komputer

Doğurdanmı uşaqların internetdən asılılığının günahkarı valideynlərdir?

Baxış sayı: 1. 736

Heç kim bu gün texnoloji vasitələrin həyatımızdakı əvəzedilməz rolunu inkar etmir. Demək olar ki, əksəriyyətimiz günümüzün böyük hissəsini mobil telefon, planşet vasitəsilə internet resurslarına xərcləyirik. Lakin təəssüflər olsun ki, son zamanlar bu, artıq uşaqlarda da dəb halını alıb.
Kiçik yaşlı uşaqların əksəriyyəti bütün günü əlində telefon, planşet səssiz-səmirsiz ya oyun oynayır, ya da internetdə qurdalanır. İctimai nəqliyyatda, kafelərdə, parklarda hər birimiz tez-tez bu halın şahidi oluruq və çox vaxt da əhməiyyət vermirik. Bəzən valideynlər uşağın sakitliyini təmin etmək, yaxud yeməyini yedirtmək üçün onun əlinə mobil telefon verir. Bəs görəsən, bu nə dərəcədə düzgündür? Uşaqlardakı bu asılılığı necə aradan qaldırmaq olar?
Psixoloq Vəfa Rəşidova deyir ki, uşaqlarda internet və mobil vasitələrə yaranan bağlılıq birmənalı olaraq ailədən qaynaqlanır: “Bəzən uşaq ailədə sevgi doyumsuzluğu, diqqət əskikliyi hiss edir. Valideyn öz uşağı ilə maraqlanmır və nəticədə bu, onlarda belə bir asılılıq yaradır. Əgər internet asılılığı varsa, bu problemin kökü mütləq şəkildə valideyndən qaynaqlanır. Uşağı yetişdirən, onu formalaşdıran ailədir. Bu asılılıq insanın istənilən yaş dövründə  ünsiyyət problemi, özünəqapanıqlıq, depressiya, stress kimi problemlər yarada bilir. Uşaqlar internetdə vaxt keçirməklə diqqətsizliyi, ailədəki gərginliyi unutmağa çalışır və bununla başını qatdığını zənn edir. Lakin  o, ikiqat narahatlıq qazanmış olduğunu dərk etmir. İnternet, kompyuter, planşetlər uşaqlarda aqressiya formalaşdırır. Problemin qarşısını almaq  üçün valideyn öz övladına dəstək olmalıdır. Təəssüflər olsun ki, bu hər ailədə belə deyil. Valideyn qayğısı görən uşaq demək olar ki,  texnoloji alətlərə, internetə meyil etmir. Bu qayğını görməyən uşaqlar öz problemlərini texnologiya vasitəsi ilə unutmağa, gizlətməyə çalışırlar. Mobil telefon, internet asılılığı əslində özünəqapanıqlığın bir formasıdır”.
Müsahibimiz deyir ki, bəzən valideynlər özləri uşaqlarına mobil telefon verib onlardan bununla başının qatmasını istəyirlər. Amma bu tamamilə yanlış bir davranışdır: “Məhz buna görə də son zamanlarda uşaqlarda əqli və emosional ləngimə geniş yayılıb. Biz seanslarımızda da tez-tez bunun şahidi oluruq. Bu problemlərlə bağlı həddindən artıq müraciətlər olunur. Valideyn elə bilir ki, bu gün uşağın başını mobil telefonla qatmaqla zaman qazanır. Amma əslində o, ikiqat zərərə uğrayır. Belə uşaqlarda adətən analiz qabiliyyəti çox zəif olur. Bunun korreksiyası üçün ilk növbədə psixoloqun peşəkarlıq səviyyəsi yüksək olmalıdır. O həm valideyni, həm də uşağı düzgün istiqamətləndirməyi bacarmalıdır. Bəzən bu məsuliyyət təkcə ananın üzərinə atılır. Lakin belə bir məqamda atanın müdaxiləsi daha çox vacibdir. Mən öz pasientlərimlə iş zamanı həm atanın, həm də ananın uşaqla daha çox vaxt keçirmələrini bildirirəm. Uşaqla daha çox maraqlanmaq lazımdır. Uşaqları başdan etmək, yola vermək qətiyyən olmaz. Belə olduqda uşaqlar diqqət çəkmək üçün aqressiv davrana bilir, hətta yalan danışmaqdan çəkinmirlər. Bu problemlər həll olunmadıqda, yeniyetməlik dövründə bunun qarşısını ümumiyyətlə almaq olmur. Uşaqlarla daha çox ünsiyyətdə olmaq, birgə vaxt keçirmək lazımdır. Mən burada təkcə bahalı restoranlarda yemək yeməyi, oyun zallarında olmağı  nəzərdə tutmuram. Bu, adi ev şəraitində də həyata keçirilə bilər. Kiçik bir nağıl danışmaq, birgə film izləmək, bir neçə saat həyətdə oynamaq  uşaqların psixologiyasının korreksiyasında çox böyük rol oynayır. Uşaqları bahalı restoranlara aparmaq madiyyatla sevgi göstərməkdir. Valideyn öz sevgisini övladına mənəvi cəhətdən aşılamalıdır. Belə olduqda, uşaq həm sevgi doyumsuzluğundan əziyyət çəkməz, həm də daxilən rahat olar. Belə olanda, internet, mobil telefon uşağın maraq dairəsindən çıxır”.
Psixoloq deyir ki, uşaqların mobil telefon və internet asılılığını azaltmaq üçün istifadə etdiyi məxsusi bir proqram var: “Bu proqramın köməkliyi ilə uşaq həm valideynlə vaxt keçirə bilir, həm dərslərini oxuyur, həm də internetdən lazımi qədər istifadə edir. Çünki biz internet və mobil telefonlara tamamilə qadağa qoya bilmərik. Bunun üçün balansın qorunmağı çox vacibdir. İnternet asılılığı olan uşaqlara birdən-birə bunu qadağan etmək daha ciddi fəsadlara yol aça bilər. Uşaq uzun müddət gözləyir ki, sərbəst olsun. Bu qadağa qoyulduqda isə, uşaq məcbur olub internet klublara üz tutur. Bəzən bu, uşağın əsəb sarsıntısı keçirməsinə səbəb ola bilər. Valideynlər evdə modemi söndürürlər ki, uşaq internetə daxil ola bilməsin. Əgər uşaq buna ehtiyac duyursa, harda olsa əldə edəcək.
Lakin onun getdiyi internet klublar uşaq üçün nə dərəcədə faydalı ola bilər? Orada uşağın nə öyrənəcəyi, kimlərlə dostluq edəcəyi sual altında qalır. Valideynlər bəzən məsələnin bu tərəfinə diqqət yetirmirlər. Əslində, bu, ən vacib məqamlardan biridir. Uşaq evdə o rahatlığı hiss etməlidir ki, başqa tərəfə yönlənməsin. Çünki o tamamilə yanlış istiqamətlərə vara bilər. Buna isə heç kim zəmanət vermir”.
Pediator Günay Rəsulova deyir ki, uşaqların mobil telefon, planşet, kompyuter qarşısında keçirdikləri vaxt onların sağlamlıqları üçün həddindən artıq təhlükəlidir: “Bu artıq bir çox uşaqda alışqanlıq halına gəlib çıxıb. Nə qədər təəssüfləndirici olsa da, əsas səbəbkar valideynlərin özləridir. Uşağı sakit saxlamaq, yemək yedizdirmək məqsədi ilə valideynlər bəzən uşaqları planşetdən istifadəyə təşviq edirlər. Bu isə bir müddət sonra uşaqda asılılıq formalaşdırır. Valideyn sonradan  bu asılılığın qarşısını almağa çalışdıqda isə, müxtəlif çətinliklər yaşanır. Uşağın uzun müddət texnoloji vasitələrdən istifadəsi onların  daha çox  görmə qabiliyyətinə mənfi təsir göstərir. Bundan sonra uşaqlar gözlərini tez-tez qırpır və gözdə müxtəlif ağrılar hiss etməyə başlayır”.
G.Rəsulovanın sözlərinə görə, uzun müddət televizor, kompyuter qarşısında əyləşən uşaqlarda xroniki yorğunluq deyilən bir hal müşahidə olunur. Belə uşaqlar özlərini aşırı yorğun hiss edir, ətraf mühitə qarşı maraqları itir: “Uzun müddət şüalanan uşaqların enerjiləri tamamilə tükənir. Bundan başqa, adətən həmin  uşaqlarda iştahasızlıq müşahidə olunur. Bunun səbəbi onların uzun müddət hərəkətsiz qalması ilə bağlıdır. İştahasızlıq isə öz növbəsində kalorinin  az sərf olunmasına, qidaya tələbatın aşağı düşməsinə səbəb olur. Televizor, planşet qarşısında yemək yeyən uşaqlarda həzm sistemi xəstəlikləri riski daha yüksək olur. Yemə aktında həzmin normal getməsi üçün ilk növbədə beyin tərəfindən simulyasiya olunmalıdır ki, mədə xüsusi şirə ifraz etsin. Həmin uşaqların fikri yeməkdə olmadığına görə, yeməyin həzmi də çətinləşir. Adətən belə uşaqlar yaddaşsız və diqqətsiz olur. Uzun müddət mobil vasitələrdən asılı qalan uşaqlarda ciddi psixoloji pozğunluqlar yaranır. Psixoloji asılılıq, autizm, özünə qapanma, depressiya kimi risklər də yüksəlir. Valideynlər dərk etməlidir ki, mobil vasitələr tərbiyə üsulu deyil. Uşağı telefonla bir qədər sakit saxlamaq, yaxud bu yolla yeməyini yedizdirmək onu uçuruma doğru sürükləyir. Lap kiçik yaşlarından uşaqlarla fərdi münaibət yaradılmalıdır. Valideyn uşağa planşetdən daha yaxın olmalıdır”.

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir