6a7_52b74fa23517e4c1ac2c1bfacd21728d

Doğuş qorxusu: tokofobiya

Baxış sayı: 2. 023

Qadınların şüuraltında olan doğum qorxusu – tokofobiya qadının yaşadığı cəmiyyətin, ətrafının təsiri ilə yaranan və “bəslənən” bir psixoloji narahatlıqdır. Qadının yaşadığı ölkənin ictimai və mədəni quruluşu, anadan qızına keçən doğuş qorxusu vasitəsilə tokofobiya nəsildən nəsilə ötürülür.

“Tokos” sözü yunan dilindən tərcümədə “doğuş” deməkdir, “fobiya” isə bildiyimiz kimi qorxu.

Tokofobiyası olan qadınlar doğuş zamanı çox acı çəkməkdən, ölməkdən qorxurlar. Həmçinin həkimə, özlərinə güvənmirlər və daim körpəyə pis bir şey olacaq qorxusu ilə yaşayırlar.

Dünyaya gətirəcəkləri körpəyə baxa bilməməkdən, bu məsuliyyəti daşıya bilməməkdən daim qorxurlar. Hətta bu qorxu qadınları abort etməyə, uşağı tələf etməyə, narkotik və spirtli içki qəbuluna qədər apara bilər.

Uşaqkən cinsi zorakılığa məruz qalmış qadınların əksəriyyəti tokofobiyadan əziyyət çəkir.

Tokofobiyası olan qadınlar normal doğuş həyata keçirsələr də illər keçdikdən sonra belə o anları unutmurlar, o günləri düşündükcə panik atak krizləri keçirirlər.

Tokofobiya üç səviyyədə özünü göstərir:

Birinci səviyyə; Qadın hələ hamilə qalmadan tokofobiyadan əziyyət çəkir. Bu səviyyə adətən uşaqlıq və yeniyetməlik dövrü arasında yaranır və inkişaf edir.

İkinci səviyyə; Artıq bir dəfə ana olan qadın çox çətin və uzun müddətli doğum prosesi yaşayıbsa və ya uşağı ölü doğulubsa, hamiləlik dönəmi çətin keçibsə ikinci hamiləlikdə tokofobiya yarana bilər.

Tokofobiya, doğuş sonrası depressiyaya da səbəb olub eyni zamanda ciddi yuxu pozğunluqları da yarada bilir.

Üçüncü səviyyə; Depresiv xəstəliklərin zəminində inkişaf edən doğum qorxusudur.

Tokofobiyadan əziyyət çəkən hamilə qadınlar heç bir zərurət yoxkən yalnız qorxduqları üçün əməliyyatla doğum etməyi seçirlər. Əlbəttə, içlərindəki o qorxunu müalicə etmədikləri müddətcə də bu addımı atmağa davam edəcəklər. Əks halda daha ağır və travmatik hallar yaşana bilər.

Qorxunun qarşısını necə ala bilərik?

1. Hamiləliyin necə inkişaf etməsi, fiziologiyası, psixologiyası barəsində anaları məlumatlandırmalıyıq. Bəzi ölkələrdə olan “doğuşa hazırlıq kursları” məhz bu məqsədə xidmət edir.

2. Əyani psixoloji yardım ala bilərsiniz.. Psixoloqa getməkdən utanmayın, ailənizdən kimsəyə söyləmək məcburiyyətində də deyilsiniz. Psixoterapevt qorxularınızı müalicə edə bilər.

3. Eft və hipnoz texnikalarında usta olan mütəxəssislərə müraciət edə bilərsiniz. Şüuraltı qorxuları bu üsullarla müalicə etmək mümkündür.

4. Pozitiv olun. Pis şeyləri düşünməkdən imtina edin. Körpənizin qarınınızda sağlam bir şəkildə böyüdüyünü və sağlam bir şəkildə dünyaya gələcəyini düşünün.

5. Müəyyən idman hərəkətləri sixi daxilən rahatlaşdıracaq.. Rahatlaşmış bir bədən sizi rahatlaşmış bir ruha qovuşduracaq.

6. Adətən hamilə qadın görən digər qadınlar öz doğum hekayələrini əsgərlik xatirələri kimi ən acı şəkildə danışmağa başlayırlar. Qulaq asmayın. Hər qadının doğuşu özünə xasdır, unutmayın.

7. Doğuş zamanı yanınızda güəndiyiniz və sizə ürək-dirək verəcək insanlar olsun.

8. Hər şeydən öncə özünüzə, bədəninizə, körpənizə güvənin. Doğuş prosesi bədəninizin təbii bir funksiyasıdır, bunu heç bir zaman unutmayın.

9. Hamiləlik zamanı tez-tez yaşanan sancılar və digər çətinliklər, sonu olmayan bir müddət deyil. Bunları körpənizi qucağınıza almağınıza kömək edəcək bir vasitə kimi başa düşməyə çalışın.

BDU-nun sosial elmlər və psixologiya fakultəsinin tələbəsi Aytən Eminova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir