yeni il

Dünya ölkələri yeni ili necə qeyd edir?

Baxış sayı: 1. 705
Yeni il  sözün əsl mənasında beynəlxalq bayramdır. Amma müxtəlif ölkələrdə bu bayramı fərqli tərzdə qeyd edirlər. Bəs yeni ili ilk dəfə kimlər qeyd edib?
Təqvim ilinin yanvarın 1-dən hesablanmasının əsası eramızdan əvvəl 46-cı ildə Roma imperatoru Yuli Sezar tərəfindən qoyulmuşdur. Yanvar ayı giriş və çıxışların, qapıların və bütün başlanğıcların tanrısı Roma allahı Yanusun şərəfinə adlandırılıb.
Təxminən 3 yüz il öncə 1700-ci illərdə rus çarı I Pyotr yanvarın 1-də Yeni ilin qeyd edilməsi ilə bağlı qərar verdi. Elə həmin dövrdə də yolkaların bəzədilməsi, atəşfəşanlığın və kostyum karnavallarının təşkili ənənəsi yarandı.
Dünya ölkələrində Yeni il necə qeyd edilir?
İngiltərədə bütün gecə küçə satıcıları uşaqlar üçün oyuncaqlar, tütəklər, maskalar və şarlar satırlar. Uşaqlar yatmazdan əvvəl süfrəyə içinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onun uzunqulağı üçün isə başmağın içərisinə ot qoyurlar. Saatlar gecə yarısını göstərəndə köhnə ilin evdən çıxması üçün ingilislər evin arxa qapısını açırlar. Sonra isə evin ön qapısını açır və yeni ili qarşılayırlar.
Macarıstanda yeni ilin ilk saniyəsində uşaqlar tütək, sümsü və fit çalmağa başlayırlar. Onlar inanırlar ki, bununla şər ruhlar evdən qovulur və evə xoşbəxtlik gəlir.
Almanlar Yeni il gecəsi Santa Klausun uzunqulaqla gəldiyinə inanırlar. Burada da uşaqlar yatmazdan əvvəl süfrəyə içinə Santa Klausun hədiyyə qoyması üçün boşqab, onun uzunqulağı üçün isə başmağın içərisinə ot qoyurlar.
İtaliyada köhnə ilin son dəqiqəsində evdəki sınmış boşqabları, köhnə paltarları və hətta mebelləri atırlar. Uşaqlar isə gecə süpürgə üzərində möcüzəvi Befananın gəlməsini və sobanın borusundan evə daxil olmasını gözləyirlər. Bu sehrli pəri sobanın kənarına asılmış ayaqqabıların içərisinə uşaqlar üçün hədiyyələr qoyur.
Müasir Çində Yeni il fənər bayramıdır. Yeni il gecəsi küçələr və meydanlarda çoxlu sayda kiçik fənərlər yandırılır. Çinlilər inanırlar ki, fənərlərdən çıxan işıq şər qüvvələri uzaqlaşdırır.
Yaponiyada uşaqlar Yeni ili təzə geyimlərdə qarşılayırlar və bunun onlara sağlıq və uğur gətirəcəyinə inanırlar. Yeni il gecəsi onlar yastıqlarının altına arzuladıqları əşyanın şəklini qoyurlar və inanırlar ki, bununla arzuları yerinə yetəcəkdir. Yaponiyada Şaxta babanı “Seqaçu-san”, yəni “cənab Yeni il” adlandırırlar.
Hindistanda Yeni ili il ərzində səkkiz dəfə qarşılayırlar. Qudi Padva adlanan belə günlərin birində nim-nim ağacının yarpağını yemək lazımdır. Onun çox acı və xoşagəlməz dadı var. Amma hindlilər inanırlar ki, bu yarpaq onları xəstəlik və bədbəxtliklərdən hifz edəcək.
Bolqarıstanda yeni ili ənənəvi olaraq evdə qarşılayırlar. Evin ən kiçiyi yolkanın qarşısında dayanaraq ailə üzvləri üçün mahnılar oxuyur. Ailə üzvləri isə ona hədiyyələr verirlər.
ABŞ, Kanada, Böyük Britaniya və Qərbi Avropa ölkələrində Şaxta babanı Santa Klaus adlandırırlar. Santa Klaus ağ xəzli qırmızı gödəkcə və qırmızı şalvar geyinir. Başına da qırmızı papaq qoyur.
İsveçdə Şaxta baba qarmaqvarı burnu olan Yultomten və cırtdanboylu Yulnissardır. Onların hər ikisi bayram günü pəncərələrin altına hədiyyələr qoyurlar.
Fransada iki Şaxta baba var. Onlardan biri Per-Noel, yəni Noel babadır. Zənbillərdə uşaqlara hədiyyə gətirən Noel baba çox xeyirxahdır. Digərinin adı isə Şalanddır. Uzunsaqqal Şaland xəz papaq və isti palto geyinir. Onun səbətində nadinc və tənbəl uşaqlar üçün çubuqlar olur.
Rumıniyada Şaxta babanı Moş Kreçun, Özbəkistanda isə Korbobo adlandırırlar. Korbobo zolaqlı xələt geyinir və qırmızı araqçın taxır. O, içərisində yeni il hədiyyələri ilə dolu kisələr yüklənmiş uzunqulağa minir.
Azərbaycan, Rusiya və digər keçmiş sovet ölkələrində Qriqorian təqvimindən də istifadə edilir, yeni il isə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə daxil olur. Ölkəmizdə yeni il dedikdə bəzənmiş yolka, bütün gecə davam edən şənliklər, bayram sağlıqları və yeni il hədiyyələri, həmçinin Şaxta baba yada düşür. Şaxta baba ağ xəzli qırmızı kürk geyinir. Onun uzun ağ saqqalı və əsası olur. O, Qar qız ilə birlikdə uşaqlara hədiyyələr gətirir.
Yeni ili necə qeyd etməyinizdən asılı olmayaraq çalışın onu şən və unudulmaz təəssüratlarla qarşılayasınız. Qoy, bu bayram sizə parlaq ümidlər bəxş etsin və gələn il bütün arzularınız həyata keçsin.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir