Dərmanımız niyə ölkəmizdə istehsal edilmir?

Baxış sayı: 1. 645

Azərbaycanda bir çox sahələr üzrə işlər aparılıb irəliləyişlər olsa da, dərman sənayesində hələ də hansısa inkişaf müşahidə olunmur. İllərdir ki, həkimlərin təyin etdikləri və apteklərdə bizə təqdim olunan dərmanlar yalnız xarici ölkələrin istehsal etdikləridir. Amma ölkəmizdə dərmanların qiymətinin yüksək olması Azərbaycanda da bu sahədə yerli istehsalın vacibliyini ortaya çıxarır.

Düzdür, dərmanların qiymət tənzimlənməsi aparılır və bir çox dərmanlar əvvəlkindən xeyli ucuz qiymətə satılır. Amma yerli istehsal inkişaf etdirilsə, bu, daha münasib qiymətlərlə dərman almağa şərait yaratmış olar. Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov bir neçə gün öncə jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda dərman istehsalının təşkil edilməsi və müvafiq qurumların yaradılması gündəmdə olan məsələlərdən biridir: “Çünki buna ehtiyac var və bunu da həyata keçirəcəyik. Təbiidir ki, Azərbaycanın dərman sektoru yalnız xaricdə istehsal olunan dərmanlar hesabına özünü təmin edə bilməz. Bu yöndə işlər aparılır və yaxın zamanlarda biz Azərbaycanın məxsusi dərman istehsal edən müəssisələrinin yaradılmasına şahid olacağıq”.

“Bu sahədə 95%-dən də çox idxaldan aslıyıq”

Bəs ölkəmizdə bu sahənin inkişaf etməməsinin səbəbi nədir? Bu sahədə irəliləyişlərin əldə olunması üçün hansı addımların atılmasına ehtiyac var? Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanda dərman istehsalı demək olar ki, ürəkaçan göstəricidə deyil və ölkə bu sahədə təqribən 95% və bir qədər də çox idxaldan aslı vəziyyətdədir. Əsasən farmasevtik istehsal “AzərFarm LTD” şirkətinin payına düşür. “AzərFarm LTD” şirkətində isə müxtəlif farmakoloji qruplardan olan tablet, kapsul, məlhəm, inyeksiya, məhlul və şərbət formalı 70-ə yaxın dərman preparatları istehsal olunur və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb: “Eyni zamanda antibiotik sexi də fəaliyyət göstərir. Azərbaycanda digər herbafloraların istehsalı da var ki, bura müxtəlif tərkibli ot bitkilərindən hazırlanan çaylar daxildir. Eyni zamanda tibbi spirt, pambıq və sarğı materiallarını da istehsal edən müxtəlif müəssisələr mövcuddur”.

İ.Hüseynli deyir ki, ölkədə dərman istehsalını genişləndirmək mümkündür. Amma problem ondadır ki, bununla yanaşı, kimya sənayesi, xüsusilə də dərman preparatlarının istehsalında nəzərdə tutulan kimyəvi tozlar, mayelər və s. istehsalını inkişaf etdirmək lazımdır: “Amma bu gün lazım olan xammalın böyük əksəriyyəti xarici ölkələrdən alınır. Yalnız qablaşma, formavermə, ampullaşdırılma kimi texnoloji proseslər həyata keçirilir. Avadanlıqlara gəldikdə isə, mənim bilgimə görə, avadanlıqlar yeni və müasir dünya istehsalına yaxın səviyyədədir. Əlbəttə, yeniləşmə, təzələnmə bütün dövrlərdə olduğu kimi, indi də baş verir və istehsalçılar da ona uyğun olaraq yeni avadanlıqlara üstünlüklər verirlər”.

Yerli istehsal bazarda ucuz dərman olmasına gətirib çıxara bilər

Ekspert deyir ki, istər xaricdən gətirilən, istərsə də ölkədə istehsal olunan bütün preparatlar Səhiyyə Nazirliyinin Mərkəzi Analitik laboratoriyasında uyğunluq yoxlamalarından keçir və müvafiq uyğunluq sertifikatı alırlar: “Bu işə nəzarət tam ciddidir və nazirlik tərəfindən ən müasir və yeni avadanlıqlarla və yüksək ixtisaslı kadrlarla təmin olunmuş laboratoriya fəaliyyət göstərir. Bu baxımdan Azərbaycanın və konkret olaraq “AzərFarm LTD” şirkətində istehsal olunan dərman vasitələrinin həm istehsalı və həm də istifadəsi tam zəmanətlidir və əhalinin bu barədə narahatçılığına dəyməz”.

İ.Hüseynli bildirdi ki, ölkəmizdə dərman istehsalı olsa, istənilən halda ucuzlaşmaya təsir edə bilər. Amma insanların dərmanla bağlı tələbatını yerli istehsal hesabına ödəmək uzun bir prosesdir və burada nəzərə alınmalı çox ciddi məqamlar var: “Amma alternativ olaraq hansı preparatlar satışa çıxarılsa, həmin məhsulun xarici variantı ilə müqayisədə qiyməti ucuz olacaq. Digər ölkələrin dərman preparatlarının alternativini istehsal etməyə gücümüz olarsa, qiymətlərin ucuz olması da gözlənilən məsələlərdəndir”.

Bizdə istehsal edilən dərmanları aptek şəbəkəsində hazırlamaq mümkündür

Tibbi ekspert, professor Adil Qeybulla deyir ki, sovet dövründə də Azərbaycanda mürəkkəb tərkibli dərmanlar istehsal olunmayıb. Müxtəlif mazlar, cövhərlər, ekstraktlar, müəyyən məlhəmlər hazırlanıb: “Müasir dərmanların hazırlanması Azərbaycanda baş verməyib. Bu, Rusiyanın digər yerlərində istehsal olunurdu. Çünki SSRİ-nin siyasəti belə idi ki, mühüm strateji zavodları, istehsal müəssisələrini Azərbaycan kimi ölkələrdə açmırdılar. Əlbəttə, bu sahədə əziyyət çəkirik. Amma bu gün dünyada inteqrasiya gedir, dünya qloballaşır. Azərbaycanda xeyli sayda dərman resursu, bitkiləri var”.

Ekspert bildirdi ki, ölkəmizdə müəyyən dərman istehsalı var. Amma bizdə istehsal edilən dərmanlar aptek şəbəkəsində hazırlanması mümkün olanlardır: “Dərman preparatları müasir formada, tərkibi tam dəqiq, təsiredici maddə tam dozalanmış, dərman əlavələri seçilmiş, çeşidlənmiş, orqanizmə tam təhlükəsiz formada olmalıdır. Bütün bunlar çox mühüm məsələdir. Dərman təhlükəsizliyi milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Ona görə də bu sənayeyə səthi yanaşmaq olmaz”.

A.Qeybullanın sözlərinə görə, bu gün dünyanın ən aparıcı şirkətləri ilə müştərək zavodlar, şirkətlər qurmaq olar. Bununla da, Azərbaycanın dərman sənayesini qısa bir müddətdə inkişaf etdirmək mümkündür: “Şərt deyil ki, bütün dərmanları özümüz istehsal edək. Amma bəzi mühüm dərmanların Azərbaycanda istehsalı mümkündür. Bunun üçün iradə olmalıdır. Dünyanın aparıcı şirkətləri ilə birlikdə müştərək şirkətlərin qurulması, mütəxəssis cəlb olunması və ən müasir texnologiyanın Azərbaycana gətirilməsi lazımdır”.

Dərman istehsal edən ölkələrin zavodları ilə əməkdaşlıq edilməlidir

Ekspertin sözlərinə görə, Azərbaycanda istehsal olunan dərmanlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunsa, reyestrə daxil edilsə, bu, ölkəmizin əldə etdiyi uğuru ola bilər. Amma bu, elə də sadə məsələ deyil: “Buna ciddi şəkildə həm maliyyə, həm də kadrlar lazımdır. Bu təşəbbüs çox yaxşıdır. Amma nəticə verməsi üçün strategiya düz qurulmalıdır. Dərmanlar standartlara uyğun hazırlansa, təbii ki, beynəlxalq ekspertizalardan keçsə, dünya bazarına çıxacaq və güvən olacaq”.

A.Qeybulla deyir ki, Azərbaycanda dərman maddələrinin çox böyük çeşidi var. Ən azı, bu gün dünyanın aparıcı ölkələrində istehsal olunan şərq reseptləri formasında dərmanlar, müxtəlif məlhəmlər, ekstraktlar hazırlanması mümkündür. Müasir dərman formaları kimi isə təbii bitkilərdən hazırlanmış tabletlər, kapsulalar hazırlamaq olar. Onun sözlərinə görə, kimyəvi dərman istehsalına gəldikdə isə, Sumqayıtda konkret yer ayırıb farmakoloji sənayeni qurmaq olar: “Məsələn, dünyaca məşhur dərman firmalarının Azərbaycanda zavodu ola bilər. Bizdə belə zavodlar tikilsə, bununla bağlı iş aparılsa, hesab edirəm ki, bu işi intensiv qura bilərik. Rusiya ilə bu məsələdə əməkdaşlığa getməyi uğursuz sayıram. Biz Rusiyaya yox, Qərbə inteqrasiya etməliyik. Dünyanın aparıcı firmaları ilə işləməliyik. Rusiya zavodları ilə müştərək nə isə etməyin heç perspektivi yoxdur”.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən münasibət öyrənməyə çalışdıq. Lakin bir neçə günlük israrlı müraciətlərimiz cavabsız qaldı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir