Derman

DIQQƏT: İnternet üzərindən satılan dərmanların əksəriyyəti saxtadır

Baxış sayı: 1. 467

İnsan sağlamlığını təhlükə altına alan saxta dərman bazarı gün keçdikcə böyüyür. Belə dərmanların bir çoxu internet üzərindən satıldığından, satışların yoxlanılması mümkün olmur.

Saxta dərmanlar çox zaman görünüşü, rəngi, forması və ağırlığı ilə orijinala bənzəyir. Buna görə də alıcı aldığı dərmanın saxta və ya orijinal olduğunu müəyyən edə bilmir. Araşdırmalara görə, internet vasitəsilə satılan 10 min dərmandan 8 mini saxta olur.

Həkim İlhamə Qurbanovanın sözlərinə görə, dərman həkim tərəfindən məsləhət görülən və əczaçının nəzarəti ilə satılan bir məhsuldur. İnternet saytlarda satılan dərmanlar isə həkim və əczaçı nəzarəti olmadan satışa buraxılır: “İnternet saytlarında təkcə saxta deyil, asılılıq yaradan dərmanlar da satılır. Saytlarda qida əlavəsi, dermokosmetik,  arıqlama dərmanlarının satışına nəzarətin güclənməsi çox önəmlidir”.

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, bütün dünyada satılan dərmanların 6 faizi saxtadır. Bəzi ölkələrdə  saxta dərmanların sayı 50 faizi ötüb. Məlumata görə, dünya bazarında 75 milyard dollarlıq saxta dərman mövcuddur.

Müsahibimiz bildirir ki, son zamanlar saxta dərman istehsalçıları inkişaf edən texnologiyadan istifadə etdiklərindən dərmanın orijinallığını müəyyən etmək bir qədər çətin olur. “Saxta dərmanlar steril olmayan və insan sağlamlığını təhlükədə qoyan mühitlərdə istehsal edilir.  Buna görə də heç kim internet saytlardan alınan dərmanların ölümə səbəb ola biləcəyinə zəmanət vermir. Bu səbəbdən də dərmanı yalnız həkim məsləhəti və əczaçı nəzarəti ilə almaq lazımdır”.

Həkimin dediyinə görə, məhsul aşağı qiymətə satılırsa, buna xüsusi diqqət yetirmək lazımdır. Dərman alan zaman  çıxarılmış və dəyişdirilmiş məhsul etiketinə də baxmaq vacibdir. “Dərman alarkən son istifadə müddətinin  dəyişdirilib-dəyişdirilmədiyinə də baxın. Saxta dərman satanlar, ümumiyyətlə, vaxtı bitmək üzrə olan dərmanları alıb etiketləri dəyişdirirlər. Dərman qablarında etiketlərin ölçüsü, qalınlığı, kağızın parlaqlığı və ya cilasında fərqlilik olub-olmadığına və dərman qutularının üzərindəki yazıların yazılış formasına diqqət edin”.

Qurbanova qeyd edir ki, əslində iki növ saxta dərman var: “Dərmanın içindəki təsirli maddənin artıq və ya əskik olması, bununla yanaşı və yaxud olmaması dərmanın saxta olduğunu müəyyən edir. Saxta dərman istehsalçıları dərmanın xammalını dəyişərək, ya da istehsal müddəti bitmiş dərmanları yenidən qablaşdıraraq, istehsal müddətini silib yenidən yazaraq saxtakarlıq edirlər. Bu isə xəstələrin canına qəsd etməkdir. Bu, böyük cinayətdir”.

Həmsöhbətimizin bildirdiyinə görə, orijinal dərman istehsalı zamanı hər bir dərman qutusu və xüsusi olaraq dərman istehsalçıdan istehlakçıya qədər izlənilir. Yəni, sayı bəlli olur. İnternet vasitəsilə dərman alan zaman isə bu nömrənin izlənilməsi mümkün olmur. İnsternet saytlardan əsasən arıqlama dərmanları, qida əlavələri, saç və dırnaq vitaminləri, xərçəng əleyhinə preparatlar və s. bu kimi dərmanlar satılır.

Hepatoloq Əfsanə Bayramovanın sözlərinə görə, internet saytlarda reklam olunan bir çox dərmanlar var ki, qaraciyərə zərər vurur: “Ayurvedik qədim Hindistanda bəzi xəstəliklər ücün istifadə olunan bitki əsasli bir elmdir. Bu dərmanların icərisində müxtəlif bitkilərlə yanaşı bəzi metallar da var. 2005-ci ildə internetdə reklam olunan Amerika və Hindistanda istehsal olunan ayurvedik dərmanların 20-22%-də nəzərə çarpacaq miqdarda qurğuşun, civə, arsen tapılıb”.

Mütəxəssislərə görə, saxta dərmanların bir çoxu Çindən idxal edilir. Çox zaman belə dərmanların reklamlarında bitki mənşəli olduğu deyilir. Ancaq hər “bitki mənşəlidir” sözünə inanmaq da olmaz.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir