donuz qripi

“Donuz qripi” necə yayılır, necə öldürür?

Baxış sayı: 1. 349

Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”)  ölənlərin sayı artmaqda davam edir. Belə ki, son məlumatlara görə, Gürcüstanda bu virusdan ölənlərin sayı 14 nəfərə yüksəlib. 

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, ölkədə qriplə bağlı vəziyyət nəzarət altındadır: “Hazırkı mərhələdə təlaş üçün əsas yoxdur. Vəziyyət tam olaraq nəzarət altındadır”.

Hazırda Gürcüstanda hər 100 min sakinə 256 qripə yoluxmuş şəxs düşür. Ötən həftə ilə müqayisədə virusa yoluxma hallarında 21 azalma qeydə alınıb.

Eyni zamanda məlumatlara görə, dünyada hazırda 130-a yaxın insan  bu virus səbəbindən xəstəxanalarda müalicə alır.

Məlum olduğu kimi, Gürcüstan Azərbaycanın sərhəd qonşusudur. Gürcüstanda xeyli sayda azərbaycanlılar da yaşadığı üçün həmvətənlərimiz  bu ölkəyə həm turist kimi, həm də qonaq kimi tez-tez gedirlər.

Hələ ki  ölkəmizdə  “donuz qripi”nə yoluxma halları qeydə alınmasa da mütəxəssislər bildirirlər ki, bu virusa  yoluxma riski yüksəkdir.

 Həkim Hüseyn Mehdiyev bildirir ki, havaların isti keçdiyi hazırkı günlərdə ölkədə  müxtəlif virusların yayılması üçün şərait var:

“Qriplər müxtəlifdir və bunlardan son dövrdə aktual olanı ”donuz qripi” hesab edilir. Qonşu Gürcüstanda bu qripin yayıldığını nəzərə alarsaq, virusun Azərbaycana da keçmə təhlükəsi yüksəkdir. Nəzərə alsaq ki, yaşayış yeri Gürcüstanda, iş yeri isə Azərbaycan olan çoxlu sayda insan var, o zaman təhlükənin miqyası daha da genişdir. “Donuz qripi”nin digərlərindən elə də böyük fərqi yoxdur. Əsas fərq odur ki, bu virusa yoluxanlarda qızdırma daha yüksək olur. Adi qriplərdə olduğu kimi eyni klinik əlamətlərə, gedişə malikdir. “Donuz qripi”  bir zamanlar geniş yayılan “quş qripi”ndən zəifdir. Ancaq buna baxmayaraq, yüksək qızdırma  ilə qrip gələn zaman bunun adını adi soyuqlama qoyub, qızdırma salan dərmanlardan istifadə etmək olmaz. Çünki virusa yoluxma varsa, bu üsulla insan özü-özünü aldadır və qrip daha da dərinləşir. “Donuz qripi”nin fərqli cəhətlərindən biri də odur ki, dərhal ağciyərlərə fəsad verir. Orqanizmin müqaviməti ciddi səviyyədə aşağı düşür və insan pnevmoniya olur. Son dövrlərdə səhiyyənin hansı səviyyədə inkişaf etməsindən asılı olmayaraq, bu mərhələdə bəzən insanı həyatda saxlamaq olmur.  Ona görə də həddindən artıq ehtiyatlı olmaq lazımdır. İlk növbədə məsələyə dövlət nəzarət etməlidir. Sərhəd-buraxılış məntəqəsində həkim nəzarəti yüksəldilməlidir. Nəzərə alaq ki, Azərbaycanda qış fəsli də özünəxas formada keçmir. Bu da virusların artmasına səbəb ola bilər. Ona görə də sərhəddə temperaturlu xəstələr müayinədən keçirilməlidir”.

donuz qripi ile ilgili görsel sonucu

Mehdiyev deyir ki, “donuz qripi”nə donuzlar da daha çox yoluxurlar: “Qriplərin adları da elə buradan götürülüb ki, həmin virusa donuzlar, ”quş qripi”nə quşlar yoluxurlar. İndiki dövrdə donuz ətindən istifadə edənlər də son dərəcə diqqətli olmalıdır. Söhbət təkcə bu əti yeməkdən getmir. Ola bilər ki, kiminsə barmağında xırda açıq yara olar və o, viruslu donuz ətinə toxunar, bu zaman da qripə yoluxa bilər. Yəni virusun qanla keçməsi halı da mümkündür. Onu da deyim ki, bu viruslar əsasən soyuq havalarda yaşayırlar. İstiyə davamları yoxdur. Ümumilikdə “donuz qripi” olmayan, ağır keçirilən qriplər də var. Əgər kimsə ağır qrip keçirirsə, dərhal həkimə müraciət etməlidir. Həmin adamın qanından analiz götürülüb, müayinə olunmalıdır. “Qripdir” deyib, üzərindən keçmək olmaz. “Donuz qripi”nə yoluxan insanda ilk gündən temperatur olur, başağrı, zəiflik, halsızlıq müşahidə edilir. Xəstəliyin ikinci, üçüncü günündən zökəm əlamətləri olur. Burun tutulur, gözdən su axır. Bu xəstəliyə tutulan şəxs 7 gün ərzində yoluxdurucudur. 7 gündən sonra infeksiyanın yayılma riski azalır, amma azyaşlı uşaqlarda virus həmişə aktiv olur, xəstəlik uzun müddət yoluxdurucu qala bilir. Ona görə də müvafiq qurumlar məsələ ilə bağlı hərəkətə keçib, lazımi addımları atmalıdırlar ki, Gürcüstanda yayılan qrip Azərbaycana da keçməsin”.

donuz qripi ile ilgili görsel sonucu

Müvafiq qurumların yaydıqları məlumatlara görə, ölkədə “donuz qripi”nin yayılmasının qarşısını almaq məqsədilə lazımi tədbirlər görülməkdədir. Belə ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, sərhəd gömrük-buraxılış məntəqələrində öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı, əzələ və oynaq ağrıları və s. simtomplarla özünü büruzə verən, xəstəliyi hava-damcı yolu ilə sağlam insanlara keçirə bilən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər üsullarla tibbi-sanitariya yoxlaması həyata keçirilir.

Səhiyyə Nazirliyindən də “Yeni Müsavat”a bildirilib ki,  Respublika Sanitariya-Karantin Müfəttişliyi tərəfindən sərhəd-keçid məntəqələrində – vağzallarda, “Azərbaycan Hava Yolları”nda (AZAL) ölkəyə daxil olan fiziki şəxslər üzərində tibbi müayinə aparılır, o cümlədən məsafədən insan bədəninin hərarətini ölçən “Termovizor” aparatı vasitəsilə nəzarət edilir.

 

 

Əli RAİS




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir