli üçün xarakterik deyil, digər fəsillərdə də bu hal müşahidə edilir:

“Mən depressiyanı fəsillə əlaqələndirməzdim. Bu depressiv hallar  insanın həyatındakı travma ilə əlaqədardır. Biz hər gün bir çox yerlərdə oluruq, müxtəlif insanlarla ünsiyyətə giririk, ətrafımızda bizim əhvalımıza, ruh halımıza təsir edəcək müxtəlif hadisələr olur. İndi və ya əvvəllər yaşadığımız hansısa bir hadisə bizi depressiyaya sala bilər. Depressiyanın ölümlə nəticələnməsinə  səbəb olan şey insanların ünsiyyətinin azalmasıdır. Əvvəllər qohumlar, qonşular bir-biriləri ilə maraqlanırdı, dərdlərini bölüşürdülər. İndi isə insanlar öz problemlərini özləri həll etməyə çalışır. Bütün neqativlər onun içərisində yığılır, böyüyür və depressiyaya çevrilir. Depressiyanın ən pik həddi intihardır”.

Depressiyadan qurtulmanın çox çətin olduğunu qeyd edən mütəxəssis bildirdi ki, insan bu hala gələnə qədər uzun bir yol keçir. Depressiyaya düşmək asan deyil. Buna qədər insan ağır yol keçir, uzunmüddətli xroniki stress keçirir və son nəticədə ağır nevrozlara gətirib çıxarır. Bəzi insanlar bundan çıxa bilmirlər. Yaş artdıqca insan depressiyadan daha gec çıxır. Çünki yaş artdıqca orqanizmin resursları aşağı düşür, əlavə problemlər yaranır və insanın qayğıları daha çox artır. Müvafiq strukturlar bu məsələlərə diqqət ayırmalıdır. Kütləvi informasiya vasitələri də bu məsələyə həssas yanaşmalıdır. Cəmiyyətdə bu insanlarla maraqlanacaq böyük psixoloq ordusu yaranmalıdır. İnsanlardı optimizmə kökləmək, həyata, gələcəyə inam yaradılmalıdır.

Psixoloq Ramil Nəcəfli ile ilgili görsel sonucu

Psixoloq Ramil Nəcəfli də mövzuya münasibət bildirdi.  “İnsanlar durduq yerə depressiyaya düşmür. Buna gətirib çıxaracaq bir çox səbəblər var. Ola bilər ki, sevdiyi insan və ya özü xəstədir, kimisə itirib, sevgilisindən ayrılıb və ya boşanıb. Bunlar bir kateqoriya insanlardır. Yaydan sonra yeni iş mühitinə adaptasiya problemi yaşayan insanlar da digər bir qrupa aiddir. Ola bilsin ki, onların işi daima deyil. Payız gələndə bu cür insanlar yeni bir iş sezonuna başlayır. İnsanlar belə olanda adaptasiya problemi yaşayır.  Payız gələndə isə insanlar daha çox melanxolikləşir, süstləşir” – deyə, o bildirib.

Depressiyanın ilkin əlamətlərini sadalayan psixoloq həmçinin insanları bu cür əlamətləri özündə gördüyü halda diqqətli olmağa çağırdı: “Bu insanlarda ilk olaraq gələcəklə bağlı inamsızlıq, ümidsizlik, kədərlilik, tez-tez kefsiz olmaq, dost-tanışla gəzmək istəməmək, özünə qapanmaq, işə motivasiyanın azalması, ağlamağa meylli olmaq, ya çox iştahalı olmaq, ya da iştahadan kəsilmək, ya çox yatmaq, ya da yuxusuz olmaq və digər əlamətlər ola bilər. Bütün bu fəsadlardan sonra insan daha da irəli gedərək canına qəsd etmək istəyir. Mən son zamanlarda tez-tez belə insanlar görürəm ki, iş mühiti istədiyi kimi olmur və bu insanlar əslində böyük potensiala sahib olsalar da, özlərini göstərə bilmirlər. Bu zaman insanlarda güclü depressiya yaranır, bu  vəziyyətdə insanlar özlərinə zərər yetirməyi düşünürlər. Bu cür depressiyadan qurtulmaq üçün həyatınızın mənasını tapın. Elə bir insan yoxdur ki, həyatının mənası olmasın. Depressiyada olan insanlar, sadəcə olaraq, bunun fərqində deyillər. Əslində problemin həlli burunun dibindədir, lakin o həll yolunu görə bilmir. Bunu da o insanlara göstərən biri lazımdır. Depressiyada olan insan beyni düşüncə qabiliyyətini itirdiyi üçün belə şeyləri düşünə bilmir. Gərək ətrafda ona yardım edəcək, onu pozitivə kökləyəcək  biriləri olsun. Amerika kəşf etməyə ehtiyac yoxdur, əgər özünüzü gərəksiz, həyatınızı mənasız hiss edirsinizsə, öz içinizdəki gücü, bacarığınızı, potensialınızı görməyə, həyatınızı mənalandırmağa çalışın. Burada da ona dostları böyük dəstək göstərməlidir. Belə insanların bacarığını ortaya çıxaracaq mühit yaradılmalıdır və ya ona özünü dəyərli hiss etdirəcək bir şeylər etmək lazımdır” “ – deyə, psixoloq qeyd etdi.

 

Məleykə AĞASOY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir