usaqlar

Dünya ölkələrində məktəblilərin yay tətili müddəti nə qədərdir və ölkəmizdə bu, nə üçün qısaldılır? – ARAŞDIRMA

Baxış sayı: 1. 179

Təhsil Nazirliyi tədris ili ilə bağlı yeni fikrə gəlib. Nazir Ceyhun Bayramovun son açıqlamasından belə qənaətə gəlmək olur. “Tədris ili müddətinin çox və ya az olmasını demək üçün digər inkişaf etmiş ölkələrlə müqayisə etməli idik. Gəldiyimiz nəticə o idi ki, həmin ölkələrdə orta hesabla dərs ili 36-38 həftədir”, – deyə Ceyhun Bayramov mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanda təhsil 32 həftə olan təqdirdə, il ərzində şagirdlər 4-6 həftə daha az oxuyurlar. Ümumilikdə isə bizdə və digər ölkələrdə gözlənti və standartlar eynidir. Beş həftəni orta müddət götürsək, bu 11 il ərzində 55 həftə edir. Bunu da tədris ilinin müddətinə böləndə təxminən 2 akademik il edir.

Nazir qeyd edib ki, dəyişiklik hesabına Təhsil Nazirliyin məntiqi odur ki, tədris ilini 2 həftə uzatmaqla 11 il ərzində əlavə 22 həftə tədris vaxtı qazanırıq. Proqramın bəlli həcmi və ağırlığı var. Bu proqramı əlavə 22 həftəyə böləndə onu daha yaxşı mənimsəmək olur, bir günə düşən tədris yükü azalır: “32 həftəlik dərs ili olan zaman yay tətili 3 ay yarım idi. Tədris ilinin sonu və başlanğıcı arasında uzun müddətin tədris prosesinə mənfi təsiri var. Tədris ili iki həftə uzadıldıqdan sonra kifayət qədər uzun – 3 aylıq yay tətili var”

Dünya ölkələrində məktəblilərin yay tətili müddəti nə qədərdir və ölkəmizdə bu, nə üçün qısaldılır? (ARAŞDIRMA)

C.Bayramov vurğulayıb ki, proqramın 34 həftə üçün nəzərdə tutulması istiqamətində müvafiq tədbirlər görülüb. Yeni yazılan dərsliklər bu müddətə hesablanıb. Müddəti keçməyən kitabların yeniləri ilə əvəz edilməsi üçün də müvafiq metodik göstərişlər hazırlanıb və məktəblərə çatdırılıb: “Tədris ilinin 2 həftə uzadılmasını labüd hesab edirik. Bu müddətin necə istifadə edilməsi ilə bağlı mütəmadi monitorinq keçirilir”.

 

Təhsil üzrə ekspert Elşən Qafarov mövzu barədə açıqlama verərkən təhsil ilinin müddətinin 2 həftə artırılması ilə heç nəyə nail ola bilməyəcəyimizi bildirdi. Ekspert həmçinin söyləyir ki, bu gün ümumtəhsil sistemimizdə olan problemlərə baxsaq, ən sonda təhsil ilinin müddətinin uzadılması məsələsi yer alar. Təbii ki, müddət uzadılmalıdır, 36 həftəyə çatdırılmalıdır, çünki ümumdünya üzrə təhsil ilinin müddəti 36 həftədir. Lakin buna qədər həll olunmalı olan bir çox problem var. Bu gün təhsilimizdə köklü problemlər mövcuddur. Bunlardan ən başlıcası budur ki, təhsilimiz “kölgə təhsili”nin ixtiyarına verilib. Bu gün ümumtəhsildə qazanılan bütün uğurlar kursların və fərdi repititorların hesabına əldə olunur. Bu, kölgə təhsilidir. Burada maraqlı tərəflər var və onlar dərs saatlarını düzgün apararaq təhsilin keyfiyyətini qaldırıb müəyyən nəticələr ortaya qoymaqdansa, özlərinə də maraqlı olan kurslar və repititor yanında əldə olunan bütün uğurlar məktəblərin adına yazılacaq, ad da olacaq ki, Nazirliyin məktəbləri bu uğurları əldə etdi. Acınacaqlı olan isə budur ki, kölgə təhsili yalnız ali məktəbə hazırlıqları əhatə etmir, məktəbə hazırlıqdan, ali təhsil pilləsinə qədər davam edir, ta ki, müəllimlərin işə qəbuluna qədər. Saydıqca bitməyən problemlər sırasında dərsliklərimiz də var. Bütün bu və sair kimi problemlər həll olunmadıqca, təhsilin müddətinin uzadılması əhəmiyyətsizdir. 365 günün hamısını da dərs günü etsək, problemlər aradan qalxmadıqca nəticələr yenə eyni olacaq.

Təhsil ilinin 2 həftəyə qədər artırılması öz növbəsində yay tətilinin də bir o qədər qısalması deməkdir. Bəs görəsən uzun müddətli yay tətilinə uyğunlaşanşagird və müəllimlərə bu, psixoloji olaraq necə təsir edəcək?

Psixoloq və ailə terapevti Zeynəb Eyyubova məsələyə aydınlıq gətirərək bildirdi ki, buna 2 aspektdən yanaşmaq olar. Təbii ki, bütün yayını səmərəli keçirən bir ailə üçün yay tətilinin qısaldılması psixoloji olaraq mənfi təsir edəcək. Çünki istirahət müddətləri azalacaq. Lakin o valideynlər ki, övladını heç yerə apara bilmir, yay tətili boyunca 2-3-4 uşaqla onları necə sakitləşdirəcəyini və evdə rahat auranı necə yaradacağını bilməyən valideynlər üçünsə bu əlverişli bir fürsət olacaq. Dediklərim həmçinin istirahət etmə formasına görə müəllimlərə də aiddir. Bu, insandan insana, ailədən ailəyə dəyişən bir şeydir. Mənim əgər bütün yay boyu istirahət komfortum varsa, təbii ki, yay tətilinin müddətinin qısaldılmasını istəməyəcəm”.

 

Yeri gəlmişkən, məlumat üçün bəzi dünya ölkələrində təhsil ilinin başlanma və sona yetmə tarixlərinə də nəzər salaq:

ABŞ-da hər ştatdan asılı olaraq yeni dərs ili avqustdan sentyabra qədər istənilən tarixdə ola bilər.

Danimarkada isə məktəblər avqust ayında açılır.

Fransada yeni dərs ili sentyabrın əvvəlində başlayır, lakin dərslərin başlanacağı gün məktəblər tərəfindən təyin edilir.

Yaponiyada məktəblər aprelin 6-da açılır. Tədris ilinin yekunu mart ayına təsadüf edir.

Cənubi Sudanda isə məktəblər martın 20-də açılır.

Bolqarıstanda da dərslərin başlama tarixi Azərbaycan ilə eynidir.

Gürcüstanda qəbul olunan təhsil qanununa görə, dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar etrəsi günü başlayır.

Ermənistanda məktəblər 1 sentybarda açılır və mayın sonuna qədər davam edir.

Rusiyada ənənəvi olaraq 1 sentyabr “Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir.

İranda isə dərslər sentyabrda başlayıb iyuna qədər davam edir.

Türkiyədə dərslər sentyabrda başlayıb iyun ayında başa çatır.

Çində “Bilik bayram”ı iyulun 1-də qeyd olunur. Məktəblər bir də sentyabr ayının əvvəllərində bağlanır.

Koreyada isə dərslər martda başlayır və dekabra qədər davam edir.

Belçikada dərs ili sentyabrın 1-i başlayır və iyunun 30-na kimi davam edir.

Çilidə isə ibtidai və orta məktəblər, ali təhsil müəssisələri fevralın sonları, yaxud martın əvvəllərində açılır. Yerli şagird və tələbələr təhsillərini dekabrın ortalarına kimi davam etdirirlər.

Kosta-Rikada dərslər fevralın ilk həftəsində başlayır və noyabrın son həftəsinə qədər davam edir.

Çexiyada “Bilik günü” 1 sentyabrda başlayır və 30 iyuna kimi davam edir.

Danimarkanın ibtidai və orta təhsil müəssisələrində dərslər avqustda başlayıb növbəti ilin iyun ayına qədər uzanır.

Estoniyada dərslər 1 sentyabrda başlayır və iyunun sonlarında başa çatır.

Almaniyada hər inzibati bölgədə fərqli vaxtlarda tədris prosesi başlasa da, adətən, bu tarix iyulun sonları ilə sentybarın əvvəllərindən başlayıb iyunun ortalarına və iyula qədər davam edir.

Macarıstanda dərs ili sentyabrın 1-dən iyunun 15-nə qədər davam edir.

Hindistanda ibtidai və orta məktəblərdə dərslər iyun ayından növbəti ilin mart ayına qədər olan dövrü əhatə edir.

İndoneziyada dərs ili iyuldan növbəti ilin iyununa qədər olan 11 ayı əhatə edir.

İsraildə 1 sentyabrda başlayan təhsil prosesi iyunun 20-nə qədər davam edir.

İtaliyada məktəblər sentyabrın ilk 15 günlüyündə başlayır və iyunda başa çatır.

Malayziyada ibtidai və orta məktəblər yanvarın əvvəlində açılır və noyabrın ortasına qədər fəaliyyət göstərir.

Meksikada dərslər avqustun ortalarından növbəti ilin iyulun ortalarına qədər olan dövrü əhatə edir.

Yeni Zellandiyada bu təhsil dövrü 7 fevralda başlayıb 20 dekabra qədər uzanır.

İngiltərə və Uelsdə dərs ili sentyabrın əvvəllərində başlayır və iyunun sonlarına qədər olur.

Amma Böyük Britaniyanın digər subyekti Şotlandiyada dərslər avqusutun ortalarında, yaxud sonlarında başlayıb növbəti il iyunun sonlarına və iyulun əvvəllərinə qədər davam edir. (“Xeberle.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir