suni mayalanma

Din süni mayalanma ilə dünyaya uşaq gətirməyi qadağan edirmi?

Baxış sayı: 584

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul edilməsinin vacibliyini vurğulayıb.

“Bu qanun sonsuzluq problemi olan ailələrin köməyinə çata bilər. Lakin nə Səhiyyə Nazirliyi, nə də TƏBİB bu məsələ ilə bağlı çıxış yolu tapa bilmir”, – deyə Qənirə Paşayeva çıxışında bildirib.

Deputat Rəşad Mahmudov da illərdir müzakirəsini gözləyən “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin, nəhayət, müzakirəyə çıxarılmasını təklif edib:

“Ölkəmizdə uzun illərdən bəri övlad sahibi olmaq istəyən, amma buna maddi imkanı çatmayan vətəndaşlarımız var. Onlar “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul edilmədiyinə görə övlad sahibi ola bilmədiklərini bildirirlər”.

Rəşad Mahmudov: "ÜST "AstraZeneca" ilə tromboz arasında əlaqə ilə bağlı sorğularımıza aydınlıq gətirib"

Rəşad Mahmudov bildirir ki, qanunun predmeti tamam başqa məsələlərdir: “Uşaq sahibi olmaq isə fərdlərin sağlamlığı ilə bağlıdır və bu, dövlət nəzarətində olsa yaxşı olar. Hökumət üzvlərinin də burada olmasından istifadə edərək bu təklifimi vermək istəyirəm. Əminəm ki, süni mayalanma ilə əlaqədar azı ildə 200-250 nəfər üçün ayrılacaq məbləğ elə də çox deyil. Bu, Prezident İlham Əliyevin səhiyyə sahəsində ortaya qoyduğu xüsusi dəsti-xəttə də uyğun olar. Süni mayalanma üçün dövlət büdcəsindən pul ayrılsa, yaxşı olar”.

Bütün dünya Azərbaycanın seçki sistemini öyrənir - Siyavuş Novruzov

Komitə sədri Siyavuş Novruzov isə çıxışında həmkarının təklifinə fərqli mövqedən yanaşıb. O qeyd edib ki, süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz: “Allah qismət eləməyibsə, Allahın əleyhinə getmək olmaz. Rusiyada bir nəfər 40 uşaq dünyaya gətirir. Amma bizə yaraşmaz. Azərbaycanda “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsi yolverilməzdir. Bu qanun layihəsi çoxdandır Milli Məclisə təqdim olunurdu. Mən Parlamentdə Dini komitənin sədri olanda 5 il imkan vermədim ki, qanun layihəsi qəbul olunsun. O qanun bizim milli mentaliletə uyğun layihə deyil. Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz. Ona görə də belə şeyləri burada müzakirə etməyin heç bir yeri yoxdur”.

Xatırladaq ki, ilk dəfə 1978-ci ildə Böyük Britaniyada tətbiq edilən süni mayalanma 2004-cü ildən etibarən Azərbaycanda da həyata keçirilir. Belə ki, bu prosedur ölkəmizdə ilk dəfə Ailə Planlama Mərkəzində həyata keçirilib.

Məlumata görə, ölkədə süni mayalanma tətbiq edilən klinikalarda ay ərzində 100 ailəyə süni mayalanma icra edilir. Ölkədə də 4 belə aktiv mərkəz var, nəticə etibarilə ay ərzində Azərbaycanda 400-450 süni mayalanma icra edilir. Bu say bir il ərzində 5000-5500 ola bilər. Son olaraq isə hesablarımızla deyə bilərik ki, süni mayalanma tətbiq edilən ildən bu günə kimi 85 000-90 000 süni mayalanma icra olunub. Bundan əlavə, 2-ci, 3-cü uşaq üçün də müraciətlər olduğu məlumdur.

 

Süni mayalanma nədir, bu proses necə aparılır?

Ekspertlər qeyd edir ki, süni mayalanma əslində yardımçı reproduktiv texnologiyalar çərçivəsində ekstrakorporal mayalanma deməkdir. Korpus bədən, ekstra isə xaric deməkdir. Ekstrokorporal mayalanma o deməkdir ki, qadın və kişi hüceyrələrinin birləşməsi insan orqanizmində deyil, sınaq şüşəsində, yaxud laboratoriyada baş verir və sonra qadının uşaqlığına yerləşdirilir.

Prosesin aparılmasına gəldikdə isə ilkin olaraq, qadın və kişi müayinədən keçir. Müayinələrdən sonra venadaxili anesteziya ilə əməliyyat etmədən xüsusi iynə vasitəsilə qadının yumurtalıqlarından yumurta hüceyrələri toplanır və embrioloji laboratoriyaya verilir. Eyni gündə kişidən də hüceyrələr götürülür. Laboratoriyada həm kişi, həm də qadın hüceyrələrinin içərisindən yaxşıları seçilir və onlar mikroinyeksion üsulla mayalandırılır, yəni kişi hüceyrəsi xüsusi mikroinyeksion iynə vasitəsilə yumurta hüceyrəsinə daxil edilir. Nəticədə əmələ gələn embrionlar inkubatora yerləşdirilir. Onlar 3 gün nəzarətdə saxlanılır, öyrənilir və içərisindən ən yaxşısı seçilib heç bir narkoz vermədən xüsusi kateter vasitəsilə ultrasəs cihazının nəzarəti ilə qadının uşaqlığına yerləşdirilir. Nəticəyə gəldikdə, mütəxəssislər bildirir ki, bu, yaşa görə dəyişir. Əgər qadın 30 yaşına qədərdirsə, müsbət nəticə şansı 60-70 faiz, 30-35 yaş arasında 40-50, 35-40 yaşda 30-40, 40 yaşdan sonra isə 20-30 faiz olur.

Bir müddət öncə Azərbaycanda sonsuzluqla bağlı ekstrakorporal mayalanmanın icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinə daxil ediləcəyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, bununla da hər sonsuz ailə bir dəfə dövlət hesabına süni mayalanma prosedurundan yararlana biləcək. Qeyd edək ki, qardaş Türkiyədə ehtiyacı olan ailələr üçün süni mayalanma xidməti iki dəfə dövlət tərəfindən pulsuz həyata keçirilir. Bu məlumdur ki, süni mayalanma bahalı prosesdir və günü-gündən əhalinin bu prosesə ehtiyacı daha da artır. Lakin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuata açıqlamasında bildirib ki, hələlik süni mayalanmanın sığorta paketinə salınması planlaşdırılmır.

Mama-ginekoloq Rəşəad Sultan bilgiləndirir! - YouTube

Tanınmış mama-ginekoloq Rəşad Sultan mövzu ilə bağlı aşağıdakıları dedi: “Əgər deputat bunu Allahın işinə qarışmaq kimi qiymətləndirirsə, bu məntiqlə elə həkimlik başdan-ayağa Allahın işinə qarışmaq deməkdir. Bu barədə dini baxımdan heç nə deyə bilmərəm, amma bir həkim kimi deyə bilərəm ki, dindarlar həkimlərə elə Allahın bir vasitəçiləri, xəstəlikləri sağaldan bir vasitəçi şəxslər kimi baxırlar.

Həkimlər bir çox xəstəlikləri sağalda bilirlərsə, uşaq olmaması bir xəstəlik kimi  qəbul oluna bilər. Çünki çoxalma canlının 3  əsas instinktindən, funksiyasından biridir. Uşaq sahibi ola bilməməyi çoxalma funksiyasının pozulması kimi qəbul edə bilərik. Əgər həkimlər bir çox  funksiya pozğunluğunda insanlara yardım edirsə, o zaman  çoxalma məsələsində də yardımçı  olmasına,  sonsuzluq  xəstəliyinin müalicə edilməsinə normal baxmalıdırlar.

Niyə  məhz süni mayalanmaya qarşı çıxırlar? Bu gün əgər yumurtası yetişməyən qadına bir-iki dərman preparatı   verməklə, onun uşaq sahibi olmasına yardımçı oluruqsa, niyə süni mayalanmadan istifadə etməyək?

Əslində burada süni sözü yanlışdır. Bəlkə də bəzi insanlar elə bilir ki, nəsə hansısa bir sünidən uşaq yaranır. Bu, klounlaşma deyil və klounlaşma qadağandır. Burada ana və atanın hüceyrəsi ana bətnində birləşir və uşaq dünyaya gəlir. Yəni bədəndən kənar mayalanma aparılır. Hüceyrələri biz özümüz laboratoriyada birləşdirir, daha sonra isə ana bətninə qoyuruq, ana hamilə qalır. Yəni bu prosedur niyə edilməsin?”

Rəşad Sultan deputatın fikirlərini sərt tənqid edərək bildirib: “Bu haqda anlayışları yoxdur, amma fikir bildirirlər. Lazımdır ki, bu mövzuda mütəxəssislər fikir bildirsin. Hələ üstəlik yaxşı bir şey etmiş kimi özləri ilə fəxr edirlər”.

Bəs dinimiz nə deyir? Süni mayalanma ilə uşaq dünyaya gətirmək Allaha qarşı çıxmaqdırmı?

Karta fitrə köçürmək doğrudurmu - rəylər

İlahiyyatçı Emil Rahiloğlu sualımızı bu cür cavablandırdı: “Süni mayalanma ilə bağlı şəriətdə heç bir problemi yoxdur. Problem olan əksər deputatların bir işə yaramamasıdır. Uşaq pulu, qaz limiti, qazilərin və sair sosial problemləri həll etmişdilər, qalmışdı süni mayalanmanın Allaha qarşı olmasını demək?!”

İlahiyyatçı Samir Əzizov da qeyd etdi ki, dində süni mayalanma qadağan deyil:

“Əgər ailə öz övladının olmasını istəyirsə və bunu hansısa tibbi qanuni yolla həllinə çalışırsa, burada heç bir günah yoxdur. Yəni həqiqətən də mayalanma zamanı ər və arvadın hüceyrəsindən istifadə olunursa, kənar mayalanmadan söhbət getmirsə, dinimiz bunun olmasının tərəfdarıdır. Lakin qeyd etdiyim kimi, əgər başqa şəxsin, yəni atanın deyil, başqasının hüceyrəsindən istifadə olunarsa,  din bunun əleyhinədir”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir