festuval

Dünya xalqlarının maraqlı və rəngarəng bayramları

Baxış sayı: 581

Dünya xalqlarının maraqlı və rəngarəng bayramları haqqında məlumatlara sahib olmaq istəyirsinizmi? Elə isə bu yazıya diqqət yetirin.

 

Meymunlar bayramı: Tailand

Qeyri-adi  adət-ənənələrə malik Tailandın Lopburi əyalətində hər il “Meymun ziyafəti” adlı yığıncaq təşkil edilir.Bu bayram tanrı Rama və onun meymunlar ordusunun şərəfinə edilir. 600-ə qədər meymun Lopburinin yerli əhalisinin təşkil etdiyi qonaqlıqda iştirak edir. Meyvə və tərəvəzdən hazırlanmış süfrədə meymunlar bütün gün ərzində yeyib-içir, əylənirlər. Əhalinin inancına görə, Rama Allahı nə vaxtsa öz rəqibləri ilə döyüşərkən meymunlar ona yardım edib. Burada yaşayan insanların düşüncələrinə görə bu bayram tanrı Ramanı gücləndirərək, düşmənlərini məğlub etməyə kömək olur.

 

Portağal döyüşü: İtaliya

Portağal döyüşü adlı festival  hər il İtaliyanın İvreya şəhərində keçirilir. Bu festival 12-ci əsrdən qeyd olunur və qədim tarixi köklərə malikdir. Festivalda iştirak edən insanlar adətən  9 komandaya  bölünürlər və hər komandanın yeganə vəzifəsi digərini məğlub etməkdir. Portağal festivalında iştirak etmək istəməyən insan qırmızı papaq geyinməlidir, onda həmin insana heç kəs portağal atmaz.

 

Halloween bayramı: Amerika

Hər il oktyabrın 31-də Amerikada ingilis dilində “Halloween” adlanan bayram qeyd olunur. Bu bayramın əsas atributlarından biri balqabaqdır. İnsanlar məhz həmin gün balqabaqların içini oyub, şam qoyurlar. Onlar hazırladıqları bir-birindən əcaib balqabaq fiqurları ilə bayramı qeyd edirlər. Bayramın bir çox simvollarının qədim tarixi var. Bir sıra ölkələrdə qara qüvvələrin rəmzi olan müxtəlif şəkillər – hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet, ifritə şəkilləri çəkilir, butaforlar qoyulur. Marketlərdə bayramın rəmzlərinə bənzəyən oyuncaqlar, uşaqların və gənclərin həmin gün geyinərək şənlənəcəyi nağıl qəhrəmanlarının xüsusi kostyumları, maskalar satılır.

 

“Tomatina” festivalı: İspaniya

Avqustun son həftəsində İspaniyanın Bunyol şəhərində “Tomatina” adlı festival keçirilir. İspanlar bu festivalı keçirərək yayı yola salırlar. Bütün festivallar kimi “ Tomatina” festivalı bayram atəşfəşanlığı, musiqi, bitməyən şən rəqslər və pulsuz qonaqlıq ilə müşayiət olunur. Lakin bütün  dünyada şöhrət qazanan bu festivalın əsas xüsusiyyətlərindən biri odur ki, bayram günü şəhər meydanında pomidor döyüşü keçirilir. Festival üçün 100 ton yetişmiş pomidor hazırlanır. Dünyanın hər tərəfindən insanlar maraqlı festivalın iştirakçısı olmaq üçün Bunyol şəhərinə gəlirlər. Saat 11-də bələdiyyə binasından bir atəş açılır və bu da döyüşün başlaması üçün bir siqnal olur. Bundan sonra şəhər meydanına pomidorla dolu yük maşını gəlir və səbirsiz festival iştirakçıları pomidorları götürərək bir-birlərinə atırlar. Maraqlı və eyni zamanda , çox şən keçən döyüş 1 saat davam edir. Əyləncənin bitməsi üçün su toplarından bir siqnal verilir.

 

Lüt insanlar festivalı: Yaponiya

Bu qəribə və eyni zamanda, çox maraqlı festivalın  tarixi 767-ci ildən başlayır. Hər il fevral ayında üç mindən çox kişi soyunaraq küçələrə çıxır. Qədim inanclara  görə, onlar xeyirxahlıq missiyasını yerinə yetirirlər. Belə ki, insanlar küçələrdə lüt dolaşan könüllülərə yaxınlaşır, barmaqlarını toxunduraraq şəxsi bədbəxtliklərini və uğursuzluqlarını onlara ötürürlər. Şəhər əhalisinin bədbəxtliklərini “canına götürən” bu xeyirxahlar mərasim bitdikdən sonra məbəddə təmizlənirlər.

Lütlər fevral gününün şaxtasına dözmək və bu ağır missiyanın öhdəsindən layiqincə gəlmək üçün istədikləri qədər sake (düyü arağı) içə bilirlər.

 

Venesiya karnavalı: İtaliya

Karnaval böyük ehtimalla Venesiyanın ən məşhur bayramı hesab olunur. Karnaval zamanı şəhərə müxtəlif ölkələrdən  turistlər gəlir. Karnaval çərçivəsində rəqs gecələri, konsertlər, paradlar və digər maraqlı tədbirlər keçirilir. İlk dəfə Venesiya karnavalını 1162-ci ildə keçirməyə başlamışlar. Karnaval qısa müddət ərzində yerli sakinlər və xarici qonaqlar arasında məşhurluq qazandı. Karnavalın əsas tədbirləri Müqəddəs Mark meydanında keçirilir. Karnaval zamanı şəhərin küçələrində maraqlı geyim və maskalarda olan insanlara, eləcə də aktyor, akrobat və müğənnilərə rast gəlmək mümkündür”.

 

Holi bayramı (Rənglər festivalı): Hindistan

Qədim və zəngin mədəniyyəti olan Hindistanda qeyd edilən Holi baharın gəlişinə, təbiətin oyanmasına həsr olunub. Bu  bayram Hindistanın Nyu-Dehli şəhərində keçirilir. Rənglər festivalı yalnız bir əyləncə kimi qəbul olunmur, həmçinin baharın gəlişinə həsr olunmuş bir bayramdır. Hindlilər bu bayramı fevral və mart aylarında qeyd edirlər . Bayram şənlikləri qadın və kişilər arasında şən döyüşlər, yarışlar, tonqal üzərindən tullanmaqla başlayır. Sonra ibadət etdikləri tanrıların heykəllərini yelləncəklərdə yelləyir, onlardan xeyir-bərəkət arzulayırlar. Bu gün hindlilər həyatın yenilməsini qeyd edirlər. Rəvayətlərə görə, “Holi bayramı”, həmçinin əzrail Xolikın ölümüylə bağlıdır. Bayramın maraqlı özəlliklərindən biri də insanların şənlik boyu müxtəlif rəngli bitkilərdən hazırlanmış boyaları bir-birinin üzərinə atması, bir-birilərini rəngarəng bayram yumurtaları kimi “bəzəmə”sidi. Bu boyama əməliyyatı insanlarda məzəli, şən ovqat yaradır, dərman bitkilərindən hazırlanan rəngli tozlar həm də yaz fəslində yayılan infeksion xəstəliklərdən qorunmağa kömək edir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir