sb

Dünya siyasətçilərinin “yasaq eşq” qalmaqalları

Baxış sayı: 695

Siyasət aləmi üçün qalmaqallar nadir hadisə sayılmır. Cəmiyyətin ən nümunəvi nümayəndələri olaraq görünməyə çalışan siyasət adamlarının adları mətbuat xronikalarından göründüyü kimi, tez-tez seçki saxtakarlığı, maliyyə fırıldaqları, korrupsiya və s. neqativ epizodlarda səslənir.

Bəzən isə ailəcanlı görünərək ənənəvi ailə institutunu qorumağa çağırış edən siyasətçilər öz ehtiraslarını boğa bilməyərək, xanımına xəyanət edə bilirlər. Onların gizli münasibətləri mətbuata məlum olduqdan sonra isə həm şəxsi həyatda, həm də siyasi karyerada eniş baş verir.

Bill Klinton, ABŞ, 1995-1997

Bill Klintonun Ağ Evdə sınaq müddəti keçən gənc xanım Monika Levinski ilə sevgi macərası az qala onun prezident kürsüsünü itirməsinə səbəb olmuşdu. Onlar 1995-ci ilin noyabrından 1997-ci ilin martına qədər müntəzəm şəkildə cinsi münasibətlərdə olublar. Bundan sonra iş yerini Pentaqona dəyişən Levinski Klintonla münasibətlərini kəsir. Lakin prezidentlə sevgi münasibətlərində olması barədə öz rəfiqəsi Linda Tripə danışan Levinski bunun tezliklə böyük qalmaqal yaradacağından xəbərsiz idi. Belə ki, Trip rəfiqəsi ilə telefon danışığını lentə yazmışdı. 1998-ci ilin yanvarında Amerika mətbuatı sensasiyalı məlumatın izinə düşür.

1998-ci il yanvarın 26-da Bill Klinton “Mən miss Levinski ilə seksual münasibətlərdə olmamışam”, – deyərək sevgi münasibətlərini inkar edir. Rəsmi səviyyədə başlanan araşdırma çərçivəsində Monika Levinski məhkəmə qarşısına çıxır. İyulun 28-də Andlılar Məhkəməsi qarşısına çıxan 25 yaşlı Levinski Bill Klintonla oral sekslə məşğul olduğunu etiraf edir. Maraqlıdır ki, Levinski ona məxsus olan və üzərində Bill Klintonun spermasının izləri olan köynəyini də sübut kimi təqdim edir.

O vaxta qədər hər şeyi inkar edən Amerika prezidenti 1998-ci il avqustun 17-də məhkəmə qarşısında “Levinski ilə qəbuledilməz fiziki ünsiyyətdə” olduğunu boynuna alır. Bundan əvvəlki inkar ifadələri ilə ziddiyyət təşkil edən açıqlama prokuror Kennet Starın araşdırma aparmasına səbəb olur. Onun Senata araşdırma ilə bağlı təqdim etdiyi hesabat Nümayəndələr Palatasının Bill Klintona qarşı impiçment proseduruna başlamasına səbəb olur. Amerika prezidenti 4 maddə üzrə – 2 dəfə məhkəməyə yalan ifadə vermə, vəzifə səlahiyyətlərindən sui-istifadəetmə və məhkəmənin araşdırmasına mane olma maddələri ilə ittiham olunurdu.
1998-ci il dekabrın 19-da Nümayəndələr Palatası 2 maddə üzrə – məhkəmənin fəaliyyətinə mane olma və məhkəməyə yalan ifadə vermə maddələri ilə prezidenti tam təqsirli elan edir.

Fevralın 12-də Senat Bill Klintona qarşı irəli sürülən bütün ittihamları rədd edir. Onun xanımı, gələcəkdə ABŞ dövlət katibi və 2008-ci il prezident seçkilərinin əsas 2 namizədindən biri Hillari Klinton həyat yoldaşını dəstəkləyir və bunun ərinə qarşı kampaniya olduğunu iddia edir. İmpiçment proseduru ləğv olunur. Beləliklə, Bill Klinton 1868-ci ildə prezident Endryü Conson və 1974-cü ildə prezident Riçard Niksondan sonra vəzifə başında barəsində impiçmentin başlandığı 3-cü dövlət başçısı kimi tarixə düşür.
Maraqlıdır ki, seks qalmaqalı müddətində Bill Klintonun reytinqi bütün 8 illik prezidentliyi dövründə maksimum həddə – 73%-ə çatdı.

Silvio Bersulkoni, İtaliya, 2011 

Bill Klintondan fərqli olaraq 80 yaşı haqlamış Berluskoni seks qalmaqallarına görə baş nazir postunu itirdi və öz siyasi imicinə ağır zərbə vurdu. İtaliyada xalq arasında “şorgöz qoca” adlandırılan Berluskoni daim zəif cinsə qarşı xüsusi maraq göstərib. Hətta 2009-cu ildə həyat yoldaşı Veronika Lario ərinin xəyanətlərinə dözə bilməyərə,k ondan boşanmışdı. Deyilənə görə, onun Rusiyada dondurma satışı ilə məşğul olan Raisa Skorkina, Mərakeşdə 18 yaşlı Noemi Letisiya, İtaliyada isə sonradan deputat mandatı qazanan Barbara Matera ilə sevgi münasibətləri olub. Özü də İtaliya hökumət başçısı özündən dəfələrlə cavan xanımlarla münasibətlərdə olmağa üstünlük verirmiş. Lakin 2011-ci ilin yanvarında Milan prokurorluğunun Berluskoniyə qarşı başladığı araşdırma ciddi faktları ortaya qoydu. Belə ki, istintaq 75 yaşlı siyasətçinin Milan yaxınlığında yerləşən “Arkore” malikanəsində fahişələrin iştirakı ilə “bunqa-bunqa” adlanan seks orgiyaları təşkil etdiy iddiasını ortaya qoydu.
Onun sevgililəri arasında yetkinlik yaşına çatmamış Mərakeş əsilli rəqqasə Kərimə əl-Maruqun da adı çəkilirdi. İtaliya polisinin məlumatına görə Berluskoni vəzifə səlahiyyətlərindən istifadə edərək “Rubi” ləqəbli Kərimə əl-Maruqu dəfələrlə həbsdən azad etmişdi. Ümumən, onun “bunqa-bunqa” mərasimlərinə 4 milyon dollardan artıq vəsait xərclədiyi güman olunurdu.

Berluskoninin villasından çəkilən fotolar mətbuatda işıqlandıqdan sonra 2011-ci il noyabrın 12-də o, istefa etmək məcburiyyətində qaldı. Bu vaxt onun reytinqi 31%-i keçmirdi. O sona qədər hər şeyi inkar edir və yalnız “gözəl xanımları dinləməyi, onlarla şərab içməyi və mahnı oxumağı xoşladığını” bildirirdi. Həm də vergidən yayınmaqda ittiham olunan Silvio Berluskoni yaşlı olması ilə əlaqədar cinayət məsuliyyətindən azad olunub. O məhkəmə qərarı ilə məhdud fiziki imkanları olan qocalar evində ictimai əsaslarda xidmət etməyə məhkum edilib. Bundan başqa, yaxın 2 il ərzində Berluskoni heç bir dövlət vəzifəsi tuta bilməz.

İtaliya mətbuatının məlumatına görə, 78 yaşlı sabiq baş nazir bu ilin yayında öz 28 yaşlı rəfiqəsi Fransçeska Paskalya ilə ailə həyatı qurmağa hazırlaşır.

Dominik Stross-Kan, Fransa, 2011

2007-2011-ci illərdə Beynəlxalq Valyuta Fondunun prezidenti, 2012-ci il Fransa prezident seçkilərində qələbəyə ən real namizəd Dominik Stross-Kanın üzləşdiyi seks qalmaqalı onun siyasi və biznes karyerasının üzərindən xətt çəkdi. 2011-ci il mayın 14-də Nyu-Yorkda Valyuta Fondunun növbəti iclasında iştirak etdikdən sonra Fransaya geri dönərkən Stross-Kann elə təyyarənin göyərtəsində həbs olundu.

O, iclasda iştirak etdiyi müddətdə qaldığı “Sofitel” mehmanxanasında 32 yaşlı xadimə, qvineyalı qaçqın Naffisatou Diallonu zorlamağa cəhddə ittiham olunurdu. 62 yaşlı Stross-Kann bütün ittihamları rədd edirdi. 1 milyon dollar qarşılığında o, həbsdən ev dustaqlığına buraxıldı və barəsində araşdırma getdiyi müddətdə evi tərk edə bilmədi.

Çalışdığı təşkilatın nüfuzuna zərər verməmək üçün fransalı məmur mayın 19-da könüllü şəkildə Beynəlxalq Valyuta Fondunun sədrliyindən istefa verdi. İyunun 2-də isə Stross-Kan ev dustaqlığından azad edilərək azadlığa buraxıldı. Araşdırma aparan Amerika prokurorluğu müəyyən edib ki, qvineyalı qız Naffisatou Diallo bundan öncə müxtəlif hadisələr zamanı dəfələrlə yalan ifadə verib. O Amerikada siyasi sığınacaq almaq üçün aidiyyətli orqanlara yalan məlumatlar verib, bundan başqa, aztəminatlı vətəndaş kimi sosial orqanlardan daha çox güzəşt əldə etmək üçün əmlak vəziyyəti barədə bəzi detalları gizlədib.

Polis Diallonun həbsdə olan tanışı ilə Stross-Kanın maliyyə durumunu müzakirə etdikləri telefon yazısını da ictimaiyyətə təqdim etdi. Sonda Nyu-York prokurorluğu Strosss-Kanın zorlama cəhdi ilə bağlı hər hansı əsaslı sübutun yoxluğu səbəbindən cinayət işini dayandırdı. Onun qalmaqaldan sonra ilk müsahibəsi Fransa televiziyasında özünəməxsus rekord vurdu və 13 milyon tamaşaçını ekranlara bağladı.

Beynəlxalq Valyuta Fondundakı kürsüsünü və Fransa prezidenti seçilmək şansını itirən fransız məmur həyat yoldaşından da ayrıldı. Bürün proses boyu ərinə mənəvi dəstək olan jurnalist Ann Sinkler 20 illik evlilik həyatına son qoydu. Hadisəni geniş işıqlandıran Fransa mətbuatının məlumatına görə Stross-Kan Naffisat Diallo ilə məhkəmədənkənar qaydada razılığa gəliblər. Bunun üçün Fransalı məmur 6 milyon dollar kompensasiya ödəməli olub.

Nyu-York ştatının sabiq qubernatoru Eliot Spitser

2008-ci il fevralın 13-də Nyu Yorkun “Myflower” mehmanxanasında baş verən hadisə Nyu-York qubernatoru Eliot Spitçerin siyasi karyerasına son qoydu. Həmən gün qubernator 23 yaşlı elit fahişələrdən sayılan Eşli Düpri ilə bir nömrədə aşkar olunudu. Amerika mətbuatının bundan xəbər tutması ilə böyük qalmaqal başlandı. Ayıdın oldu ki, ştatın büdcəsinə məxsus 80 min dollar qubernator tərəfindən müxtəlif fahişələrə xərclənib.

Qalmaqal fonunda martın 12-də Eliot Spitser qubernatorluqdan istefa verdi. O, ailəsindən, seçicilərindən və partiyasından üzr istədi. 2006-cı ildə Demokratlar Partiyası tərəfindən Nyu-York ştatının qubernatoru seçilən yəhudi mənşəli Spitser bu seks qalmaqalı ilə öz siyasi karyerasına son qoydu.

2009-cu ildə sabiq qubernator kimi NBC kanalına müsahibəsi zamanı Spitser siyasi fəaliyyəti dövründə “nadir hallarda və qısa müddətlər üçün” fahişələrin xidmətlərindən yararlandığını və bunun ən böyük səhvi olduğunu etiraf edib.

“Wikileaks” portalının yaradıcısı Culian Assanj

Siyahıdakı digər şəxslərdən fərqli olaraq Culian Assanj heç bir dövlət vəzifəsi tutmayıb. Bununla belə araşdırmaçı jurnalist kimi öz portalında ABŞ diplomatlarının məxfi yazışmalarını və depeşalarının surətini yaymışdı. 2010-cu ilin noyabrında baş qaldıran “Wikileaks” qalmaqalı dünya siyasətində gedən proseslər barədə aydın təəssürat formalaşdırmış oldu. Bununla paralel 2010-cu il avqustun 20-də Culian Assanja qarşı İsveç prokurorluğu tərəfindən zorlama maddəsi ilə cinayət işi açılıb.

İttiham aktında Assanj İsveçdə olarkən yerli sakinlərdən biri ilə zorla cinsi əlaqədə olmaqda günahlandırılıb. Avstraliya əsilli Assanj zorlama ittihamını rədd edib və bütün bu hüquqi təzyiqlərin “Wikileaks” skandalı ilə bağlı olduğunu bildirib. İsveç prokurorluğunun sorğusu ilə 2010-cu il dekabrın 7-də Assanj həbs olunub. Lakin 1 həftə sonra girov qarşılığında həbsdən azad olan Assanj İsveçə ekstradisiya olunmaması üçün İngiltərə Ali Məhkəməsinə müraciət edib.

2012-ci il mayın 30-da Ali Məhkəmə Assanjın apelyasiyasını rədd edib və onun İsveçə ekstradisiya olunması barədə qərar verib. Hüquqi təqiblərdən qurulmaq üçün 2012-ci il iyunun 10-da Assanj Ekvadorun Böyük Britaniyadakı səfirliyinə daxil olub. Səfirlik ərazisi Ekvadorun torpaqları olduğuna görə Assanjı məsuliyyətə cəlb etmək mümkün olmayıb.

Ekvador prezidentinin göstərişi ilə jurnalsitə səfirlik ərazisində siyasi sığınacaq verilib. Arıq 2 ildir ki, Assanj Ekvador səfirliyində yaşayır. Son açıqlamalarından birində o, ömrünün sonuna qədər səfirlikdə yaşamağa razı olduğunu bildirmişdi.

Tanınmış jurnalistin fikrincə, əgər o hüquq-mühafizə orqanlarına təslim olarsa, İsveçdə mühakimə olunacaq, sonra isə ABŞ-a təhvil veriləcək.
Vatslav Klaus

Çexiya tarixinin ən nüfuzlu prezidenti sayılır. 2003-cü ildən 2013-cü ilə qədər 10 il ərzində ölkəyə rəhbərlik edən Klaus digər ölkələrdə daha çox Çili prezidenti ilə görüş zamanı protokol qələmini “oğurlaması” ilə məşhurlaşmışdı. Ölkəsində böyük reytinqə malik prezident 2008-ci ildə seks qalmaqalı ilə də üzləşmişdi.

Qalmaqal Çexiya qəzetlərindən birinin 66 yaşlı Vatslav Klaus və naməlum qadının bahalı Praqa mehmanxanalarından birindən çıxan zaman görüntülənməsi ilə başlamışdı. Sonradan qadının prezident təyyarəsində stüardessa kimi çalışan 25 yaşlı Petra Bednarova olduğu müəyyən edildi. Lakin inkar taktikası seçən əksər siyasətçilərdən fərqli olaraq o zamanlar prezident müdafiə olunmadı. Xalqa jurnalistlər vasitəsilə müraciət edən Vatslav Klaus gənc məşuqəsinin olmasına görə Çexiyas xalqından və 40 ildir evli olduğu həyat yoldaşından üzr istədi. Maraqlıdır ki, qalmaqaldan sonra onun reytinqi növbəti yüksəliş dövrünü yaşadı. Sosial sorğular zamanı çexlər yaşlı prezidentlərinin cinsi aktivliyindən məmnun qaldıqlarını bildirmişdilər.

Klausun həyat yoldaşı da onu əfv etdi. 2013-cü ilin martında Vatslav Klaus öz postunu populyarlığının zirvəsində tərk etdi.

Devid Petreus

Bəzən seks qalmaqalları öz nizam-intizamı və sərtliyi ilə seçilən yüksək rütbəli hərbçilərdən də yan keçmir. Bu mənada Amerikalı general Devid Petreusun hərbi və siyasi karyerasına son qoyan seks qalmaqalını nümunə çəkmək olar. 2007-ci ilin fevralından 2008-ci ilin sentyabrına qədər İraqdakı çoxmillətli koalisiya qüvvələrinə rəhbərlik edən, 2010-2011-ci illərdə Əfqanıstandakı NATO qoşunlarının komandanı olan Deviq Houell Petreus ən məşhur amerikalı generallardan sayılırdı.

O, 2011-ci ilin sentyabrında karyerasında növbəti sıçrayış etdi. Prezident Barak Obama Petreusu dünyanın ən nüfuzlu kəşfiyyat xidməti olan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə irəli sürüldü. Lakin 2012-ci il noyabrın 9-da onun karyerasına son qoyan seks qalmaqalı səbəbi ilə vəzifəsindən istefa verdi. Federal Təhqiqatlar Bürosunun araşdırmaları zamanı MKİ direktorunun nikadankənar münasibətlərdə olması müəyyən olundu.

59 yaşlı Devid Petreus öz şəxsi bioqrafı, 49 yaşlı jurnalist Pola Broudell ilə gizli sevgi münasibətlərində idi. Bundan başqa, keçmiş hərbçi Broudelin kompüterində ABŞ-da yalnız Petreus daxil olmaqla məhdud sayda şəxsin bildiyi məxfi sənədlər aşkar olundu.

Mətbuatın hadisəni işıqlandırması qarşısında Devid Petreus könüllü olaraq vəzifəsindən ayrıldı. O, istefasından sonra yaydığı ilk müraciətdə ailəsindən və dostlarından üzr istədi və bu münasibətlərin bir səhv olduğunu etiraf elədi. Siyasi və hərbi karyerasına birdəfəlik son qoyulan Petreusun şəxsi həyatda bəxti gətirdi. 2 ortaq övladları olan həyat yoldaşı Holli Petreus (Noulton) ərindən ayrılmadı.

Mark Senford

ABŞ-ın Cənubi Karolina ştatının qubernatoru Mark Senfordun həyat yoldaşına xəyanəti isə böyük qalmaqal yaratmaması ilə bağlıdır. 2003-cü ildən ştatın sükanı arxasına keçən Senford nümunəvi ailə başçısı hesab olunurdu. Həyat yoldaşı Cenni Senford və 4 övladı ilə yaşayan qubernator həm də ambisiyalı siyasətçi kimi tanınırdı. Ənənəvi ailə modelini müdafiə edən, aborta və cinsi azlıqlara qarşı çıxışlar edən qubernator buna qədər uzun müddət Konqresə ştatın əsas təmsilçisi olmuşdu. Lakin 2009-cu ilin iyununda Mark Senford onu tanıyan hər kəsi təəccübləndirən açıqlama ilə çıxış edir.

O, etiraf edir ki, 8 il ərzində Mariya Belen Şapur adlı argentinalı qadınla sevgili olub. Senford soyuqqanlı şəkildə əlavə edir ki, məzuniyyətdə olduğu 5 gün ərzində Argentinada sevgilisi ilə vaxt keçirib.

“Mən etdiyim bir səhv idi. Vəssalam”, – deyə siyasətçi rahat bir şəkildə etdiyi səhvi boynuna alır. Qısamüddətli tənqidlər səngiyəndən sonra Senford yenə də öz qubernator səlahiyyətlərini icra edir və 2011-ci ildə səlahiyyət müddətinin bitməsi səbəbi ilə postundan tərk edir. O, xəyanət etirafından sonra ailəsinin bütövlüyün də qoruyub saxlaya bildi.

Ənvər İbrahim

Malayziyanın keçmiş baş naziri, hazırda ölkə müxalifətinin lideri olan Ənvər İbrahim də seks qalmaqallarında adı çəkilən siyasətçilərdən hesab olunur. 1993-cü ildən 1998-ci ilə qədər baş nazir olan İbrahim postunu tərk etdiyi il korrupsiya və homoseksual əlaqələr ittiham ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Homoseksual əlaqənin cinayət epizodu sayıldığı Malayziyada bəzi hüquq müdafiəçiləri bu ittihamların siyasi böhtan adlandırmışdılar. 2004-cü ildə məhkəmə bu ittihamları onun üzərindən götürdü.

Yenidən siyasi fəaliyyətə qayıdan Ənvər İbrahim Malayziya 1957-ci ildə müstəqillik qazandıqdan sonra iqtidarı əldən verməyən “Xalq Cəbhəsi” koalisiyasının əsas siyasi rəqibi hesab olunurdu. 2008-ci ildə növbəti parlament seçkiləri öncəsi o yenidən “homoseksual əlaqələrdə olma” ittihamı ilə məsuliyyətə cəlb olunur. İstintaq onu öz köməkçisi ilə əlaqədə ittiham edirdi.

2012-ci ilin iyununda məhkəmə keçmiş baş nazirə qarşı irəli sürülən ittihamları əsassız hesab edərək onu azad edir. Lakin 2014-cü ildə Malayziya apelyasiya məhkəməsi onu homoseksual münasibətlərdə təqsirkar bilərək 5 il müddətinə azadlıqdan məhrum edir. Dindar ölkə kimi tanınan Malayziyada Ənvər İbrahim hələ də ən populyar siyasətçilərdən hesab olunur.

Cənubi Afrika Respublikasının prezidenti Yakob Zuma

Yakob Zuma 2005-ci ildə öz mərhum dostunun 31 yaşlı qızını zorlamaqda ittiham olunmuşdu. Maraqlıdır ki, dostunun qızı ilə cinsi əlaqədə olduğunu inkar etməyən Zuma onun həm də QİÇS xəstəliyi daşıyıcısı olduğunu da bilirdi. 2006-cı ildə Yohannesburq məhkəməsi zorlama maddəsi ilə ittiham olunan Zumanı “tərəflərin qarşılıqlı istəyi olmasına” istinad edib sərbəst buraxır.

Cənubi afrikalı siyasətçini zorlamada ittiham edən qadın isə 2007-ci ildə Hollandiyada siyasi sığınacaq əldə edib.
Yakob Zuma Cənubi Afrika Respublikasının QİÇS-ə Qarşı Mübarizə Milli Şurasının sədri kimi çıxışlarının birində həmin qadınla əlaqədə olan zaman qoruyucudan istifadə etmədiyini etiraf etmişdi. Əhalisinin 10%-i QİÇS-dən əziyyət çəkən ölkədə bu çıxış etirazlarla qarşılanıb. Lakin bu qalmaqallı hadisə onun siyasi karyerasına nəinki son qoymadı, əksinə karyerasının yüksəlişinə səbəb oldu.

2009-cu ildə Yakob Zuma Cənubi Afrika Respublikası parlamenti tərəfindən ölkə prezidenti seçildi.

Xatırladaq ki, 5-i rəsmi olmaqla prezidentin 8 arvadı var. Zuma ümumən 18 uşaq atasıdır.

Keçmiş İsrail prezidenti Moşe Katsav

2000-ci ildən İsrail prezidenti funksiyalarını icra edən Moşe Katsav 2006-cı ilin iyulunda prezident dəftərxanasının keçmiş əməkdaşı tərəfindən cinsi təcavüzdə günahlandırılıb. Prezident isə öz növbəsində həmin qadını böhtan atmaqda ittiham edib və məhkəməyə verib. İsrail hökumətinin hüquqi məsləhətçisi Meni Mazuzu məsələnin araşdırılmasına başlayıb. Araşdırma zamanı müəyyən olunub ki, Katsav 1998-ci ildə İsrailin turizm naziri olduğu zaman həmin qadını 2 dəfə zorlayıb.

2006-cı ilin sentyabrında İsrail prezidentini zorlamaqda ittiham edən qadınların sayı 8-ə çatıb. Knesset (parlament) məsələ ilə bağlı komissiya təşkil edib. Prezident kimi toxunulmazlığa malik olan Katsava zorlama maddəsinin ləğv olunması qarşılığında “vəzifə səlahiyyətlərini aşma” maddəsi ilə özünü təqsirli bilməyə, prezident postundan istefa verməyə və zərərçəkmişlərə kompensasiya ödəməyə razı salınıb. 2007-ci ilin iyulunda o, istefa verdiyi bildirib. Lakin 2008-ci ildə məhkəmə prosesinin başlanmasına 1 gün qalmış o öz vəkillərini və cəmiyyəti təəccübləndirib.

Məhkəməyə qədərki razılaşmanı pozan Katsav günahsız olduğunu bildirib və bunu məhkəmədə sübut edəcəyinə söz verib. 2009-cu ilin sentyabrında onun yeni məhkəmə prosesi başlayıb. İsrail prokurorluğu Moşe Kaçava qarşı ittihamları bu müddət ərzində daha da sərtləşdirib. 2011-ci ilin martında Moşe Katsava hökm oxunub. O, 7 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, onun həbs müddətinə 2 il şərti cəza və 34 min dollar məbləğində cərimə də əlavə olunub.
Hazırda həbsdə olan sabiq prezident yalnız 2018-ci ilin mayında azadlığa çıxa biləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir