is

Dünya 4 günlük iş rejiminə keçir, bəs Azərbaycan?

Baxış sayı: 1. 475

Yeni Zelandiyada işçilərin dördgünlük iş rejimi ilə bağlı araşdırma keçirilib. 2018-ci ilin noyabrında Yeni Zelandiyanın “Perpetual Guardian” kampaniyası dünyada dördgünlük iş rejiminə keçən ilk şirkət olub. Bu araşdırmanın nəticələri və onun gətirmiş olduğu bəzi sonucları diqqətə çatdırırıq. Bununla da onlar həftəlik iş saatlarını s 37,5-dən 30-a qədər azaldıblar.

Bu, Oklend Texniki Universitetinin keçirdiyi eksperimentin nəticələri əsasında həyata keçirilib. Dördgünlük iş rejimi ilə bağlı həyata keçirilən ən irihəcmli təcrübə heç də yaradıcılığın miqyasını, məhsuldarlığın həcmini azaltmayıb. Bu, konkret rəqəmlərdə özünü əks etdirib. Nəzərə almaq lazımdır ki, biznes kampaniya öz fəaliyyətini dəyişikliksiz həyata keçirir, bu formada davam edir. Beşgünlük iş rejimində həyata keçirilən işin rejimi dördgünlük rejimdə də davam edib. Bununla paralel, personalın stressinin azalması və məhsuldarlığının artması, əhvalının yüksəlməsi özünü göstərib.

İş və şəxsi iş arasındakı balans bir çox müasir ofis işçiləri arasında ciddi problemə çevrilib. Məsələn, Amerikada məzuniyyət hətta qanunvericilikdə də sərt şəkildə öz əksini tapmayıb. Nəticədə insanlar il uzunu iki iş yerində çalışırlar ki, bu da həftədə 80-90 saat işləmək deməkdir. İnsanlar depressiyadan əziyyət çəkir, həyat isə karyera çərçivəsində günlərini keçirirlər. Yeni Zelandiyadakı eksperiment bu istiqamətdəki ümidləri artırır ki, problemi hansısa formada həll etmək mümkündür.

2018-ci ilin noyabrında “Perpetual Guardian” maliyyə kampaniyası tam məvacibi saxlamaq şərtilə 240 əməkdaşını beşgünlük iş rejimindən dördgünlük iş rejiminə keçirib. Daha öncə həyata keçirilmiş o qədər də böyük olmayan eksperimentin nəticələri bu dəfə də eynən təkrarlanıb. Belə ki, işçilərin iş keyfiyyəti proporsional olaraq artıb. Buna müvafiq olaraq, işçilərdə hər hansı yüklənmə və yaxud iş yükündən yaranan depressiya, gərginlik müşahidə olunmayıb.

Çalışmak ile ilgili görsel sonucu

Personalın stresi 45 faizdən 38 faizə qədər azalır və…

Xatırladaq ki, daha öncə həyata keçirilən araşdırma zamanı personalın stresi 45 faizdən 38 faizə qədər azalmışdı. Bununla paralel, iş balansının harmonik göstəriciləri 54 faizdən 78 faizə qədər artmışdı. Alimlər bir çox sahələr üzrə göstəricilərin də yüksəldiyini müşahidə etmişdilər.

Bu eksperimentdən sonra Perpetual Guardian digər kompaniyalar üçün də məsləhətlər üçün broşüra çıxardı. Bu kompaniyalar da dördgünlük iş rejiminə keçmək üçün eksperimentlər gerçəkləşdirməyi planlaşdırırdılar.

“Bu, elə bir ideyadır ki, onun həyata keçirilməsinin zamanı artıq yetişib”- bunu da “Perpetual Guardian” kampaniyasının baş direktoru Endryu Barns deyib: “Biz daha çox kompaniyanı bu işə cəlb etməliyik ki, ideya geniş yayılsın. Onlar öz kompaniayalarında məhsuldarlığın və faydalılığın artmasından məmnunluq keçirəcək və bundan iş dünyasının daha geniş sferalarda tətbiqinə rast gələcəyik”.

“Perpetual Guardian” kompaniyasının səkkiz günlük bu təcrübəsini dünyanın bir çox iş adamları və siyasətçiləri diqqətlə müşahidə edirdilər. Bu təcrübənin uğuru digər iş adamlarının öz işçilərinə olan münasibətini dəyişməsinə səbəb ola bilər. Belə ki, işçilərini bütün “şirəsini” çıxarmağa həvəsli olan və bu xətti əsas tutan biznes adamları bundan belə onların daha xoşbəxt, məhsuldar olması üçün çalışmağa başlayacaqlar. Biznes bu halda işçinin daha çox işləməsindən yox, onun daha xoşbəxt olmasından qazanır.

 

Hansı iş yerlərində dördgünlük rejimə keçmək olar?

Hazırda elmi araşdırmaların maliyyələşdirilməsi üzrə fəaliyyət göstərən Britaniya firması “Wellcome Trust” də baş ofisin 800 nəfərlik işçi heyətinin dördgünlük rejimə keçməsi üçün hazırlıqlara və məsləhətləşmələrə başlayıb. Bu sosial inqilabın yaradıcısı “Perpetual Guardian” isə 29 ölkədən 350 sorğu alıb. Hər kəs onlardan bu təcrübənin detalları və ideal keçidin sirlərini öyrənməyə çalışır. Ən çox sorğu Böyük Britaniyadan gəlir. Ondan sonrakı sıranı Avstraliya, Amerika və Almaniya tutur.

Böyük Britaniyada dövlət səviyyəsində dördgünlük iş rejiminin detalları, effektivliyi ilə bağlı araşdırma aparılıb. Bu nəticələr ondan xəbər verir ki, bəzi peşələrlə bağlı daim işdə olmaq, iş başında təmsil olunmaq vacibdirsə, bəzilərində iş günlərinin sayını azaltmaqla məhsuldarlığa nail olmaq mümkündür. Məsələn, satıcı, kassir, ofisiant kimi işlər iş saatlarında iş yerlərində olmağı tələb edir. Amma müxtəlif peşələrin sahibləri ofis işində çalışırlarsa, dördgünlük iş sistemi onlar üçün daha effektli ola bilər.

İlk vaxtlar əldə edilən effekt maksimal həddə olur. Bu baxımdan kimsə eyforiyaya düşməyə bilər. Amma daha sonradan pozitiv əlamətlər özünü göstərə bilər: işçilər daha yaxşı yatır, daha çox istirahət edir, işdə insanların diqqət konsentrasiyası artır, dözümlülüyün dozası da yüksəlir. Bunun hesabına məhsuldarlıq da artır. Menecerlər deyirlər ki, işçilər problemlərin həllində daha məhsuldar olublar. Onlar əvvəlki kimi mexaniki şəkildə problemlərin həlli ilə məşğul olmurlar.

Əlavə istirahət günləri işçilərin daha öncə özlərinə, ailələrinə ayırmadıqları bir çox vaxt üçün də imkanlar yaradıb. Məsələn, daha öncə vaxt tapmadıqları üçün valideynləri, uşaqları ilə vaxt keçirməyən, təhsilə vaxt ayırmayan insanlar daha sərbəstdirlər. Belə ki, onlar hətta evin geniş yer-yığışını çərşənbə günü həyata keçirib, digər üç günü tamamən özlərinə həsr edirlər.

Maraqlıdır ki, belə gözlə görünən effektli nəticələr bir təşkilatın tərkibində özünü göstəribsə, daha geniş kompaniyalarda bunun gerçəkləşməsi mümkün olsun. Axı insanlar öz şəxsi həyatlarında dəyişiklik edirlərsə, bu, bütün cəmiyyətin, ətraf mühitin dəyişməsi, daha da gözəlləşməsi deməkdir.

 

Onlar iş günlərini yox, iş saatlarını ixtisar edirlər

ABŞ-da həftəlik 40 saatlıq iş rejiminin əsası Henri Ford tərəfindən qoyulub. 1922-ci ildə o, 48 saatlıq həftəlik iş rejimini qısaltdı və nəticədə gündəlik 8 saatlıq iş rejimi qüvvəyə mindi. O, bununla da işçilərinə daha çox sərbəstlik vermək, onların istehlak məhsulları, eləcə də avtomobillərin satın alması ilə bağlı göstəriciləri yüksəldi. Bu nümunəni daha sonra Virgin-in sahibi və yaradıcısı Riçard Brenson davam etdirdi. Dördgünlük iş həftəsinin tərəfdarları arasında “Google” firmasının yaradıcısı Larri Peyc və amerikalı milyarder Karlos Slim də yer alır.

Çalışmak ile ilgili görsel sonucu

“CNN Money” saytı dünyada ən az həftəlik iş saatlarına malik  olan ölkələri sıralayıb. Məlum olub ki, MDB ölkələri və ABŞ sakinləri həftədə 40 saat işləyir. ABŞ-da iş həftəsinin bu qaydası hələ XX əsrin 40-ci illərində təyin edilmişdi. Lakin hazırda bu qayda dövlət işçiləri üçün keçərlidir. Belə ki, bir çox özəl şirkətlər bu göstəricini 35 saata endirib. Avropa Parlamenti həftədə 48 saat maksimum iş normasını təyin edib. Bəzi ölkələr buraya öz istisnalarını əlavə edib. Məsələn, Finlandiya belə hesab edir ki, onun vətəndaşları 40 saatdan çox yox, məhz 32 saat işləməlidir. Adətən isə avropalılar həftədə 35 saat işləyir.

Hollandiya ən qısa orta statistik iş həftəsinə – 27 saat normasına sadiqdir. Holland müəssisələri 4 günlük iş gününə keçid edir, orta işçinin iş günü isə 7 saat 30 dəqiqə təşkil edir.

İrlandiya və Fransada isə iş həftəsi 35 saatdır. Bu dünyada ən aşağı səviyyəli göstəricilərdən biri olsa da, İrlandiyada əməyin məhsuldarlığı kifayət qədər yüksək səviyyədədir. Fransada cümə günü rəsmi olaraq iş günü hesab edilsə də, bir çox şirkətlər bu günü qısaldır. Cümə günü nahar fasiləsindən sonra kimisə öz iş masasının arxasında görmək çətin məsələ olur. Keçən əsrin 90-cı illərində Fransada 35 saatlıq iş normasının tətbiq edilməsi əhali arasında narazılığa səbəb olmuşdu. Bu yaxınlarda ölkə rəhbərliyi həftəlik iş normasının artırılması məsələsinə qayıtdı və bu da çox sayda etiraz yürüşlərinin baş qaldırmasına gətirib çıxardı.

Danimarka əhalisi gün ərzində 7 saat 21 dəqiqə işləyir. Burada iş həftəsinin davamiyyət müddəti 37,5 saat tə.kil edir ki, bu da Avropada ən aşağı səviyyəli göstəricilərdən biridir. Lakin bununla belə, danimarkalılar saatda təqribən 37,6 avro qazanır.

Almaniyada iş həftəsi 38 saat davam edir. Bundan əlavə, ölkədə mövcud olan təcrübəyə əsasən, hər hansı bir şirkətdə maliyyə problemləri yarandıqda əməkdaşların ixtisar edilməsi əvəzinə iş saatı azaldılır. Norveç sakinləri isə həftədə 39 saat çərçivəsində çalışır. Avropada ən əməksevər ölkələr Böyük Britaniya, Yunanıstan və Portuqaliyadır. Portuqaliyalılar 48, britaniyalılarla yunanlar isə həftədə 43,7 saat işləyirlər.

Asiyada insanlar daha çox zəhmət çəkir. Çində iş günü 10 saat təşkil edir və üstəlik şənbə günü də iş günü hesab edilir. Nəticədə həftədə 60 saat qaydası yaranmış olur. Çinlilərin nahar fasiləsi 20 dəqiqə, məzuniyyətləri isə ildə 10 gündür.

Yaponiyada standart iş müqaviləsində iş həftəsi 40 saat olaraq nəzərdə tutulub. Lakin yaponlar üçün karyera pilləsində irəliləməyin əhəmiyyətinin nə dərəcədə vacib olduğunu bilirik. Bu irəliləyişi isə əksər hallarda insanın iş yerində nə qədər çox zaman keçirməsi təyin edir. Bu səbəbdən də bəzi hallarda iş həftəsi 50 saata bərabər olur.

Tailand və Hindistanda da şənbə iş günü hesab edilir və işçilərin əksəriyyəti həftədə 48 saat çalışır. Dövlət müəssisələri və həmçinin Qərb şirkətlərinin ofislərində 40 saatlıq iş həftəsi qaydasına riayət edilir.

 

Azərbaycan da dördgünlük iş rejiminə keçə bilərmi?

Bu sistemin Azərbaycanda tətbiq olunacağı isə şübhəlidir. Doğrudur, iş gününün azalmasına baxmayaraq faydalı iş əmsalı artar. Tutaq ki, 5 günlük iş zamanı 50 detal istehsal edən usta bunu 4 gündə edə bilir, əvəzində 3 gün istirahət edir. Bunu eksperiment kimi hansısa sahələrdə tətbiq etmək olar. Amma  Azərbaycanda bu təklifin dəstəklənəcəyi gözlənilən deyil. Çünki 4 milyon yarım əmək qabiliyyətli adamdan yalnız 1 milyon yarımının əmək müqaviləsi var. Qalanları qeyri-formal əmək bazarının iştirakçılarıdır. O baxımdan da ölkəmizdə iş gününün azaldılması ilə bağlı təklifin qəbul görəcəyi inandırıcı deyil. Özəl və müqaviləsiz işçilərlə dolu sektorda bu cür iş gününün ixtisarı müsbət heç nə vəd etməyəcək.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir