s

Dünya bu qədər qadın dəyişən siyasətçi görmədi: “Yalanın atası” və məşuqələri

Baxış sayı: 1. 469

Şarl Moris Taleyran dünya diplomatiyası tarixində ən prinsipsiz siyasətçilərdən biri hesab edilir. Avropada onun haqqında ziddiyyətli hekayələr gəzirdi. Taleyranı “yalanın atası” adlandırırdılar. Bu adam intriqa tanrısı, gözəl natiq və dəqiq diplomat olub. Haqqında pis sözlər danışılsa da, heç kim onun iti zəkasını və dərin məntiqini pisləyə bilməz. Uzun həyatı boyu bu avantürist bir çox titullara layiq görülüb.

Balacaboy, çirkin, uşaqlıqda aldığı travmadan axsayan gənc hərbi karyeradan imtina etməli olmuşdu. Sonradan ruhi seminariyaya gedir ki, yepiskop olsun. Lakin bu seminariyanın sərt qanunları 16 yaşlı Şarlın ürəyincə deyildi. Dərslər qurtarıb, axşam düşən kimi Şarl şən və sadə qonşusunun yanına qaçırdı ki, səhərə qədər sevgi dərsləri alsın. Tezliklə gənc anlayır ki, eybəcər olmasına baxmayaraq, qarşı cinsin diqqətini asanlıqla cəlb edə bilir. Beləcə, gələcəyin dahi siyasətçisi həm də təcrübəli “Don Juan” ola bilir. Qadınlara isə verdikləri sevginin qarşılığında gözəl hədiyyələr bağışlayır.

Seminariyanı bitirdikdən sonra Şarl Taleyran Reymsə göndərilir. Həmin vaxt əxlaqsızlıqla xüsusi ad çıxarmış kral sarayı da Reymsdə idi. Qeyri-ciddi saray qadınları bu iti ağlı olan gənclə söhbət etməkdən həzz alırdılar. Üstəlik də keşişlə sevişmək onlara çox maraqlı gəlirdi. Bir dəfə gənc keşişi görən Fransız hersoq Rişelye demişdi: “Bu gənc abbat tezliklə məni də keçəcək. Onun böyük gələcəyi var”. Hersoq yanılmamışdı.

Kral sarayı ilə yaxın əlaqələr quran Şarl tezliklə Parisə köçür. Gənc Parisdə də parıldayır. Onun zəngin məşuqələri olur. Onlardan biri də məhz Adelaida de Flao idi. Madam de Flao çox bahalı sarayda yaşayırdı. Dünyanın ən nadir qiymətli daş-qaşlarını daşıyırdı. Ciddi idi, amma kişiləri necə cəlb etməyi də gözəl bilirdi. Baxmayaraq ki, Adelaida ərdə idi, o, paytaxtda yeni peyda olmuş bu gənclə münasibətini heç gizləmirdi də. Qoca, kar və dişsiz olan qraf de Flao gənc xanımının xəyanətini görməzdən gəlirdi. Həmin vaxt 30 yaşı olmuş Şarl həm ərli qadınla sevgili olmaqdan həzz alır, həm də bu qadından öz işləri üçün istifadə edirdi. Məhz Adelaidanın sayəsində Taleyran Parisin ən böyük adamları ilə tanış ola bilir. 1788-ci ildə isə yepiskop olur.

Şarl artıq məşuqəsindən hər şeyi almışdı. Amma onun yanından da gedə bilmirdi. Adelaida isə gözlənilmədən Taleyrana bir oğlan uşağı doğur. Heç kim şübhə də etmirdi ki, uşağın atası yepiskopdur. Bəlkə də cütlüyün münasibətləri daha bir neçə il davam edə bilərdi. Lakin inqilab yepiskopun planlarını dəyişir. Müasirləri Taleyran haqqında deyirdilər: “Bu adam alçaqdır, acgözdür, intriqantdır, ona ancaq çirk və pul lazımdır. Pula görə Taleyran şərəfini də, dostlarını da, ruhunu da satardı”.

Şarlın isə bu sözlər heç vecinə də deyildi. 1789-cu ildə Taleyran inqilabçıların tərəfini saxlayaraq, parlamentə təklif edir ki, kilsə mülkiyyəti milliləşdirilsin. Bu ideyanı eşidən təkcə keşişlər deyil, Roma papası da dəhşətə gəlir. O, kilsədən uzaqlaşdırılır. Taleyran isə dediyində dayanır. Buna görə də inqilabçılar onu Milli şuranın rəhbəri təyin edirlər.

Amma hadisələr Taleyrana qarşı çıxdı. 1792-ci ildə Şarl Fransadan İngiltərəyə qaçmalı olur. Orada istədiyini tapa bilmədikdə isə Amerikaya gedir. Öz firmasını yaradır və pul qazanmağa başlayır. Dörd il sonra keçmiş yepiskop Parisə qayıdır.

Taleyran əmin idi ki, keçmiş sevgilisi onun yolunu gözləyir. Lakin Adelaida de Flao heç onu görmək istəmirdi. Qrafinya ağır dövr keçirmişdi. Artıq Taleyrana pul verə bilməzdi.

Taleyran heç kefini də pozmur və başqa qadınlara üz tutur. 1797-ci ildə məhz məşuqələrinin sayəsində Taleyran Fransanın xarici işlər naziri olur.

Sonradan isə zəngin aristokrat Katrin Qranla evlənir. Əlbəttə, Katrin nə gözəlliyi nə ağlı, nə də başqa xüsusiyyətləri ilə fərqlənmirdi. Sadəcə çox zəngin cehizi vardı. Taleyrana da elə, pul lazım idi. Katrinin heç vecinə də deyildi ki, əri qadınlarla gəzir. Taleyran keçmiş xarici işlər naziri Delakruanın arvadı ilə də gəzir və oğlu olur. Bəlkə də bu siyasətçinin heç ağlına da gəlməzdi ki, gələcəkdə oğlu dahi Fransız rəssamı olacaq.

Tezliklə Taleyran Katrin Qranı özündən uzaqlaşdırır və azad həyatına geri dönür. Qoca yaşlarında Taleyran İngiltərədə Fransız səfiri vəzifəsindən istefa verir və Valans qalasında yaşamağa başlayır. Tək yox, əlbəttə ki, gənc məşuqəsi hersoqinya Dorotey Dino ilə. Hersoqinya əvvəllər Taleyranın xalası oğlunun arvadı olmuşdu, amma bu heç onun vecinə də deyildi. Taleyran qoca vaxtında onun yanında olmuş gənc sevgilisinə qəsri hədiyyə edir.

Taleyran 17 may 1838-ci ildə Parisdə vəfat edir. Ölümü haqqında eşidən Parislilər isə deyirdilər: “Yox a, Taleyran öldü? Görəsən bundan nə xeyir götürəcək?”

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir