dondurma

Dondurma alarkən nəyə fikir vermək lazımdır?

Baxış sayı: 1. 489

İsti yay mövsümünü dondurmasız təsəvvür etmək olmur. Dondurma yayın vazkeçilməz, sərinlik gətirən qidasıdır. Satışda dondurmaların müxtəlif çeşidləri olsa da, keyfiyyətinə zəmanət verən yoxdur. Belə ki, ekspertlərə görə, satışda xeyli vaxtı keçmiş, əridikdən sonra yenidən dondurulan, antisanitar qaydada hazırlanan, acı tam verən, kimyəvi maddələrlə zəngin dondurmalar var.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, satışda olan dondurmaları çox yemək məsləhət deyil: “Dondurma yüksək kalorili, tez həzm olunan süd məhsuludur. Standartlara görə dondurmanın yağlılığını normaya salmaq və yaxud artırmaq üçün yalnız kərə yağı qarışdırıla bilər. Dondurmanın satış şəbəkəsində saxlanma müddəti 30 gündən artıq deyil. Dondurmanı dilin üstünə qoyduqda təzə qaymaq dadı verməlidir. Lakin AİB-ə gələn şikayət zənglərində bildirilir ki, satışda olan dondurmalar boğazda acılıq dadı verir. Bu o deməkdir ki, dondurmaya standartlara uyğun olaraq kərə yağı əvəzinə bitki yağları, marqarinlər, bəzən də piylər qarışdırılır”.

Hüseynov qeyd edir ki, istehlakçı kağıza bükülmüş dondurma alırsa, onun kağızı düz bükülməlidir: “Əgər kağızda əyrilik varsa, bu, dondurmanın hardasa istilik temperaturuna məruz qaldığını, əriyib yenidən dondurulduğunu göstərir. Belə dondurma artıq çirklənmiş dondurma hesab olunur. Ona görə kağızlar hamar və təmiz olmalıdır. Dondurmanın etiketində buraxılma tarixi, son yararlılıq müddəti, saxlanma şəraiti, kaloriliyi, istehsal müəssisəsinin adı, telefonu, ünvanı olmalıdır. Standartın nömrəsi göstərilməlidir”.

Müsahibimizin dediyinə görə, böyük problemlər rəngli dondurmalardadır: “Əksər hallarda dondurmalarda təbii rəng əvəzinə kimyəvi rəngləyicilərdən istifadə olunur. Lakin istehlakçı bunu ayırd edə bilmir. Dadverici maddələr kimyəvi olur. Digər problem birbaşa çəlləklərdə satılan dondurmalardadır. Çəlləkdə vaxtı keçmiş dondurma satılarsa, bunu müəyyən etmək olmayacaq. Təsadüfi deyil ki, Azərbaycanda olan 20-yə qədər dondurma istehsalçılarından yalnız birinə qida təhlükəsizliyi nişanı şamil olunub. Bu da “İceland” dondurmasına şamil olunub”.

Hüseynov bir dəfəyə dondurmanı 200 qramdan artıq yemək məsləhət görülmür: “Artıq yeyilərsə, bədən temperaturu aşağı düşə, insan ölə bilər”,-deyən AİB sədri əlavə edib ki, bazarda 20 qəpikdən başlayaraq daha baha qiymətə dondurmalar var: “Biz demirik ki, baha dondurma yaxşı, keyfiyyətli dondurmadır. Lakin qiymət də dondurma haqqında müəyyən fikir söyləməyə əsas verir. Öncə qeyd etdiyim kimi, kərə yağı əvəzinə ucuz quru süddən, marqarindən, piydən hazırlanmış dondurmalar öncə cəlbedici görünsə də, yedikdə boğazda acılıq verir”.

Onun sözlərinə görə, yerli dondurmalar ekoloji cəhətdən xaricdən gətirilənlərdən üstündür: “Xaricdən gətirilən dondurmalar gec xarab olur. Ona görə ki, onlar kimyalaşmış dondurmalardır. Xarab olmasın deyə tərkibinə müxtəlif kimyəvi maddələr qatıblar”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, dondurmalar dövlət standartının tələbinə cavab verməlidir. Standartlara uyğun olaraq, saxlanma müddətinin artırılmasını şərtləndirən konservantlar, emulqatorlar, eləcə də digər əlavələr və qatqılar tətbiq edilmədən istehsal olunan qaymaqlı, eləcə də meyvəli-giləmeyvəli və aromatik dondurmalar – 1,5 ay, südlü dondurmalar – 1 ay, plombir dondurmalar 2 ay müddətində mənfi 180 dərəcədən yüksək olmayan temperaturda saxlanılmalıdır.

Məhsulların istehsalında beynəlxalq təcrübəyə əsaslanan müasir texnologiyalardan istifadə edildikdə, eləcə də məhsulun saxlama müddətinin artırılmasına zəmanət verən Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilmiş konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edildikdə südlü, qaymaqlı və plombir dondurmaları mənfi 18 dərəcədən yüksək olmayan tempraturda ən çoxu 10 ay saxlanıla bilər.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev də dondurma məhsullarının təhlükəsizlik göstəricilərinə diqqət yetirməyi vacib bilir. Dediyinə görə, üzərində istehsal edildiyi müəssisə və yararlılıq müddəti haqqında məlumatların olmadığı dondurmaları almaq məsləhət deyil. “Dondurma alarkən onun qablaşdırıldığı qaba və formasına da diqqət yetirmək vacib şərtdir. Əriyib yenidən dondurulmuş məhsullar keyfiyyətini, əvvəlki dadını itirir”.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məlumatına görə, xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpük əlamətləri olmamalıdır. Belə dondurmaları istifadə etmək məsləhət görülmür. Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir. İstehsal tarixi qeyd olunmayan və saxlanma müddəti ötmüş dondurmaları almaqdan çəkinmək lazımdır. Saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu, yoluxma etimalını artırır.

Satıcı Sərmayə Nəcəfovanın sözlərinə görə, dondurma alarkən daha çox tanınan markalara üstünlük verilməlidir: “Plombir dondurmalar təbii inək südündən hazırlanıbsa, gec əriyir. Bitki yağlarından hazırlanan isə tez əriyəcək. Eləcə də, üstü şokoladlı plombir dondurmaları əldə tutduqda əriməməlidir”.

S.Nəcəfova bildirir ki, uşaqlar üçün dondurma aldıqda xüsusilə diqqətli olmaq lazımdır: “3 yaşından etibarən uşaqlara dondurma almaq olar. Uşağa dondurmanı verməzdən əvvəl böyüklər özləri dondurmanın dadına baxmalıdır. Dondurma təmiz, dadlı, xoşagələn iyli olmalıdır. Uşaqlara qablaşdırılmamış, kağıza bükülməmiş dondruma almaq məsləhət deyil. Yeddi yaşına qədər uşaqlara tərkibində müxtəlif qatqıları, əlavələri, rəngləyici maddələri olan dondurmaları almaq tövsiyə olunmur”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir