dondurma

Dondurma öldürə də bilir – yayın vazkeçilməzi haqqında nələri bilməliyik?

Baxış sayı: 932

Havaların istiləşməsi sərinləşdirici qida və içkilərin istifadəsini də atırır. İsti havaların vaz keçilməyən qidalarından biri də dondurmalardır. Qaydasında hazırlanmış dondurma isə həm qidalılıq, həm də ləzzət baxımından əzəvedilməzidir.

 

Bəs dondurma hansı hallarda insan sağlamlığı üçün təhlükəli ola bilər? 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, dondurmanı dilin üzərinə qoyanda təzə qaymaq dadı verməlidir, lakin əksinə də olur: “Əhalinin bizə verdiyi məlumatlardan görürük ki, dondurmanı dilin üstünə qoyanda acı dad verir. Bu o deməkdir ki, standartların əksinə olaraq onun tərkibinə bitki yağları, marqarin vurulur. Dondurmanın kağızı əzikdirsə, belə dondurmanı almaqdan imtina etmək lazımdır. Çünki bu hal məhsulun temperatur təzyiqinə məruz qaldığını, artıq çirklənmiş məhsul olduğunu göstərir. Açıq dondurma alanda daha ehtiyatlı olmaq lazımdır”.

AİB sədri qeyd etdi ki, dondurma süd məhsulu olduğu üçün onun tərkibinə yalnız kərə yağı qarışdırılmalıdır, bitki yağları qarışdırılmasına icazə verlmir: “Dondurma -18 dərəcə temperaturda 6 ay saxlanıla bilər. Lakin məhsul satışa çıxarıldıqdan sonra qısa müddətdə satılmalıdır. Təzədən dondurulmuş məhsul keyfiyyətini itirir. Uzun müddət saxlanmış dondurmalar insan üçün təhlükəli ola bilər. İnsanda mədə-bağırsaq xəstəliyi yarana bilər”.

E.Hüseynov onu da bildirdi ki, birdəfəyə 300-400 qramdan artıq dondurma yemək məsləhət deyil. Onun sözlərinə görə, isti havalarda bir oturuma normadan artıq dondurma yemək bədən temperaturunu aşağı sala, hətta insanın ölümünə səbəb ola bilər.

 

Dondurma yemək nə zaman ziyanlıdır?

Həkim-terapevt Mübariz Bilalov isə bildirdi ki, mədəsində soyuqlama, boğazında, qaraciyərində narahatlıq olanlar dondurma yedikdə problem yarana bilər: “Sağlam insanlar normasında dondurma qəbul etdikdə heç bir zərəri yoxdur. Süd məhsulu olduğu üçün digər qidalarla qəbulu da problem yaratmır. Diabetli xəstələrin şokoladlı dondurma qəbul etməsi məsləhət deyil. Bütün növ qidalarda olduğu kimi, dondurmanın da artıq qəbulu ziyandır. Ona görə  normasında qəbul edilsə, yaxşıdır”.

 

Dondurma alarkən nəyə diqqət etməli?

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, dondurma yüksək qidalılıq dəyərinə malik, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Məlumatda göstərilir ki, saxlanma temperaturunun sabitliyi dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdən biridir: “İstehsalında əsasən süd, şəkər, yumurta, kərə yağı, dad və ətirverici maddələr, sabitləşdiricilər və s. istifadə olunur. Kənar təsirlərə – istiyə, soyuğa, qoxuya daha tez məruz qaldığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır. Məhsulda kəsmiyəbənzər, qumabənzər köpüklü əlamətlər olmamalıdır. Dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Dondurmanın üzərinə birbaşa günəş şüaları düşməməlidir. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır”.

Qeyd olunub ki, dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanmalıdır: “Eyni zamanda məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd edilməlidir. Keyfiyyətli dondurmanın tərkibində indriqiyentlər mümkün qədər az və 40 faiz süd olmalıdır.

Dondurmaların saxlanma şəraitinə də mütləq əməl edilməlidir. Belə ki, dondurmanı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz. Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır. Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır.  Növündən asılı olaraq topdan satış məntəqələrində xüsusi soyuducu kameralarda -18°C-də saxlanılmalıdır”.

 

Agentliyə şikayət daxil olmayıb

Agentlikdən o da bildirildi ki, quruma ötən ildən qalan dondurmaların satışa çıxarılması ilə bağlı heç bir şikayət daxil olmayıb: “Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Bütün qida məhsulları kimi dondurmalar da risk əsaslı nəzarətə cəlb edilir. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Müayinələr nəticəsində təhlükəsizlik göstəriciləri uyğun olduqda dondurmalar yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edilir.

Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bakı şəhəri də daxil olmaqla, Respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.

Əgər vətəndaşların dondurmalar ilə bağlı hər hansı narahatlığı olarsa bu barədə konkret faktlarla Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir