ish

Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə!

Baxış sayı: 435

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sentyabrın 18-dən 4 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 55 vakant vəzifənin tutulması üçün müsabiqə elan edib.

Komissiyadan verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 48-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 7-si isə birinci instansiya məhkəmə orqanının aparatındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq, müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilmişdir. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:
– dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər
üzrə – 15 test tapşırığı;
– qanunvericilik sahəsində – 40 test tapşırığı;
– informasiya texnologiyaları sahəsində – 15 test tapşırığı;
– məntiqi düşünmə qabiliyyəti sahəsində – 30 test tapşırığı.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı 18 sentyabr 2015-ci il tarixdən 17 oktyabr 2015-ci il tarixdə saat 18:00-dək Komissiyanın rəsmi internet səhifəsində qeydiyyatdan keçərək doldurmalıdırlar. Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə də kağız daşıyıcılarla təqdim edilə bilər.

Müsabiqəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 18 sentyabr 2015-ci il tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında – dqmk.az-da verilib.

Qeyd edək ki, 16 sentyabr tarixdən “ASAN xidmət”ə qəbulla bağlı müsabiqənin test imtahanları keçirilir. Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş 772 namizəddən hazırkı göstəricilərə görə 254 nəfər test imtahanında iştirak edib. Onlardan 43-ü müsabiqədə uğur qazanıb. 189 nəfər test imtahanına gəlməyib. “ASAN xidmət”ə qəbulla bağlı test imtahanları 21 sentyabr 2015-ci il tarixdə başa çatacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir