obama

Dünya liderlərinin yemək sirləri

Baxış sayı: 1. 486
Prezidentlərin yemək zövqləri medianın ən çox sevdiyi mövzulardan olub. Daha çox onların keçmiş aşpazlarını danışdırmaq imkanı qazanan jurnalistlər üçün belə yazılar göydəndüşmə olur. Oxucu da maraqla oxuyur. Bəs necə? Sən demə, dünyanın lider ölkəsini idarə edən prezident də sıradan insanlar kimi lobya şorbası sevirmiş… Elə bu ortaq zövqün yaratdığı sevinc nəyə desəz dəyər…
Bu prezidentlər zəhərlənməkdən o qədər qorxur ki…
Söhbəti uzatmadan faktlara keçək. Rusiya prezidenti Vladimir Putinin ən çox nədən qorxduğu və ehtiyat etdiyi açıqlanıb. Belə ki, dünyanın bir sıra müxtəlif liderləri üçün yemək hazırlayan ən yaxşı baş aşpazların elitar Klubu “Club des Chefs des Chefs”in banisi Jil Braqar Rusiya liderinin qorxusu haqda danışıb. Onun sözlərinə görə, Vladimir Putin ən çox zəhərlənmədən ehtiyat edir. Bu səbəbdən də Putinin göstərişi ilə ixtisaslaşdırılmış dequstatorlar- həkim və aşpazlar məcburi qaydada onun yeməklərini yoxlayırlar.
Jil Braqar Rusiya prezidentinin mətbəx sirrlərini Britaniyanın “The Daily Mail” qəzetinə Parisdə iclas zamanı açıqlayıb. “Dequstator xidmətçiləri bu vaxta qədər var, ancaq onlar təkcə Kremldə qalıb: orada həkim aşpaz ilə hər bir yeməyi yoxlayır”,- deyə o qeyd edib.
Xatırladaq ki, zəhərlənmə ilə bağlı şayiələr hələ o vaxt SSRİ rəhbəri İosif Stalinin dövründə də gəzirdi. Diktator da hər bir xörəyini yoxlanılmamış yemirdi.
Image result for Bush Clinton
Lakin yeməkdən zəhərlənmə qorxusunu təkcə Putin yaşamır. Aşpazın sözlərinə görə, Amerikanın iki sabiq prezidenti – oğul Corc Buş və Bill Klinton da Londona səfərləri zamanı Federal Təhqiqatlar Bürosuna bütün yeməklərin yoxlanılmasını tapşırmışdılar. Braqar deyir ki, Birləşmiş Ştatlar liderləri qeyri-Amerika mətbəxinə xüsusi şübhə ilə yanaşırlar. Belə ki, Hillari Klinton həyat yoldaşının prezidentlik müddətində Ağ Evin fransız aşpazının yeməyini bəyənmədiyi üçün onu işindən azad etmişdi. Jil Braqar deyib ki, həmin aşpaz işindən yeməkləri çox yağlı bişirdiyi üçün qovulub.
Dünya prezidentləri aşpazları bir araya gəlib – niyə baş aşpazlar arasında G20 zirvəsi olmasın?
İki ay bundan öncə isə dünya ölkələri prezidentlərinin şəxsi aşpazları Hindistanın paytaxtı Dehlidə keçirilən qurultayda bir araya gəliblər. Qurultay öncəsində Hindistanın baş naziri Narendra Modi özü şəxsən Obamanın baş aşpazı Kristeta Kromfort və Böyük Britaniya şahzadəsi II Yelizavetanın şəxsi aşpazı Mark Flenaqanın da olduğu baş aşpazları salamlayıb.
“Dünya liderləri G-20 sammitlərində onsuz da tez-tez bir araya gəlirlər, görüşürlər. Mən də qərar verdim ki, baş aşpazlar arasında niyə G20 zirvəsi yaratmayaq?!” – Narendra Modi deyib.
Aşpazlar sirri açanda – biri ilbiz və kələm turşusu sevir, o biri yeni dad kəşfini tələb edirmiş
Fransa prezidentlərinin baş aşpazı olan Bernard Vossion Yelisey Sarayında başına gələnlərdən danışıb. 40 ildir fransız prezidentləri yedizdirən aşpaz “Le Parisien” qəzetinə onların yemək menyülərindən danışıb. Vossion verdiyi açıqlamasında keçmiş prezident Fransua Mitteranın dəniz məhsullarını sevdiyini deyib: “Jak Şirak ilbiz və kələm turşusu sevirdi. Bunları da pivəsiz yeməzdi. Nikola Sarkozi isə pendiri menyudan çıxarmışdı, amma şokoladı sevirdi”.
Image result for Olland eat
Baş aşpaz son vaxtlar ölkənin iqtisadi vəziyyəti ilə bağlı tənqid olunan indiki prezident Fransua Ollandın isə xüsusi yemək menyusunun olmadığını deyib: “Heç bir yeməyi ayırmır. Toyuq, dana, göyərti, pendir və s. nə gəldi yeyir”.  Fransua Ollanda Nikola Sarkozidən fərqli olaraq, ənginarı sevmir. Xatırladaq ki, Sarkozinin sevimli yeməkləri makaron və ənginar, qara trüfel idi. Sarkozi yeməklə çaxır içməyi xoşlayırdı. O, şimali koreyalı həmkarından fərqli olaraq pendiri heç sevmir. Hakimiyyəti dönəmində Sarkozi Yelisey Sarayının yaxınlığında yerləşən Le Bristol adlı restoranda yemək yeyirdi. Həmin vaxt onun sevimli yeməyinin qiyməti 82 avro idi. Amma Sarkozi Kim Çen İndən fərqli olaraq, pendirə nifrət edir.
Ən fərqli yemək zövqü olan Fransanın keçmiş prezidenti  Fransua Mitterandır. O, delikatesə üstünlük verib, mətbəxində yeni dadların kəşfini tələb edirmiş.
 
Putinin kaprizləri, Merkelin evdar qadın ədaları
 
Image result for Putin
Rusiya prezidenti Vladimir Putinin yemək zövqü barədə məlumat bir qədər azdır. Bir dəfə özü müsahibəsində bildirmişdi ki, yemək məsələsində ciddi kaprizləri yoxdur. “Əgər ət və balıq arasında seçim varsa, balığa üstünlük verirəm. Ətlərdən isə qoyun ətini seçirəm. Şirniyyata qarşı ümumiyyətlə, laqeydəm, təbii ki, dondurmanı nəzərə almasaq. Nə vaxtsa harasa səfər edirəmsə, böyük məmnuniyyətlə yerli mətbəxin dadına baxıram. Çoxdan bəri yaşıl çaya öyrəşmişəm”. Bunu da özü müsahibəsində deyib.
2012-ci ildə Putin NTV jurnalistləri ilə səhər yeməyi yeyəndə məlum olmuşdu ki, Rusiya prezidenti səhərlər kəsmiklə bal yeyir, bildirçin yumurtası içir. Bundan başqa, Putin xüsusi reseptlə hazırlanmış kokteyl içir.
2010-cu ildə Kremlin baş aşpazı Anatoli Qalkin Putinin içkilərdən şərab və pivəyə üstünlük verdiyini deyib. Bundan başqa, Qalkin rəsmi tədbirlərdə təqdim edilən kokteylin reseptini də açıqlayıb. Onun tərkibində buz, limon  suyu, sirop və 50 qram şampan olub. Aşpazın sözlərinə görə, belə içki “istini inanılmaz dərəcədə azaldır”.
Image result for merkel
Almaniya kansleri Angela Merkeldən danışanda isə yemək xüsusi olaraq dəyər qazanır. Çünki o, yemək zövqü barədə danışmağı çox sevir. Bundan başqa, boş vaxtlarında özü də yemək bişirir. Onun ən yaxşı bacardığı yeməklər arasında kartof şorbası, balıq yeməkləri və şnisel (kotletə oxşar xörək) yer alır. Milad bayramında isə kartof salatı hazırlayıb, qaz qızardır.
Kanslerin sevimli məhsulları siyahısında kələmli donuz kolbasası da var. Merkelin şəxsi aşpazının sözlərinə görə, o, pendiri çox sevir və siyasətçilərin çoxu kimi çaxır içir.
Ağ evdə 7, kremldə 20 aşpaz çalışır…
Ağ Evin mətbəxində şef aşpaza 7 nəfər kulinar yardım edir. Müqayisə üçün deyək ki, Kremlin mətbəxində 20 kulinar çalışır. Şef aşpazdan başqa, qalanların hamısı rusdur. Kiçik Corc Buş qurman kimi tanınmasa da, hər zaman bifşteks və Texas-Meksika mətbəxini tərcih edirdi. Obamanın həyat yoldaşı isə sağlam qidalanma prinsipinə önəm verir, Ağ Evin həyətində onun xüsusi bostanı var. Orada təzə tərəvəz və meyvələr yetişdirilib.
 
“Bu, mənim ehtirasımdır”
Dünyaca məşhur aşpaz Kristet Bernand deyib ki, ümumiyyətlə, prezidentlərlə işləmək çox çətindir. Bu, daimi stresdə olmaq və prezidenti bir qayda olaraq təəccübləndirmək öhdəliyi deməkdir: “Məsələn, Nikola Sarkozi hər zaman yeməklərin təqdim olunma formasına önəm verirdi. Masaya birinci nəyi təqdim etməyi özü tapşırırdı”.
Kanadanın baş nazirinin şef aşpazı isə işinin gerçək fanatıdır. Onun adı Timoti Vasilkodur. Əslən ukraynalıdır və təkcə işdə yox, evdə də yemək hazırlamağı sevir: “Bu, mənim ehtirasımdır. Mən evdə də öz sevimli ailəm üçün yemək hazırlayıram və bundan zövq alıram”.
Image result for Medvedev
 
Dmitri Medvedyevin fransız aşpazı Jerom Riqo isə iş xaricində yemək bişirməyi tərcih etmir.
Image result for Cüneyt Asan
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 25 illik aşpazı Cüneyt Asan isə onun yemək seçimində kaprizli olmadığını deyir: “Yemək seçimində heç kaprizi yoxdur. Onsuz da həkim nəzarəti ilə qidalanır. Sağlam olması üçün onun yeməklərinə diqqət edilməlidir. Bütün yeməkləri də həkim nəzarəti altında hazırlanır. Biz də onun yeməklərinə, menyusuna çox diqqət edirik. Amma əsasən, ət yeməyini sevir. Hələ baş nazir olduğu vaxtdan ətlə bağlı menyunu mən hazırlayıram. Ərdoğan bəyin özünün də çox zaman xüsusi sifarişləri olur. Əsasən bizim hazırladığımız sosiskaları çox sevir. Onun sevmədiyi yeməyi bilmirəm, amma ən çox antrikotu və quzu ətini sevir. Bu aralar özünü bir az narahat hiss edirdi. Lakin indi sağlamlığı yerindədir, heç bir problem yoxdur. Amma təbii ki, həkim nəzarəti altında pəhriz saxlayır. Hər şey yeyə bilməz. Ona görə də nə vaxt nə yeməyini həkimlər məsləhət görürlər”.
Sevinc TELMANQIZI



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir