nikah

Dövlət rüsumunun qaldırılması ailə münasibətlərində nəyi dəyişəcək?

Baxış sayı: 646

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri dəyişir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır.

Eyni zamanda nikahın pozulmasının qeydə alınması üçün rüsumlar da artırılır. Belə ki, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulmasının qeydə alınmasına görə, eləcə də məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün olan rüsum 15 manatdan 20 manata qaldırılır.

Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub. Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.

nikah muqavilesi

Dövlət rüsumunun qaldırılması ailə münasibətlərində nəyi dəyişəcək?

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, rüsumlara dəyişiklik mövcud problemləri həll etməyəcək:

– Nikah, eləcə də boşanmalarda ən son baxılası məsələ məhz rüsumlarla bağlı olmalıdır. Ailə münasibətlərində, boşanmalarda o qədər ciddi problemlər var ki, bunları rüsum dərəcələrini qaldırmaq və ya aşağı salmaqla həll etmək mümkün deyil. Ailə qurmaq istəyənlər dünənədək 5 manat ödəyirdi, bəlkə bundan sonra 10 manat ödəyəcək. Ciddi şəkildə ailə qurmaq istəyənlər üçün 10 manat böyük məbləğ hesab edilməyə bilər. Amma boşananlar üçün 20 manat böyük məbləğdir. Bəlkə tərəflər heç bir yerdə işləmir və ya qadın boşanmaq istəyir, amma gəliri yoxdur, kimdən pul alıb nikahın pozulmasının qeydiyyata alınması üçün ödəməlidir? Bəzən elə gərgin şərait yaranır ki, cütlüklərin qısa zamanda boşanmalarının təsdiq edilməsi gərəkir. Məsələn, qadının həyatına təhlükə varsa. Həyatına təhlükə yaranmış qadın hardansa mütləq pul tapmalı və ödəmə etməlidir ki, boşanmış olmasını təsdiq edən sənəd əldə etsin. Bu, absurd görünür. Bu mənada rüsumların artırılması narahatlıq doğurur. Hər bir qiymət artımının əsaslandırılması vacibdir. Rüsumları qaldırmaqla boşanmaların qarşısının almaq mümkün olmayacaq. Hazırda elə bir vəziyyət yaranıb ki, qeyri-rəsmi nikahlarla rəsmi nikahların sayı bərabərləşib. Deməli, hansısa başqa vasitələr axtarılmalıdır, problemin doğru həlli tapılmalıdır.

Mehriban Zeynalova

M.Zeynalova bildirdi ki, bir çox ölkələrdə boşanmalar çətin, mürəkkəb bir prosesdir:

– Türkiyədə, İngiltərədə boşanmaq üçün müraciət edən cütlüklər mürəkkəb prosedurlardan keçməlidir. Hər şey nəzərə alınır. Uşaqlar varsa, onların gələcəyi, təminatı, qadın işsizdirsə onun təminatı, mülk bölgüsü və sair. Bu prosedurlar keçilməmiş boşanmaya qərar verilmir.  Hər kəsə eyni standartla yanaşmaq da olmaz. Məncə, rüsumlar əmək haqqına görə təyin edilməlidir. Necə ola bilər ki, daimi işi olan adamla, işsiz birisi eyni rüsum ödəsin? Hesab edirəm ki, dövlət rüsumu, ailə məsələlərində baxılacaq ən son məsələ olmalıdır.

 

Məlahət Rzayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir