Dilare Eliyeva

Dilarə Əliyeva: “Qızım universitetdə oxuyanda, oranın qapısının nə rəngdə olduğunu belə bilmədim” – MÜSAHİBƏ

Baxış sayı: 3. 331

“Gənclik” qəzetinin “Mənim balam” rubrikasının bu həftəki qonağı əməkdar artist, aktrisa Dilarə Əliyeva idi. İki qız anası olan müsahibimiz aparıcı kimi daha çox məşhurdur.

Dilarə Əliyeva müsahibəsində bildirdi ki, böyük qızı Aytən xasiyyətcə atasına, kiçik qızı Banu isə özünə daha çox bənzəyir.

– Dilarə xanım, övladlarınızı tərbiyə edərkən hansı üsuldan istifadə edirsiniz? Valideynlərinizdən görüb-götürdüyünüz, yoxsa sizin öz üsulunuz var?

– Mənim öz tərbiyə üsulum var. Övladlarıma içimdən gəldiyi kimi yanaşıram. Təbii ki, onların qayğısına qalır, problemlərini dinləyirəm. Mən onlarla ana-bala münasibətindən daha çox dost münasibəti saxlayıram. Əgər onlara icazə verə bilməyəcəyim bir şeyi məndən xahiş edirlərsə, onu aydınlaşdırıram, razılıq vermirəmsə, onun səbəblərini söyləyirəm. Qızlarım mənimlə problemlərini bölüşəndə, onlara öz məsləhətimi bildirirəm. Onlar nəyisə düz etməyəndə, doğru yolu göstərirəm. Qızlarım mənə öz səhvlərini, problemlərini deməkdən çəkinmirlər. Onlar mənə bir dost kimi inanırlar. Bilirlər ki, hər hansı bir problemlərini mənimlə bölüşsələr, onları başa düşüb, müzakirə və ya tənbeh etməkdən savayı, öz məsləhətlərimi də verəcəyəm. Bu baxımdan mən övladlarımla dostam. İnsan dostuna hər bir dərdini açıb deyə bilir. Onların mənimlə danışığında intonasiya tonu xoşuma gəlməyəndə, başa salıram ki, bu davranışı bəzi səbəblərə görə anlayışla qarşılayıram, ancaq növbəti dəfə bu hərəkət bağışlanmayacaq. Bu da o deməkdir ki, mənim səninlə əvvəlki münasibətim bərpa olunmayacaq. Əgər əhvalım yerində deyilsə, onlar bunu hiss edir və bir-iki cümlədən başa düşürlər ki, indiki halda mənimlə hansısa söhbətə girmək məsləhət deyil. Hiss edirəm ki, hansınınsa mənə sözü var idi və əhvalım yaxşı olmadığı üçün o sözü demədi. Bir az sonra mən ona yaxınlaşıram və söhbət edə biləcəyimi söyləyirəm. Qızlarımla kifayət qədər qarşılıqlı anlaşma ilə yaşayırıq.

– Psixoloqlar qeyd edirlər ki, valideynlərin övladları ilə dost münasibəti heç də düzgün deyil. Çünki belə olan halda, valideynlə övlad arasında olan sərhəd götürülür…

– Mən bununla razılaşmıram. Həyat təcrübəmə əsaslanaraq deyə bilərəm ki, düzgün yoldayam. Bunun mənfi tərəflərini yaşamadığım üçün psixoloqların nəyə xitab etdiklərini deyə bilmərəm. Misal üçün, qızım deyir ki, mən bu geyimi geyinmək istəyirəm. Əgər mən ona bu geyimi məsləhət görmürəmsə, deyirəm ki, sənə başqa paltar daha çox yaraşır. O, bilir ki, yaxşı olsa, mən onu məsləhət görərəm. Onlar da mənim məsləhətlərimə qulaq asırlar. Bəlkə bu mənim övladlarımla, yaşadığım mühit üçün keçərlidir. Ola bilər ki, digər uşaqlara bu, keçərli deyil. Mütləq deyil ki, hər evdə belə olmalıdır. Bizim ailədə övladlarla münasibətlər yalnız dostluq üzərində qurulub və biz bundan çox məmnunuq. İndiyə qədər də heç bir problem yaşamamışıq. Hər bir kəsin ailəsi, övladı individualdır. Mən sadəcə öz ailəm və qızlarımla ünsiyyətim haqqında danışdım. Biz də cavan olmuşuq, o dövrü yaşamışıq. Mənim anam bir az sərt qadın idi. Problemlərimi anamla bölüşə bilmirdim. Düşünürdüm ki, bir söz deyərəm, mənə acıqlanar, səsini qaldırar, xoşuna gəlməz və sairə. Ona görə nəyisə anamla paylaşa bilmirdim və o mənim içimdə qalırdı.

– Müsahibələrinizin birində qeyd etmisiniz ki, ananız sizə açıq dekolte, qısa geyinməyə icazə verməyib. Siz ailə qurduqdan müəyyən vaxt keçdikdən sonra yoldaşınızın razılığı ilə qısa geyimlər geyinmisiniz. Bəs özünüz necə, qızlarınızın geyimlərinə çoxmu müdaxilə edirsiniz?

– Qətiyyən qızlarımın geyimlərinə qarışmıram. Kiçik qızımın – Banunun 9 yaşı var. Ona nəyisə qadağan etməkdən söhbət gedə bilməz. Çünki o, balacadır. Banuya nəyi geyindiririksə, onu da geyinir. Böyük qızım Aytənin 21 yaşı var. Aytənin geyimində hər hansı bir açıq-saçıqlıq varsa, o özü geyiminə əl gəzdirir. Bizim ona nə isə deməyimizə ehtiyac qalmır. Aytən özü özünə qadağalar qoyur.

– Bəs, qızlarınızın təhsil seçimlərinə necə, müdaxilə edirsinizmi?

– Heç vaxt. Aytən Bakı Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olmuşdu. Oranı bitirdikdən sonra Azərbaycan Dövlət İdarəçilik Akademiyasında magistr pilləsinə daxil oldu. Özü oxuyub pulsuza daxil olub, təqaüd alır. Bu yaxında onun işi ilə bağlı müzakirələr apardıq. O, hələ öz seçimini etməyib. Biz hər şeyi onun öz ixtiyarına buraxmışıq. O, bizim sənəti seçmiş olsaydı belə, mən yenə də Aytənə bu sahədə çalışmağa icazə verərdim.

– Qızlarınıza məktəbdə və ya universitetdə valideynlərinin tanınmış olmasına görə heç güzəştə gediblərmi?

– Qətiyyən. Qızım 4 il universitetdə oxudu, bir dəfə olsun o universitetə getmədim. Hətta universitetin qapısının nə rəngdə olduğunu belə bilmirəm (gülür). Bir-iki dəfə imtahanında gedib ona dəstək olmaq istəsəm də, razılıq vermədi. İndiyə kimi Aytən heç yerdə deməyib ki, onun valideynləri kimdir. O, mətbuat nümayəndələrinin iştirak etdiyi tədbirlərdə görünməkdən belə imtina edir. Kiçik qızım isə Aytənin tam əksidir. O, məşhur olmağı çox sevir. Banuya söz vermişəm ki, onunla Novruz bayramında ana-bala bir fotosessiya edəcəyik. İndi ondan xəbərsiz hazırlıqlara başlamışam. Banunun bundan xəbəri olsa, hər gün bunun nə zaman həyata keçəcəyini soruşacaq. Ona görə hazırlıqlara gizlin başlamışam.

– Qızlarınızın tərbiyəsi ilə Oqtay müəllim, yoxsa siz məşğul olursunuz?

– Qızlarımın yanında daha çox olduğum üçün onların tərbiyəsi ilə mən məşğul oluram. Tərbiyəsi ilə məşğul oluram deyərkən, bizim ailədə xüsusi bir tərbiyə metodikası yoxdur. Böyük qızımın çox ağır xasiyyəti var. Biz hərdən onu deyib-gülməyə məcbur edirik. Aytən söz-söhbəti xoşlamır, hər insanla münasibətə girmir. Onun öz dünyası var. Elə bil qızımı çox təriflədim (gülürük).

Oqtay bir qədər ağır xarakterli insandır. Mən isə deyib-gülən insanam. Çox zaman Aytəni xarakterinə görə atasına bənzədirlər. Ancaq ruh etibarı ilə kiçik qızım daha çox mənə oxşayır. O çox ünsiyyətcil, istiqanlı, insanlarla münasibətdə olmağı, deyib-gülməyi sevir.

– İndiki zəmanədə iki qız övladı böyütmək çətindirmi?

– Açığını desəm, mənə o qədər də çətin deyil. Mən onlarla bütün stressimi atıram. Allah nə yaxşı ki, o iki balanı mənə verib. Tanrım qızlarımı mənə çox görməsin. Onlar mənim həyatda ən dəyərli varlıqlarımdır. Onların daima məsuliyyəti üzərimdədir. Ancaq bu, şirin məsuliyyətdir. Onlarsız bu həyatın heç bir mənası yoxdur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir