bosanma

Doğurdanmı karantindən sonra boşanmaların sayı artacaq?

Baxış sayı: 165

Ölkəmizdə 4 ayda 4 mindən çox boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-aprel ayları ərzində qeydiyyat şöbələrində 13738 nikaha daxilolma və 4287 boşanma olub.

Bu müddət ərzində əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,2, boşanmaların sayı isə 1,3 olub.

Ölkəmizdə boşanmalarla bağlı acınacaqlı durum olduğunu deyən “Regional Gender Mərkəzi İctimai Birliyi”nin sədri Şərqiyə Dadaşova bildirir ki, ailələrin dağılmasının müxtəlif səbəbləri var.

Birlik sədrinin sözlərinə görə, ailə münaqişələri xəstəliklərdən də betərdir:

“Çünki ailə institutumuz olduqca zəifləyib. Hər zaman deyirdik ki, ailə institutumuz bütün dünyada göz qabağında dır və öndə gedirik. Amma ailə institutumuz əvvəlki kimi deyil, artıq parçalanmalar var. Yəqin ki, ailənin dağılmasında böyüklərdən də çox şey asılıdır. Əvvəllər belə hallar çox deyildi. Lakin son dövrlər bir balaca problem olan kimi valideynlər övladlarının boşanmasını istəyirlər. Amma bu düzgün deyil. Ailəni quranda nə qədər əziyyətlər çəkilir, ona görə də tərəflərin bir-birini tanıyıb anlaması müəyyən müddət tələb edir. Bəzən valideynlər xırda məqamların üstündə ortaya boşanmanı salır. Hərdən görürük ki, heç qızın özünün razılığı olmadan valideyn qərar verir ki, qızım boşanmalıdır və daha  ər evinə gedib orada otura bilməz. Yaxud da oğlanın valideyni evliliyin alınmadığını deyir. Fikirləşmirlər ki, ortada qalan övladlar olur. Hər məsələni böyütmək lazım deyil. Bəzən gənclər valideynlərlə yaşamaq istəmir. Bu gün övladlarımız heç olmasa 2-3 il valideyn yanında təcrübə keçməlidir. Amma valideynlər deyir ki, uşaqlar sərbəst olsunlar. Lakin xırda bir məsələ üzərində münaqişə baş verir və boşanma ilə nəticələnir. Ailədə münaqişə varsa, getdikcə cəmiyyətimiz də dağılır”.

bosanma

Ş.Dadaşova iki şəxsin evliliyində valideynlərin müdaxdiləsinin düzgün olmadığını bildirir:

“Bir də görürsən valideyn qərar verir ki, övladı onun istədiyi şəxslə ailə qursun. Bu da bir çox hallarda yaxşı sonluqla nəticələnmir. 13 yaşında qızı ərə verirlər, bütün bunlar da sonda boşanmaya səbəb olur. Bəziləri deyir ki, maddi baxımdan çətinlik çəkdiyim üçün istəyirəm qızım tez ailə qursun. Amma bu düzgün yanaşma deyil”.

Ekspertin qənaətincə, karantin bitdikdən sonra boşanmaların sayı daha da çoxalacaq:

“Çünki insanlarda bir-birinə inamsızlıq, soyuqluq yaranıb. 3 il öncə bir xanım yoldaşı ilə boşandı. Səbəb olaraq dedi ki, yoldaşı xəstədir və ondan iyrənir, onunla yaşamaq istəmir. Əvvəlki ailə modelinə qayıtmaq üçün xeyli çalışmalıyıq. Çünki əvvəllər kiminsə həyat yoldaşı xəstə olanda onu tərk etmirdi, ona övladı kimi baxırdı. Çox təəssüf ki, indi belə deyil”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir