icki

Dünya ölkələri Yeni ili necə keçirirlər? – Braziliyadan Rusiyaya qədər…

Baxış sayı: 1. 336

İlboyu çalışan, işləyən, yaxud təhsil alan, hətta orta məktəbdə oxuyan şagird üçün istər fiziki, istərsə də mənəvi yorğunluğun aradan götürülməsində bayram günləri olduqca böyük rol oynayır. Amma bir məsələ də var ki, bayramı gərək adi istirahət günü kimi yox, əsl bayram kimi qarşılamağı bacarasan…

Həyatımıza daxil olan əsas bayramlardan biri də Yeni il bayramıdır. Bu bayramda biz yeni təqvim ilini təntənə ilə qarşılamağa çalışırıq. Və dünyanın demək olar ki, bütün ölkələrində bu bayram təntənə ilə keçirilir.

Bolqarıstanda Yeni il bayramını ev şəraitində yaxın qohumlarla birgə keçirməyə üstünlük verilir. Yeni təqvim ilinə bir neçə dəqiqə qalmış otağın işığı södürülür və bayramı qeyd edənlərə qaranlıq otaqda 3 dəqiqə öpüşmək imkanı verilir. Bu mərasimdən sonra ev sahibəsi tərəfindən bayram piroqu kəsilir. Piroq hazırlanarkən onun içərisinə xırda pul əskinazı qoyulur. Həmin əskinaz kimin payına düşürsə deməli o adam növbəti ildə varlanacaq. Bayram şənliyində ən çox qazanan isə ailənin ən kiçik üzvü olur. Ənənəyə görə ailənin bütün üzvləri ona bayram hədiyyəsi verməlidirlər.

Ekvador sakinlərinin Yeni il ənənələri də çox maraqlıdır. Əgər kimsə növbəti ildə daha çox səyahət etmək istəyirsə gecə saat 12-də böyük çamadanla yaşadığı binanın ətrafında bir neçə dövrə qaçmalıdır. Növbəti ildə daha çox pul qazanmaq istəyənlər bayram gecəsi sarı rəngdə alt paltarı geyinməlidir. Yeni ildə özünə xoşbəxt bir sevgi arzulayanların isə alt paltarı qırmızı rəngdə olmalıdır.

İtaliyada yeni il şənlikləri köhnə əşyaların atılması ilə başlanır. İtalyanlar bu ənənəni çox sevirlər. Çünki köhnə ildə atılmış əşyalar yeniləri ilə təzələnir. İtalyanlar bayram süfrəsinə qoz, mərci və üzüm qoymağı mütləq sayırlar və bu qida məhsullarını uzunömürlülük, sağlamlıq rəmzi kimi qəbul edirlər. İtaliyada Yeni il ənənələrindən biri bayram münasibətilə yaxın və doğma insanlara su doldurulmuş qabın içərisinə zeytun budağı qoyub hədiyyə etməkdir. Belə qəbul olunub ki, bu hədiyyə insanlara xoşbəxtlik gətirir.

İspaniyada bayram şənlikləri böyük təntənə ilə keçirilir. İspanların ən əsas yeni il ənənəsi on iki üzüm giləsi ilə bağlıdır. Bu ölkənin sakinləri yeni il gecəsi yaşadıqları şəhərin mərkəzinə çıxır, yeni ilə 12 saniyə qalmış niyyət tuturlar, hər saniyə ərzində bir gilə üzüm yeyib tumlarını atırlar. Əsas məsələ saniyə ərzində bu prosesi vaxtında həyata keçirməkdir. Kim bunu bacarırsa növbəti ildə onu uğurlar gözləyir. İspanlar üçün üzüm uğur, bolluq, xoşbəxtlik rəmzi sayılır.

İspanların daha bir bayram ənənəsi isə bayram günündə kilsənin qarşısına yığışıb ötən ildə baş verən hadisələri xatırlamaqdır. Bəzən bu tədbir saatlarla davam edir.

Danimarkada Yeni ili tullanmaqla qarşılayırlar. Belə ki, gecə saat 12-də hamı stulun üstünə çıxır və tullanır. Beləliklə, onlar köhnə ildən təzə ilə tullanırlar. Bu ölkədə daha bir bayram ənənəsi yaxın dostların və qonşuların qapılarına boşqab çırpmaqdır. Kimin qapısının kandarında daha çox qab-qacaq qırıntıları varsa gələn il onun üçün düşərli və uğurlu olur.
Yunanstanda Yeni il bayramını qonaqlarla keçirməyi sevirlər. Ənənəyə görə qonaqlar təşrif buyurduqları ailələrə hədiyyələr gətirirlər. Bu hədiyyələrin arasında daş da olur. Daş nə qədər ağır olarsa həmin ailənin növbəti ildə var-dövləti də həmin ağırlıqda olar. Yunanların ənənəsinə görə bayram ziyafəti başa çatdıqdan sonra ailənin başçısı bir ədəd narı həyətdə yerə çırpır. Narın dənələri nə qədər çox səpələnərsə yeni il də bir o qədər uğurlu olar.

Avstriyada da Yeni il bayramı böyük təntənə və şənliklərlə qeyd olunur. Avstriyalılar öz ənənələrinə görə bayram günündə doğmalarına donuz bağışlayırlar. Ancaq canlı yox, oyuncaq donuz balası. Belə hədiyyə bu ölkədə var-dövlət rəmzi sayılır.
Braziliyada Yeni il şənliklikləri olduqca romantik keçirilir. Bayram günü braziliyalılar okean sahilində qum üzərində şamlar yandırırlar. Qadınlar isə uzun paltarlarda suya girib gül ləçəklərini okeana atırlar. Bayram şənliklərinə karnavallar xüsusi gözəllik qatır.

Argentinada Yeni il ərəfəsində evlərin qapısına gül çələngləri bağlanır. Bu onu göstərir ki, ailə Yeni il bayramına hazırdır. Bu ölkədə ilin son günündə iş yerlərində olan bütün artıq kağızları pəncərələrdən küçələrə atırlar. Yeni il bayramı argentinalılara baha başa gəlir. Ənənəyə görə bu ölkədə işləyən hər bir kəs ailə üzvlərinə və qohumlarına hədiyyələr almalıdırlar.

O cümlədən SSRİ-də də Yeni il bayramı ən sevilən əlamətdar günlərdən biri olub və sovetlər ölkəsi özünəməxsus yeni il ənənələri ilə yadda qalıb.

Yeni ilin rəsmi qarşılanması ənənəsi SSRİ-də 1935-ci ildən qoyulub. 1947-ci ildən isə bu bayram daha təntənəli qeyd olunmağa başlanıb. Belə ki, 1947-ci ildən yanvar ayının 1-i istirahət günü elan edildikdən sonra SSRİ sakinləri bayram gecəsi keçirmək imkanı əldə ediblər. Bu tarixdən bayramın kütləvi və təmtəraqlı keçirilməsinin digər səbəbi isə həmin ərəfədə kart sisteminin birdəfəlik ləğvi olub. Müharibədən çıxmış ölkədə kart sisteminin ləğvi, piştaxtalarda ərzaq məhsullarının peyda olması bayram keçirmək marağını bir az da artırıb.

Daha sonralar zaman-zaman Yeni il bayramı sovetlər birliyində ən çox sevilən bayrama çevrilib.

İlk dəfə televiziya vasitəsilə Yeni il münasibətilə xalqa təbrik və müraciət ənənəsi 1970-ci ilin sonuncu günü Leonid İliç Brejnev tərəfindən qoyulub.

Sovet dövründə Yeni il bayramı ənənlərindən yadda qalanlardan biri ölkənin birinci kanalının Ostankinodan hazırladığı “Qoluboy oqonyok” verilişi olub. Xüsusilə bu verilişdə Müslüm Maqomayevin çıxışı azərbaycanlılarda qürur hissi oyadıb.

Daha bir ənənə Yeni il gecəsi Eldar Ryazanovun “Qəribə təsadüf və ya həmişə təmizlikdə” filminin nümayişi idi. Ən maraqlı fakt isə odur ki, bu film 1976-ci ildən başlayaraq hər il göstərilsə də həmişə böyük həvəs və maraqla izlənilib.

Demək olar ki, bütün sovet ailələrində təxminən eyni menyuda ənənəvi bayram süfrələri açılıb. “Paytaxt” və “Şuba” salatı, Şampan şərabı, narıngi, “Assorti” şokoladı, “Buratino” limonadı, “Napoleon” tortu süfrələrin əsas bəzəyinə çevrilib.

Bayrama hazırlıq bayrmdan bir ay əvvəl başlanılıb. Təbii ki, o vaxtlar istədiyin ərzaq məhsulunu bu günkü kimi istənilən vaxt mağazalardan tapmaq mümkün deyildi. Bayramı qara kürü, qızıl balıqla qarşılamaq istəyənlərin işi isə daha çətin olub.
Dövrün yadda qalan bayran ənənələrindən biri uşaqların valideynlərini və müəllimlərini üzərində Yeni il rəmzləri əks olunan açıqcalarla təbrik etmələri idi. Bu adi təbrik böyüklər tərəfindən yüksək qiymətləndirilib.

Sovet dövrü olsa da hər halda həmin dövrdə Yeni il bayramı şən, insanların bir-birlərinə təbriki səmimi, bayram ənənələri isə maraqlı olub.

 

İlham Cəmiloğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir