dikdaban

Dikdaban geyinən qadınlar kişilərin diqqətini daha çox çəkir?

Baxış sayı: 731

Günümüzdə qadınların xarici görünüşü ilə bağlı aparılan bir çox araşdırmalar göstərir ki, qadın geyimlərinin və ya aksesuarlarının cəlbediciliyi kişilər tərəfindən lazımı qədər dəyərləndirilir və kişilər əks cinsin nümayəndələrinin fiziki xüsusiyyətlərinə daha çox əhəmiyyət verir.

Belə bir deyim var:

“Qadın qadın üçün geyinir, çünki kişilər detalları görmürlər”.

Ancaq görünür qadınların sevimli moda məhsulları eyni zamanda kişilərin də diqqətini cəlb edir. Sözü gedən bu sevimli məhsullardan biri də şübhəsiz ki, dikdaban ayaqqabılardır. Bu gün belə dikdaban ayaqqabılar sağlamlıq cəhətdən müxtəlif ortopedik narahatlıqlar yaradır, ancaq yenə də qadınlar bu ayaqqabılara üstünlük verirlər. Çünki populyar jurnallar, filmlər və reklam çarxları dikdaban ayaqqabıların onları daha cəlbedici və seksual göstərdikləri mesajını verirlər. Bu mesajlarda qadınlara  birbaşa“Dikdaban ayaqqabılar  sizi kişilər üçün daha cəlbedici edir” mesajı verilir.

Dikdaban ayaqqabı

Elə mən də, bugünkü yazımda məhz kişilərin dikdaban ayaqqabılar geyinən qadınlara qarşı verdikləri reaksiyanı öyrənmək məqsədilə aparılan təcrübələrdən bəhs edəcəyəm.

Deməli belə…

2014-cü ildə Fransada dabanı düz, 5 sm və 9 sm ölçülü olan ayaqqabılar geyinən gənc qadınların əsas rol oynadığı 4 təcrübə aparılır.

 

Kişilər dikdaban geyinən qadının sorğu anketində daha çox iştirak edirlər.

Dikdaban geyinən qadınlar

İlk təcrübədə gənc qadın küçədə 90 kişiyə yaxınlaşıb, gender bərabərliyi ilə bağlı sorğu anketində iştirak etmələrini istəyir. Qadın düzdaban ayaqqabı geyindiyi zaman kişilərin 47%-i sorğuda iştirak edir. Bu nəticə qadın 9 sm dikdaban ayaqqabı geyindiyi zaman dəyişərək 83%-i göstərir. Bir başqa təcrübədə isə qadın düzdaban da geyinsə, 5 sm də geyinsə, sorğuda iştirak edənlərin say nisbətinin eyni olduğu görülür.

 

Qadınlar düzdaban geyinən qadının sorğu anketində daha çox iştirak edirlər.

İkinci təcrübədə yubka, pencək və ağ köynək geyinən 4 qadının hər biri 45 qadına və 45 kişiyə yaxınlaşıb yemək vərdişləri ilə bağlı sorğu anketində iştirak etmələrini istəyir. Aparılan sorğu zamanı qadınlar ayaqqabılarını hər 15 dəqiqədən bir dəyişirlər. Əldə edilən nəticələrə görə, kişilərin çoxu dikdaban geyinən qadının sorğu anketində iştirak etməyə razı olduqları halda, düzdaban geyinən qadınların sorğu anketində iştirak etməyə az sayda kişi razı olur. Qadınların əksəriyyəti isə, düzdaban və orta hündürlükdə ayaqqabı geyinən qadınların sorğu anketində iştirak etməyi qəbul edirlər. Ümumilikdə isə dikdaban geyinən qadınların sorğu anketində kişilərin 82%-i, qadınların isə 30%-i  iştirak edir.

Düzdaban ayaqqabı

Üçüncü təcrübədə gənc qadınlar yolda yeriyərkən əlcəklərini yerə atırlar və daha çox kişilərin, yoxsa qadınların əlcəkləri geri gətirmələrini ölçürlər. Bu təcrübədə 360 nəfərin kömək etmələri araşdırılır. Nəticələr göstərir ki, kişilər dikdaban geyinən qadınlara küçədəki digər qadınlardan daha çox kömək edirlər. Hələ əlcəyini yerə atan qadın dikdaban ayaqqabı geyinibsə, kişilər ona düzdaban geyinən qadınlardan daha çox kömək edirlər. Qadınlar isə kişilərə nisbətən daha az kömək etsələr də, onlar da daha çox dikdaban geyinən qadınlara kömək edirlər.

 

Dikdaban geyinən qadınlar oturanda belə daha cəlbedicidirlər.

Son və dördüncü təcrübədə isə gənc qadın bara gedir və başqa bir adam kənardan qadını izləyərək ona salam vermək üçün yaxınlaşan əks cinsin qadına nə qədər vaxta yaxınlaşacağını hesablayır. Təcrübədə bir kişi bu qadına yaxınlaşdığı zaman qadın “yoldaşımı gözləyirəm” deyir və həmin zaman başqa bir qadın onun yanına gələrək “gecikdiyim üçün bağışla” deyir. Bu zaman kişi qadının yanından uzaqlaşır. Təcrübənin nəticələrinə görə, kişilərin düzdaban geyinən bir qadına yaxınlaşması 14 dəqiqə, dikdaban geyinən bir qadına yaxınlaşması isə 7 dəqiqə çəkir.

 

Aparılan təcrübələrin nəticələrinə əsasən kişilərin dikdaban geyinən qadınları daha cazibədar hesab etdiklərini görürük.

Yaxşı, bəs niyə?

Qadınlar dikdaban ayaqqabı geyindiyi zaman onların qaməti dəyişir. Beləliklə, qadınların bel qıvrımı daha da dərinləşir və sinələri daha dik durur. Bunlar isə bir qadını kişilər üçün daha cəlbedici edən məqamlardır.

Dikdaban ayaqqabı geyinən qadınların addım atmaqları daha çətin olduğundan və özlərini çox da rahat hiss etmədiklərindən, onların yeriyiş tərzində müəyyən dəyişikliklər olur. Nəticə etibarı ilə bu cür yeriyiş tərzi kişilərin nəzərində daha çox qadına xas gorünür ki, bu da onların qadınları daha dişi hesab etmələrinə təsir edir.

Bunun ən vacib səbəblərindən biri də mediadır. Filmlərdə baxımlı, cazibədar və güclü bir qadın obrazı dikdaban ayaqqabılarla əlaqələndirilir. Təbii ki, bu da qadınların obyektivləşdirilməsi deməkdir.

Dikdaban ayaqqabıların yaratdığı narahatlıq təəssüf ki, hər zaman müvəqqəti olmur. Bu ayaqqabılar qadınların ayaqlarında, dizlərində və bel bölgələrində ağrı hiss etmələrinə və hətta dırnaqlarda və ayaq barmaqlarda deformasiyaya səbəb olurlar.

Biz yenə də hər nə olursa olsun, qadının gözəl görünməsini təmin edən əsas amillərin qadının ağlı və özgüvəni olduğunu unutmayaq.

Ayaqqabı kimi digər geyim məhsulları isə sadəcə ağılla və özünə inamla  istifadə edildikdə qadına cazibədarlıq qata bilər…

Maraqlıdır ki, aparılan təcrübələr əsasında yazılan məqalə Cənubi Bretan Universitetinin tələbi ilə baş redaktor tərəfindən dərc edildiyi jurnalın veb saytından qaldırılıb. Buna əsas səbəb olaraq isə məqalədə ciddi metodoloji zəifliklərin və statistik səhvlərin olduğu qeyd edilib. Bu da məqalədə yazılan məlumatların etibarlı olmadığını göstərir. Məqalənin müəllifi Nikolas Qeqen isə məqalənin saytdan qaldırılması ilə bağlı heç bir yazışmaya cavab verməyib. (“Nevarneyox.com”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir