qidalar

Dondurulmuş qidalar zərərlidir?

Baxış sayı: 1. 479

Son illər dondurulmuş və konservləşdirilmiş tərəvəz, meyvə və digər qidaların istehsalı daha da artır. Təbii ki, əksər ailələr dondurulomuş qidaların zərərli olduğunu əsaəs gətirərək belə qidaları almağa ehtiyat edir.

Meyvə-tərəvəzlər insan inkişafı və xəstəlik risklərinin azaldılmasında əhəmiyyətli qidalardır. Tərkibi folik turşu, A vitamin, beta-karoten, E, C, B2 vitamini, kalsium, kalium, dəmir, maqnezium və digər antioksidant xüsusiyyətə malik birləşmələrlə zəngin olan tərəvəz və meyvələr bədəndən zərərli maddələrin atılmasında köməkçi qidalardır. Mütəxəssislər məsləhət görür ki, sağlam bədənə sahib olmaq və xəstəliklərdən uzaq olmaq üçün gün ərzində çoxlu miqdarda meyvə-tərəvəz yemək lazımdır. Qida mühəndisi, dietoloq Firidun Məmmədovun sözlərinə görə, qışda bəzi meyvə və tərəvəzlər olmadığından həmin məhsulları donduraraq istifadə etmək lazımdır. “Dondurma əməliyyatı, çiy qidaların qida elementlərinin qorunmasında ən təsirli üsullardan biridir. Məhsullar dondurularkən qoruyucu qatqı maddəsi istifadə edilmir və qidanın dəyərində, keyfiyyətində və ya dadında heç bir azalma olmur. Bu səbəbdən də qışda dondurulmuş məhsullardan istifadə edilir”.

Dondurulmuş məhsul alarkən diqqət yetirmək lazımdır ki, aldığınız məhsul buzlu olmasın. Alınan məhsul tez bir zamanda soyuducuya yerləşdirilməlidir. Dondurulmuş qidaların saxlama müddəti soyuducunun buzxanasının istilik dərəcəsinə bağlı olaraq dəyişir.

Həmsöhbətimizə görə, əgər marketlərdə satılan dondurulmuş məhsullardan istifadə etmək istəməyən qidaları özü də dondura bilər: “Qidaları yuyub-təmizlədikdən sonra bir bişirimlik miqdarda soyuducu torbalarına yığıb dondurmaq olar. Soyuducunun buzxanasını heç bir zaman çox doldurmayın”.

Donmuş qidalardan istifadə edərkən onların donunun açılması prosesinə diqqət yetirmək lazımdır. Çünki donmuş qidaların donunu açma prosesi düzgün aparılmadığı təqdirdə fiziki, kimyəvi və mikrobioloji baxımdan mənfi vəziyyətlər meydana gələ bilər ki, bu da ağır zəhərlənmələrə səbəb olur. F.Məmmədov deyir ki, dondurulmuş qidaların donu açıldıqdan sonra yalnız bir dəfə istifadə edilməlidir. Yəni əgər məhsuldan artıq qalarsa, onu saxlayıb yenidən istifadə etmək və ya yenidən dondurmaq olmaz. Əks halda qidanın tərkibində mikroorqanizmlər törəyəcək və sonrakı istifadə zamanı qida zəhərlənməsi baş verəcək. “Qidanın donunun açılma prosesi otaq istiliyində, su içində, qızdırıcı üzərində və ya altında, az istilik verilmiş qaz üzərində və ya günəşli yerlərdə saxlanılaraq edilməməlidir. Qidaların donunu açmaq üçün onu ya soyuducunun digər rəflərinə qoymaq və ya da mikrodalğalı sobada açmaq lazımdır”.

Müsahibimiz bildirir ki, dondurulmuş qidaların sağlamlığa zərər verməməsi üçün əsas dondurulma prosesi deyil, onların təmiz və hansı şəraitdə dondulmasıdır. Yaxşı yuyulmamış, təmizlənməmiş, keyfiyyəti aşağı olan, çürük məhsullar təbii ki, dondurulsa da, insanı zəhərləyə bilər. Təzə, təmiz məhsulların dondurulması və bu məhsullardan istifadə orqanizm üçün zərərli deyil. Əksinə qış aylarında immuniteti zəif olan insanların qidalanması üçün xeyirlidir.

Sənaye üsulu ilə dondurma zamanı qidalar -40 C dərəcədə dondurulub istehlaka qədər olan müddətdə -18 C dərəcədə saxlanılır.

Dondurulmuş qidalar, keyfiyyətin qorunması məqsədi ilə dondurulmadan sonra qablaşdırılaraq fabrik anbarında mühafizə edilir. Fabriklərin anbar istiliyi Beynəlxalq Soyuq Texnikası İnstitutunun təklifinə görə -30 C dərəcə, saxlama müddəti isə 150 gün olmalıdır. Məhsullar mağazalara paylanılarkən daşıyan maşınların soyuducuarını istiliyi mütləq -18 C dərəcə olmalıdır.

Dondurulmuş qidalardan 1998-ci ildən etibarən dünyanın bir çox ölkələrində istifadə edilir. ABŞ-da hər il adambaşına 45 kq, İngiltərədə 34, Fransada 29, Almaniyada 25, İtaliyada 8, İsveçdə 41,3, Türkiyədə 0,5 kq dondurulmuş qida istifadə edilir. Azərbaycanda isə dondurulmuş qidalara təlabat o qədər də yüksək deyil. Marketlərin birində satıcı işləyən Arzu deyir ki, alıcılar daha çox təbii məhsullara üstünlük verirlər. Çox az halda olur ki, dondurulmuş qida alan olsun. “Dondurulmuş qidaları tez hazırlamaq üçün çox vaxt tələbələr, tək yaşayan insanlar və iş qadınları alırlar. Hazırda mağazamızda dondurulmuş düşbərə, gürcü xəngəli, balıq və ət məhsulları, hazır təmiz və doğranmış meyvə və tərəvəz satılır. Alıcılar ən çox dondurulmuş xəmir məmulatlarına üstünlük verirlər”.

Satıcının sözlərinə görə, dondurulmuş tərəvəz və meyvələri daha çox əcnəbilər alır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir