vauçer

Dollardan daha qiymətli vauçerlər niyə “kağız parçasına” çevrildi?!

Baxış sayı: 183

Ötən əsrin 90-cı illərinin ortalarında əhaliyə paylanılan, 2011-ci ildən isə tədavül müddəti başa çatan özəlləşdirmə çekləri ilə bağlı məsələ yenidən gündəmə gəlib. Ölkə ziyalıları, deputatlar, ictimai-siyasi xadimlər, ekspertlər hökuməti tarixi ədaləti bərpa etməyə və çekləri əllərində qalan vətəndaşların hüquqlarını bərpa etməyə səsləyirlər. İddialara görə, məmur oliqarxiyasının və bəzi işbazların “fəaliyyəti” nəticəsində bu proses yarımçıq saxlanılıb və nəticədə milyonlarla pay sahibinin hüquqları pozulub.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Son zamanlar yüzminlərlə vətəndaşın son ümid yeri olan çeklərin taleyinə aydınlıq gətiriləcəyinə böyük ümidlər yaranıb. Digər yandan Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə bəzi dövlət müəssisələri və onların ayrı-ayrı subyektlərinin özəlləşdirməyə çıxarılacağı barədə məlumatlar gəlməkdədir. Prezidentin Holdinqin təsis edilməsi ilə bağlı fərmanında da bu məqam öz əskini tapıb.

1995-ci ildə özəlləşdirmə proqramını parlamentə təqdim edən Milli Məclisin sabiq üzvü, professor Cümşüd Nuriyev deyir ki, o zaman özəllədirmə proqramını hazırlayarkən dünya təcrübəsinə istinad ediblər: “Mərhum Prezident Heydər Əliyevin tapşırığı ilə parlament nümayəndə heyətləri bir çox ölkələrə səfər etdi. Milli Məclisin Büdcə komissiyasının sədri olaraq birinci özəlləşdirmə proqramını parlamentə təqdim etdim. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mənim rəhbərliyim altında aqrar sahənin özəlləşdirilməsi ilə bağlı təcrübə mübadiləsi məqsədilə Fransaya parlament nümayəndə heyətinin səfəri baş tutdu. Əmlak Komitəsinin sabiq sədri, mərhum Tofiq Əzizovla birlikdə Çexiya, Hollandiya, Macarıstan, Bolqarıstan, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Türkmənistan və digər ölkələrə səfərlərimiz baş tutdu. Biz bu səfərlər zamanı özəlləşdirmə prosesi ilə bağlı onların təcrübəsi ilə tanış olduq. Birinci özəlləşdirmə proqramı da məhz buna müvafiq olaraq hazırlandı. Yekunda qərara gəlindi ki, hər bir vətəndaş üçün dörd özəlləşdirmə çeki nəzərdə tutulsun”.

Sabiq deputat əmindir ki, özəlləşdirmə çekləri əllərində qalan payçıların taleyinə aydınlıq gətirilməlidir: “Təklif edərdim ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlələri Dövlət Xidməti Dövlət Əmlak Komitəsinin hüququ varisi olaraq çekləri əllərində qalan payçıların siyahısını hazırlasın. Bundan sonra növbəti addımlar müəyyən edilərək proses mərhələli şəkildə davam etdirilsin. Nəzərə almaq lazımdır ki, artıq bunun üzərindən 25 il zaman ötüb və yeni situasiya yaranıb. Mövcud şəraitdə bunun necə həyata keçiriləcəyi, payçılara kompensasiyanın hansı şəkildə geri qaytarılması ilə bağlı müzakirələr İqtisadiyyat və Maliyyə nazirliklərinin, Milli Məclisin müvafiq komitəsinin, ekspertlərin iştirakı ilə birgə aparılmalıdır”.

“Eyni zamanda, o zaman özəlləşdirmə prosesinin hansı formada həyata keçirilməsi, qanunauyğunluğu məsələsinə də aydınlıq gəlməlidir. Nazirlər Kabineti müvafiq komissiya yaradaraq bu araşdırmanı təşkil edə bilər. Çünki özəlləşdirmə prosesinin yarımçıq həyata keçirildiyi ilə bağlı fikirlər artıq cəmiyyətdə özünə bir hüquq qazanıb. Yəni, şəhadətnamə alıb ki, bu prosesdən daha çox oliqarxlar faydalanıblar. Bu, bəlli həqiqətdir və onlar daha çox əmlak ələ keçirməklə, çoxmilyonluq pay sahiblərinin haqqını mənimsəyiblər”, – deyə həmsöhbətimiz bildirir.

Onun fikrincə, qanunvericiliyə yenidən baxılmasına ehtiyac var: “Qeyd etdiyim kimi, üzərindən uzun müddət keçib və qanunun mövcud reallıqlara uyğunlaşdırılmasına ehtiyac yaranıb. Hökumət bununla bağlı monitorinq aparmalı və nəticələrini ictimaiyyətə təqdim etməlidir. Bu, əhalinin tələblərini təmin etməklə, prosesin siyasiləşməsinin qarşısını alacaq. Bütün hallarda hökumətin fəaliyyəti və bundan sonra atacağı addımlar çox önəmlidir. İmkan vermək olmaz ki, “beşinci kolon” və ona bağlı məkrli qüvvələr bundan öz çirkin maraqları naminə istifadə etsinlər”.

Nuriyev məsələyə filoloji yox, iqtisadi baxımdan yanaşmağın tərəfdarıdır: “Məlumdur ki, Azərbaycanda əksər dövlət müəssisələri artıq özəlləşdirilib. Yalnız iri və inhisarçı dövlət şirkətləri qalıb ki, onların özəlləşməyə çıxarılacağı gözlənilir. Dövlətin investisiyası ilə tam olmasa da, qismən bunu təmin etmək olar. Misal üçün, ödənişli avtomobil yollarının özəlləşməsində bu çeklər yararlı ola bilər. Qarabağın inşası prosesində də vauçerlərdən istifadə etmək mümkündür”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas da söyləyir ki, özəlləşdirmə çeklərinin tədavül müddətinin yenidən artırılmasına ciddi ehtiyac var: “O zaman Ulu Öndər Heydər Əliyevin bununla bağlı imzaladığı fərman cəmiyyətdə ruh yüksəkliyi ilə qarşılandı. Keçid dövründə özəlləşmə zamanı vətəndaşlara yaradılan şərait dövlət dəstəyinin bariz nümunəsi idi”.

“Baxmayaraq ki, ortada mütərəqqi siyasi iradə var idi, bəzi işbazlar prosesin uğurla başa çatmasına imkan vermədilər. Əksər payçılar çekləri çox ucuz qiymətə satsalar da, elələri oldu ki, ümumiyyətlə, bu prosesdən yararlana bilmədilər. Elə biri mən özüm. Tədavül müddətinin yenidən artırılması müsbət addım olardı. Bu, imkan verər ki, nəhayət, vauçerləri əllərində payçılar dövlət dəstəyindən yararlana bilsinlər”, – deyə deputat vurğulayır.

Öz növbəsində iqtisadçı ekspert Rəşad Həsənovun dediyinə görə, əhalinin sosial problemlərinin həlli baxımından özəlləşdirmə çeklərinin tədavül müddətinin artırılmasına ciddi ehtiyac var: “İlk növbədə onu nəzərə almalıyıq ki, koronavirus pandemiyasından çıxmış, inteqrasiya olunmuş dünya iqtisadiyyatı şəraitində müharibələr və sanksiyalardan zərbə görən, inflyasiyanın artdığı, istehlak məhsullarının sürətlə bahalaşdığı mövcud şəraitdə belə bir qərar payçılara böyük dəstək olardı. Çünki çekləri əllərində qalan payçıların sayı kifayət qədər çoxdur və hökumət onlara belə bir tarixi imkanı yaratmaqla böyük dəstək göstərmiş olar”.

“Düzdür, tədavül müddəti dörd dəfə artırılıb. Lakin payçıların bu barədə olduqca az məlumatlı olması, sui-istifadə halları prosesin normal şəraitdə aparılmasına imkan vermədi. Bütün hallarda payçılar varsa və onlar bu prosesdən faydalana bilməyiblərsə, onlara şans tanımaq yaxşı lazımdır”, – deyə Həsənov qeyd edib.

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var. Hansı ki, 2011-ci ildən etibarən bu vauçerlərin tədavül müddəti başa çatıb. Bu xüsusda ölkə ziyalıları, deputatlar, ictimai-siyasi fəallar, iqtisadçılar tədavül müddətinin artırılması, dəymiş zərərin ödənilməsi təşəbbüsü ilə çıxış edirlər.

 

Aydın Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir